Lənkəranda "Dedim ki, sözüm qala" adlı tədbir

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Soruşsalar, AYB-nin regional bölmələri içində ən fəalları hansılardır, mütləq bir neçəsinin içərisində Lənkəran bölməsinin də adı çəkilər. Bölmə daim fəaliyyətdədir, işlək mexanizm qurulubdur, bölgə yazarları daim tədbirlərə qatılır, müzakirələr aparır, dərc edilirlər.

 

Budur, növbəti tədbir:14 mart 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində Bölmə və AMEA Lənkəran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair, tədqiqatçı Mirhaşım Talışlının 100 illik yubileyi münasibətilə "Dedim ki, sözüm qala"  adlı yubiley tədbiri keçirildi.

Tədbirdə bölgə yazarları, bMərkəzin əməkdaşları, LDU-nun professor və müəllim heyəti, ziyalılar, yubilyarın tələbələri, qələm dostları, mədəniyyət xadimləri və Bakıdan gələn qonaqlar iştirak etdilər.

AYB Lənkəran Bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli tədbiri giriş sözü ilə açaraq M.Talışlının ədəbiyyatşünas alim, şair və tədqiqatçı kimi xidmətləri barədə qısa məlumat verdi. "Fövcül Füsahə" ədəbi məclisini yenidən bərpa etməklə Azərbaycan ədəbiyyatına böyük xidmət göstərdiyini bildirdi.

LDU-nun professoru, əməkdar müəllim Yadulla Agazada yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə etdi.

LDU-nun professoru, filologiya elmləri doktoru Kamran Kazımov, LDU- nun dosenti, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Macidova, Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Kərimov, pedaqogika elmləri namizədi Tükəzban Cahangirova, yubilyarın yaxın dostu, əksər kitablarının redaktoru, tanınmış jurnalist, tədqiqatçı, yazıçı Hacı Etibar Əhədov, yubilyarın "Lənkəran" adlı monumental kitabının həmmüəllifi Böyukağa Hüseynbala oğlunun Bakıdan qonaq gəlmiş qızı Sevinc Məmmədova və qardaşı Mahmud Həsənov, ağsaqqal ziyalı Fəxrəddin Canıyev, yubilyarın dostu Cavanşir Həsənzadə, tarixçı tədqiqatçı İldırım Şükürzadə, yubilyarın tələbəsi pedaqoq Mehman Aliyev, şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Səyavuş Süleymanlı, Allahverdi Bayrami, Hacı Allahverən Nəzərov, Ziyafət Yəhya, Xudaverdi Cavad, Əhməd Haqsevər, Sərraf Talıb çıxıs edərək yubilyarla bağlı xatirələrini; alim,şair və tədqiqatçı kimi onun yaradıcılığı və şəxsiyyəti haqqında düşüncələrini bölüşdülər.

Lənkəran şəhərindəki C.Cabbarlı adına musiqi məktəbinin müəllimiləri: Əlirza müəllimin tar və Təranə xanımın kamançada müşayiəti ilə peşəkar muğam ifaçısı İmanverdi Ağayevin yubilyarın qəzəlini muğam üstə ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda Qafar Cəfərlinin yekun sözündən sonra xatirə şəkilləri çəkildi.

Və hamı tədbir məkanından xoş ovqatla ayrıldı.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.