Oğuzda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz rayonunun MKS-nin filallarında və rayon Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 34-cü ildönümü münasibəti ilə kütləvi tədbirlər keçirilib.

Belə tədbirlərdən biri də MKS-nin 6 saylı Bayan kənd kitabxanasında keçirilmişdir. “Əsrə sığmayan faciə” adlı kompozasiyanın hazırlanmasında və keçirilməsində müxtəlif yaş qruplarından olan oxucular iştirak etmişlər.

 

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxanaçı çıxış edərək “26 Fevral – Xocalı faciəsi günüdür” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, faciədə 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, yüzlərlə uşaq valideynlərini itirib.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib və həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən antiterror tədbirləri nəticəsində torpaqlarımız azad edilib və 2023-cü il oktyabrın 15-də Xocalıda Dövlət Bayrağı ucaldılıb.

Hazırda azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı quruculuq işləri aparılır.

Tədbirdə oxucular çıxış edərək müxtəlif informasiyalar çatdırmış, şeirlər səsləndirmiş və mövzu ətrafında sual-cavabda iştirak etmişlər.

 

Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyində isə  Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Yaddaşın rəngləri: Xocalı” adlı sərgi təşkil olunub.

Sərgidə Xocalı faciəsini əks etdirən fotoşəkillər və şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilib. Ziyarətçilərə faciənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.