Veteran müəllimlərlə unudulmaz görüş

 

Ruhiyyə Əliyeva,

SarayqəsəbəsiMikayıl Ələkbərovadına 1 saylı tamorta ümumtəhsilməktəbininibtidaisinifmüəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

A məktəb yolları, məktəb yolları,

Sizi bir an belə unutmadım mən.

Könlüm min həsrətlə titrəyib əsir

Hər dəfə, hər dəfə keçəndə sizdən.

                          Bəxtiyar Vahabzadə

 

Məktəb təkcə dərs keçmək üçün deyil, təkcə zəng səsi, sinif otağı, yazı taxtası mövcud olan yer deyil. Məktəb bir ömrün tarixçəsidir. Burada müəllimin addım səsləri illərin yaddaşına hopur, dediyi hər kəlmə gələcəyin taleyinə yazılır. Müəllim ömrü səssiz fədakarlıqdır, görünməyən zəhmətdir, amma ən parlaq nəticədir. Çünki müəllim sabahı yetişdirir.

Ana Dili Günü münasibətilə Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam orta ümumtəhsil məktəbinin kollektivi ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə yaddaqalan tədbir keçirdi. Bu tədbir sadəcə bir bayram proqramı deyildi. Bu, keçmişlə bu günün görüşü, illərin qovuşması idi.

Məktəbin direktoru Asəf Bayramovun təşəbbüsü ilə təqaüdə çıxmış veteran müəllimlərinin dəvət olunması isə proqramın ən duyğulu anlarını yaratdı. Onlarla görüş yaddaşlarda silinməz iz qoydu. Maraqlı xatirələr danışıldı, illərin toz basmış səhifələri vərəqləndi. Məktəbin ilk direktorlarından tutmuş indiki rəhbərliyə qədər keçilən yol xatırlandı, iş metodları müqayisə olundu. Hər bir xatirə sanki məktəbin divarlarına hopmuş illərin nəfəsi idi.

Veteran Mahirə, Məlahət, İsmayıl, Hökumə, Sveta, Rəna, Xalidə, Lyudmila müəllimlər, uzun illər məktəbin direktoru vəzifəsində çalışmış Ağası Tahirov, məktəbin psixoloqu işləmiş Xatirə, kitabxana müdiri olmuş Zemfira xanımlar məktəbin yeni binası ilə yaxından tanış oldular. Müasir və geniş sinif otaqları, yaradılmış gözəl şərait onları sevindirdi. Onlar belə bir mühitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Bu minnətdarlıq həm də müəllim əməyinə verilən dəyərin etirafı idi.

Tədbir şagirdlərin ifasında maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdi. Ana dilimizin zənginliyi, gözəlliyi şeirlərdə, səhnəciklərdə, musiqidə öz əksini tapdı. Hər misrada müəllim əməyinin izi, hər çıxışda məktəbə sevgi duyulurdu.

Sonda çəkilən xatirə şəkilləri sadəcə bir kadr deyil, bir ömrün, bir məktəb tarixinin maraqlı anları idi. Çünki müəllim ömrü bitmir. O, yetişdirdiyi şagirdlərin uğurunda, xatirələrində yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.