İmişlidə narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici seminar keçirilib

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün İmişli rayonunun Cavadxanlı kənd tam orta məktəbində narkomaniya və erkən nikah hallarının qarşısının alınması, bu problemlərin cəmiyyətə və fərdlərə vurduğu mənfi təsirləri barədə maarifləndirici seminar keçirilib. Seminarda İmişli Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Təhsil sektorunun məsul işçiləri və Cavadxanlı kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

 

Tədbir gənclər arasında sağlam həyat tərzinin təbliği, hüquqi və sosial məsuliyyətin artırılması məqsədilə təşkil olunub.

Çıxışlar zamanı narkotik vasitələrin insan sağlamlığına, ailə institutuna və cəmiyyətin inkişafına vurduğu ciddi zərərdən, erkən nikahın isə təhsilin yarımçıq qalmasına, psixoloji problemlərə və sosial risklərə səbəb olmasından ətraflı bəhs edilib. Qeyd olunub ki, narkomaniya və erkən nikah yalnız fərdi problem deyil, eyni zamanda cəmiyyətin gələcəyinə birbaşa təsir göstərən ciddi sosial təhlükələrdir. Bu baxımdan, profilaktik tədbirlərin gücləndirilməsi, ailə və məktəb mühitində maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.

Seminar çərçivəsində iştirakçıların sualları cavablandırılıb və bu kimi maarifləndirici görüşlərin davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.