Yanvarın 17-də AYB Lənkəran Bölməsinin və Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə ölkənin ilk poliqrafçı alimi,Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin üzvü , yazıçı publisist Şəddat Cəfərovla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalınaAYB Lənkəran Bölməsindən verilən məlumata görə, tədbir muzeydə Şəddat Cəfərovun həyat və yaradıcılığını əks etdirən sərginin açılışı ilə başlanıb. Muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova sərgi barədə iştirakçılara məlumat verib. Yazıçı Etibar Əhədov və ağsaqqal Fəxrəddin Canıyev çıxış edərək Şəddat Cəfərovla bağlı fikirlərini bölüşdülər.
Tədbir AYB Lənkəran Bölməsində davam etdirilib. Bölmə sədri, yazıçı-dramaturq Qafar Cəfərli, şair və yazıçılardan Ağamir Cavad, Səyavuş Süleymanlı, İltifat Əhmədov, Hafiz Mirzə, Qardaşxan Fərzi və qeyriləri 3 gün əvvəl 86 yaşını qeyd edən Şəddat Cəfərovu təbrik ediblər, onunla bağlı arzu və istəklərini bildiriblər.
Sonda Şəddat Cəfərovun qızı Sevinc Jafarova, oğlu İdrak Cəfərov və Şəddat Cəfərov özü çıxıs edib, keçirilən tədbirlərə görə təşkilatçilara və iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə bölgə yazarları, ziyalılar, səbəbkarın ailə üzvləri və yaxın qohumları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


