Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Ötən gün “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Zeynəb xanım Alıhüseynqızının “Ana sevgisi” və "Şəhidlər" adlı yeni nəşr edilmiş iki şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələri və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçirildi.
Tədbiri öz nitqi ilə açan fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov və eləcə də Cəlilabad MKS-nin direktoru Qənimət xanım İsrafilovaya yaratdıqları şəraitə və ədəbi tədbirlərə verdikləri səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, Zeynəb xanım Alıhüseynqızının həyat yolu və yaradıcılığından söz açaraq, onun yenicə nəşr edilmiş son iki kitabı barədə tədbir iştirakçılarına əhatəli məlumat təqdim etdi. İ.İsmayılzadə çıxışının davamında ədəbi mühitin formalaşması və inkişafı üçün hər kəsin öz bacarığı çərçivəsində əlindən gələni əsirgəməməsinə təkid edərək, xüsusilə də bununla bağlı müəyyən təklif və tənqidlərini səsləndirdi...
Ardınca tədbirdə iştirak edən rayon ziyalıları və tanınmış simalarından: “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa Rüstəmov, tanınmış pedaqoq Dadaş Bayramov və tanınmış bədii qiraətçi və pedaqoq Adıgözəl Nuriyev, polis polkovnik leytenant Əflatun Məmmədov, Cəlilabad rayon Əliabad kənd ümumtəhsil məktəbinin müəllimləri Ülvi Şahverdiyev və Şahmar Hümbətov, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı şair Zülfi Vellidağ, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, "Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə Nərimanova, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd, hərbi pedaqoq və şair mayor Elşən Türksoy, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və "Ziyadar" Mükafatı laureatı, şair Sevinc Şirvanlı, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin müəllimi, ədəbiyyatşünas, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Aydan Ələkbərli və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və "Ziyadar" Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu Əyyarqızı öz çıxışlarında Zeynəb Alıhüseynqızının poeziyasından söz açaraq onun poeziya aləmindəki dəsti-xətti və xüsusi istedadından, həyatda malik olduğu əxlaqi və insani keyfiyyətlərindən söz açaraq yenicə nəşr edilmiş şeir kitabları münasibəti ilə onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Ədəbi tədbir iştirakçılarına müəllifin yeni nəşr edilmiş kitabları hədiyyə edildi və tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı. Qeyd etmək lazımdır ki, bu gözəl tədbir Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında çay süfrəsi arxasında davam etdi və iştirakçılar müxtəlif ədəbi və ictimai-mədəni mövzularla bağlı fikir mübadiləsi apardılar. Bundan sonra isə rayonun Üçtəpə kəndinə doğru hərəkət edərək Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, şəhid qardaşı, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair Sakit Üçtəpəliyə baş çəkib, əziz qızının vəfatı ilə bağlı ona və yaxınlarına başsağlığı verdilər və üzləşdiyi itkidə ona mənəvi dəstək oldular...
“Ədəbiyyat və incəsənət”
(13.01.2026)


