Sumqayıtda “Nəsillərin görüşü: partiyanın gələcəyi etibarlı əllərdədir” mövzusunda tədbir keçirilib

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı tərəfindən təşkil olunan tədbirdəUlu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

 

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının otuz üç illik fəaliyyəti müstəqil respublikamızın yeni tarixinin mühüm mərhələlərini əks etdirir. O qeyd edib ki, YAP yalnız siyasi təşkilat deyil, eyni zamanda milli maraqlara söykənən, xalqın etimadını qazanan güclü ideoloji platformadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev  partiyasının yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətlərindən danışıb. O, partiyanın proqram və prinsiplərinə sadiq qalaraq Azərbaycanı demokratik bir ölkəyə çevirdiyini və müstəqilliyimizin möhkəmlənməsi istiqamətində ardıcıl mübarizə apardığını deyib. Vurğulanıb ki, bu gün gənclər yalnız partiyanın üzvləri deyil, eyni zamanda onun gələcəyini müəyyənləşdirən əsas qüvvədir. Gənclərin siyasi biliklərinin artırılması, onların dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsi partiyanın əsas prioritetlərindəndir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında müasir çağırışlar fonunda gənclərin siyasi proseslərdə fəal iştirakının zəruriliyini diqqətə çatdırıb. Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının gənclər siyasəti Prezident İlham Əliyevin ümumi dövlət strategiyası ilə tam uzlaşır və bu siyasət Azərbaycanın uzunmüddətli inkişafına xidmət edir. Gənclərin bilik, bacarıq və təşəbbüskarlığı dövlətin gələcək uğurlarının əsasını təşkil edir.

Sumqayıt Dövlət Universitetinin müəllimi, gənc partiya fəalı Günel Şamilzadə gənclərin Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasını böyük qürur və məsuliyyət kimi dəyərləndirib. O bildirib ki, gənclər Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunu qətiyyətlə dəstəkləyirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, YAP dövlətçilik maraqlarına xidmət edən, xalqla iqtidar arasında möhkəm körpü rolunu oynayan siyasi qüvvədir. Azərbaycanın dinamik inkişafının Sumqayıtda da aydın şəkildə hiss olunduğunu bildirən şəhər rəhbəri Ulu Öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə gördüyü işləri xatırladıb və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, nəsillər arasında ideoloji və siyasi varisliyin qorunması ölkənin sabitliyi və davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir gənclərin dövlətə və partiyaya sədaqəti gələcək uğurların əsas təminatıdır.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir Sumqayıt Musiqi Kollecinin müəllim heyətinin təqdimatında bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.