Seyyid Əzim Şirvaninin 190 illiyi Sumqayıtda qeyd olundu Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində Azərbaycan klassik ədəbiyyatının böyük nümayəndəsi, dahi şair və maarifçi-mütəfəkkir Seyyid Əzim Şirvaninin 190 illik yubileyi təntənə ilə qeyd olunur. Bu silsilə tədbirlər çərçivəsində noyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun birgə təşkilatçılığı ilə şəhərimizdə də yubileyə həsr olunmuş maraqlı tədbir keçirildi.

 

Tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Seyyid Əzim Şirvaninin həyat və yaradıcılıq yolundan geniş şəkildə bəhs etdi. Daha sonra SABAH Yaradıcılıq Studiyası tərəfindən hazırlanan “Ustadi-əzəm” adlı bədii-sənədli film tamaşaçılara təqdim olundu.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-qəzəlxan Elşad Xaqan Davudoğlu çıxışında S.Ə. Şirvaninin ədəbi irsinin milli düşüncə və maarifçilik tariximizdəki əhəmiyyətindən söz açdı. Ardınca tədbirdə iştirak edən tanınmış söz və fikir adamları böyük mütəfəkkirin yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq maraqlı mülahizələrini bölüşdülər.

Toplantıda ustad şairlər Əşrəf Veysəlli və Ofelya Babayeva, filologiya elmləri doktorları Aftandil Ağbaba və Rafiq Yusifoğlu, filoloq Sabir Məmmədov, AYB üzvü, Prezident təqaüdçüsü, şair-qəzəlxan Vüqar Rahi, şair-tədqiqatçı Nəsimi Həsənov, eləcə də Rüstəm Hacıyev, Nicat Nəsri, Xəzər Hikmətoğlu, Əliyar Mərdiyev və digər ədəbiyyat nümayəndələri çıxış edərək Seyyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz rolunu vurğuladılar. Onlar böyük şairin irsindən ilhamlanaraq yazdıqları nəzirə, təxmis və təzminləri səsləndirdilər.

Bədii qiraətçi Vahid Cuğuni, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Sumqayıt Dövlət Dram Teatrının rejissoru Ümid Abbas Nihaninin rəhbərlik etdiyi “Dərviş” qrupunun ifaları, həmçinin Sumqayıt Musiqi Kollecinin müəllim və tələbələrinin musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.

Seyyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş bu görüş bir daha göstərdi ki, onun maarifçi ideyaları, ədəbi irsi və yüksək mənəvi dəyərləri bu gün də Azərbaycan cəmiyyətində yaşamaqda və yeni nəsillərə ilham verməkdə davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.