İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. Featured

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Səbinə Bayramova ədədi fəaliyyətinə 2017-2018-ci illərdə başlayıb. 2021-ci ildə onun ilk psixoloji janrda olan “Yaralı ruhlar” kitabı işıq üzü görüb. Daha sonra qadınlara həsr olunan “Mən qadınam və qorxmuram”, “Mənim qızım” adlı əsərləri nəşr olunub. Ən sonuncu və fərqli üslubda yazılmış uşaq ədəbiyyatı əsəri isə “Jolly Gamza” (Gülüş Kraliçası Qəmzə) adlı karikatura kitabıdır. Yaxın zamanda “Uçmağı Bacaran Ruh” adlı kitabı işıq üzü görəcək.

 

"Yaralı Ruhlar" kitabı, insanların sevgi və dostluq münasibətlərindəki gərginlikləri, fikir ayrılıqlarını və inciklikləri araşdıraraq insanların ruhlarının dərinliklərinə işıq tutur. Yazıçı Səbinə Bayramova, kitabda insanın xarici görüntüsünü (cismini) və daxili dünyasını (ruhunu) müqayisə edərək, insanın iki tərəfdən ibarət olduğunu izah edir. Kitab, sağlam münasibətlər qurmaq üçün psixoloji hekayələrdən ibarətdir və oxuculara öz ruhlarını tapmaqda kömək edir.

Hər bölümdə ruhun fərqli tərəfləri, insanın hissləri, düşüncələri və emosiyaları incələnir. Müəllif, insanın daxilindəki suallara cavab verməyə çalışır və ruhun daxili sükunəti və tarazlığı ilə əlaqədar təhlillər təqdim edir.

“Mənim qızım” kitabının əsas xətti bir ananın qızına duyduğu sevgi və onun həyatına verdiyi dəyərdir. Müəllif, Dənizi yalnız bir övlad olaraq deyil, həm də onun həyatına işıq saçan, dünyasını dəyişdirən xüsusi bir varlıq kimi görür. Hər səhifədə bu sevginin dərinliyini hiss etmək mümkündür. Anası, qızının böyüdüyü illəri, keçirdikləri xatirələri və onunla qurduğu xüsusi bağları sevgi ilə təsvir edir. Dəniz, kitabda həssas, küsəyən, amma eyni zamanda çox yaradıcı və emosional bir uşaq kimi təsvir edilir. Onun dünyaya baxışı, başqalarına qarşı empatiyası və kiçik şeylərdən belə təsirlənməsi, müəllifi daha diqqətli və qayğıkeş bir ana olmağa sövq edir.

“Jolly Gamza” uşaqlar üçün yazılmış yumor və sevinc dolu bir nağıl kitabıdır. Əsərin əsas qəhrəmanı – Qəmzə daim gülən, ətrafındakı hər kəsə şənlik və xoşbəxtlik bəxş edən bir qızcığazdır. Onun gülüşü sehr kimidir – kədərli adamı sevindirir, yorğun insanı ruhlandırır, hətta heyvanlar və təbiət də bu gülüşdən pay alır. Qəmzə həm dostları, həm də ailəsi üçün “Gülüş kraliçası” adlanır. O, sadə oyunlarla belə dünyanı rəngarəng göstərir, balaca uşaqları birləşdirir, insanlara mehribanlığın və sevginin gücünü xatırladır. Fərqli üslubda yazılmış "Jolly Gamza" (Gülüş Kraliçası Qəmzə) adlı karikatura kitabı İngilis və Azərbaycan dillərində nəşr olunan bu əsər 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu kitab həm dil öyrənməyə, həm də uşaqlarda empatiya, sevgi və gülüş kimi müsbət duyğuların formalaşmasına xidmət edir. Səbinə Bayramova bu əsəri ilə uşaq ədəbiyyatında yeni bir nəfəs yaratmağa çalışmış, eyni zamanda ədəbiyyata vizual, cəlbedici bir yenilik gətirmişdir. Gülüşün dünyanı xilas etməyi ümidi ilə yazılan bu kitab kiçik yaşlardan uşaqlarda mənəviyyat hisslərini aşılamaq üçün xüsusi bir cəhddir.

"Uçmağı bacaran ruh"– Səbinə Dənizin dərin emosional, psixoloji və humanist tonla yazılmış yeni romanıdır. Əsər “Yaralı Ruhlar” kitabının davamı olaraq, sükutun içindən doğan bir ruhun azadlıq yolunu — Aysunun sağalma, yenidən doğulma və güc tapma hekayəsini danışır.

Uşaqlığında susdurulmuş bir qızın illər sonra səsini geri tapması, qorxularının yerini cəsarətə, utancın yerini şəfaya çevirməsi, bu kitabın əsas xəttini təşkil edir. Aysu illərlə içində daşıdığı ağrını sözə çevirir, yazır, paylaşır və sonunda başqalarının səsinə çevrilir.Əsər yalnız bir insanın hekayəsi deyil, həm də susan bütün qadınların, qızların və uşaqların çağırışıdır:

“Heç kim yeddi yaşında ölməsin. Heç bir ana, qızının çığırtısına qulaq tıxamasın.”

“Uçmağı bacaran ruh" oxucuya travma ilə mübarizənin, güvənin, şəfanın və öz səsini tapmağın nə qədər dərin və eyni zamanda ümid dolu bir yol olduğunu xatırladır. Bu kitab – sükutdan işığa doğru gedən bir ruhun hekayəsidir.

 

Aşağıda Səbinə Bayramovanın “Yaralı Ruhlar” kitabından bir hissə paylaşılıb.

 

İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. 

İlk öncə sevilməkdən çox başa düşülməyinizi istəyin. Qısqanılmaqdan çox isə güvənilməyinizi istəyin. Bunlar arasındaki fərqi hiss edəcəksənsə demək ki, fərqli birisən. Sonda hər şey gözəl olmalıdır. Əgər nələrsə pisdirsə, deməli hələ son deyil. Bir şey olmaq istəyirsə, olacaq. Həm də doğru zamanda, doğru səbəblə, doğru insanla. Hərşeyin çarəsi zamandır, qismətdir deyib özünüzü aldatmayın. "Qismət" heç bir qərar qəbul etməyənlər üçün ən münasib sözdür. Ağlı səndə olmayana, qəlbini təslim etmə. Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin. Sənin başına gələn hər şeyin müəllifi özünsən. Biri ilə münasibət qurmazdan əvvəl azadlığınla münasibətdə olduğunu unutma. Başqalarını isitmək üçün özünü yandırma. Dəyərləndirən olmayacaq. 

 İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. İşıqları söndür bundan sora səni tapmaq istəyən özünü yandırsın. Ama bunlardan əvvəl ilk öncə özünü sev sonra sənə yaxşı hiss etdirəni, amma yenə deyirəm sonra.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.