İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Elm və Təhsil İşçiləri Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə Mirzə Fətəli Axundov adına Xaçmaz kənd bir saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Aliyə Osmanova, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, Xaçmaz kənd icra nümayəndəsi Bakıxan Nəbiyev, Xaçmaz bələdiyyəsinin sədri Teymur Atakişiyev, məktəbin direktoru Aynurə Səfərova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müəllimlər, kənd sakinləri və şagirdlər iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Xaçmaz kənd Şəhidlər xiyabanı ziyarət olunmuş, şəhid məzarları önünə gül-çiçək dəstələri qoyulmuşdur. Daha sonra tədbir məktəbin akt zalında davam etdirilmişdir.
Dövlət himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Videoçarx nümayiş etdirilmişdir.
Çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən və bu qələbəni bizə bəxş edən Azərbaycan əsgərlərinin, igid və qəhrəman oğullarımızın həyat və döyüş yollarından danışıblar.
Tədbir məktəbin şagirdlərinin ifasında bədii hissə ilə davam etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


