65 illin işığı və "Gözlərimdə yaş gəlmişəm" Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Ötən gün Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin dəstəyi ilə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, el şairi və mahir bədii qiraətçi Mikayıl İnçəçaylının 65 illik yubileyi və yenicə işıq üzü görmüş "Gözlərimdə yaş gəlmişəm" adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.

 

Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin əziz tutulması hədəfi ilə bir dəqiqəlik sükutla başlayan, həmçinin, tanınmış ziyalı pedaqoq və peşəkar bədii qiraətçi Adıgözəl Nuriyevin aparıcılığı ilə keçən gözəl və ədəbi-mənəvi tədbirdə rayonun sayılıb-seçilən ziyalıları, tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndələri və xüsusilə də qələm tutan incə əllərdən ibarət xanım şair və yazarları iştirak etdilər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Cəlilabad rayonunun "Canlı ensiklopediyası" adlanan Cahangir Muradov, AYB-nin üzvü, el ağsaqqalı və ziyalı pedaqoq, şair Əfrahim Abbas, AYB və AJB-nin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, şair, publisist Ədalət Salman, AYB-nin üzvü, qəzəlxan, şair-dramaturq İman Abdulla, AYB-nin üzvü, şair Gülbala Teymur, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış ziyalı pedaqoq Dadaş müəllim Bayramov, ADPU-nin Cəlilabad filialının müəllimi, yazıçı Xəlil Fərəməzoğlu, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, I Qarabağ Savaşının iştirakçısı, qazi, yazıçı-şair Qurban Əhməd, muğam ifaçısı Akif Mədədli, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadə və başqaları, həmçinin, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru ziyalı xanım Qənimət İsrafilova, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri və "Həməşəra" Fəxri Diplomu laureatları: şair Gülşən Şahmuradlı, şair Seylan Abbas, şair və bədii qiraətçi Müşahidə Nərimanova, şair Gülcahan Əsgərova, AYB-nin üzvü yazıçı-şair Ruhiyyə Abaszadə, şair Sevinc Şirvanlı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu Əyyarqızı və MKS-nin digər xanım əməkdaşları çıxış edərək el şairi Mikayıl İnçəçaylını 65 illik yubileyi ilə əlaqədar ürəkdən təbrik edib, ona uzun, sağlam və mənalı ömür, eyni halda yenicə işıq üzü görmüş "Gözlərimdə yaş gəlmişəm" adlı şeirlər kitabı münasibətilə öz səmimi təbriklərini çatdırdılar.

Tədbirdə çıxış edənlər Mikayıl İnçəçaylı poeziyasının elə-vətənə bağlılıq, sevgi və duyğu ilə zəngin olduğu, onun bədii qiraət sahəsində peşəkar və əvəzolunmaz məharəti, xüsusilə də insani keyfiyyətlərə malik olduğu və etikasının poeziya bacarığına hakim olmasından söz açaraq ona ən xoş arzularını çatdırdılar. Tədbir zamanı həm də Cəlilabad ədəbi mühiti ilə bağlı müəyyən fikir mübadiləsi aparıldı və ziyalılar tərəfindən bir sıra təkliflər irəli sürüldü.

Bəzi çıxış edən iştirakçılar isə onun şeirlərindən oxuyaraq tədbirə xüsusi zövq qatdılar.

Tədbir əsnasında rayonun tanınmış muğam ifaçısı Akif Mədədli ifa etdiyi Segah muğamı ilə tədbirə xüsusi gözəllik və məna bəxş etdi.

Tədbir əsnasında bir neçə iştirakçı Mikayıl İnçəçaylıya öz hədiyyələrini təqdim etdilər. Yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən isə şair Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitində davamlı və səmərəli fəaliyyətinə görə "Həməşəra" Fəxri Fərmanı və müqəddəs Azərbaycan Bayrağı ilə təltif edildi.

Son olaraq tədbirin baş qəhrəmanı el şairi və mahir bədii qiraətçi Mikayıl İnçəçaylı öz çıxışında ötən illərin xatirələrindən söz açaraq şeir və poeziya sahəsindəki əməyindən və həyat yolundan söz açaraq tədbirin təşkilatçıları və iştirakçılarına, xüsusilə də Cəlilabad MKS-nin direktoru Qənimət xanıma, həmçinin Cəlilabad ədəbi mühitində hər kəsə səmimiyyətlə dəstək olmuş AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salmana və eləcə də yeni nəşr edilmiş kitabının redaktoru Bilal Alarlıya səmimi minnətdarlığını bildirdi. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, şair Mikayıl İnçəçaylının "Gözlərimdə yaş gəlmişəm" adlı şeirlər kitabı müəllifin indiyə kimi işıq üzü görmüş sayca ikinci poetik əsəridir.

Mikayıl İnçəçaylının 63 gözəl və bir-birindən mənalı şeirini ehtiva edən bu kitabın redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" və "Rəsul Rza" mükafatları laureatı Bilal Alarlıdır.

Gözəl, səmimi və yüksək peşəkarlıqla təşkil edilmiş yubiley tədbiri və kitab təqdimatı xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.