BÖLGƏ ƏDƏBİYYATI - Oğuz və Qəbələ yazarları ilə görüş keçirilib Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

25 avqust 2025-ci il tarixdə Oğuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Xaçmaz kənd Diyarşünaslıq Evində oxucularla  “Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində Oğuz və Qəbələ yazarlarının iştirakı ilə "Yaradıcılıq dünyasına səyahət" adlı   görüş təşkil edilib. 

 

Görüşdə Qəbələ və Oğuz ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, poeziyasevərlər, kitabxanaların fəal oxucuları iştirak edib. Tədbirin məqsədi oxucularla yaradıcı insanların görüşünü təmin edərək, ədəbiyyata marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək idi.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşı Mehparə Bəkirova tədbir iştirakçılarını salamlayaraq, “Oğuzun tanınmış simaları” layihəsi haqqında məlumat verib. Layihənin sözün, sənətin izlərini gələcək nəsillərə çatdırmaq yolunda kiçik, amma mənalı bir addım olduğunu qeyd edib. Şair və yazıçıların səsinin zamanın pərdəsini yarıb sabaha çatdırılmasında belə görüşlərin əhəmiyyətli olduğunu bildirib. Həmçinin, yazıçı ilə oxucu arasında görünməz bir körpü olduğunu, o körpünün daşlarını hər bir yazarın öz sözü ilə, öz sevgisi ilə hördüyünü vurğulayıb.

Sonra Oğuz - Qəbələ - İsmayıllı Yazarlar Birliyinin sədri Vüsal Oğuz, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nazim Hüseynli, şairə xanımlar - Şüküfə İbrahimova, Sədaqət Oğuzlu, Elza Gülməmmədova və başqa Oğuz şair və yazarları tədbirdə çıxış edərək, öz şeirlərindən parçalar səsləndiriblər. 

 Tədbir Qəbələdən gələn qonaqların çıxışları ilə davam edib. "Qəbələnin səsi" İB-nin rəhbəri Şəhla Bayramova, belə görüşlərin davamlı olmasını arzu edərək, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə "Qəbələnin səsi" İB-nndə təmsil olunan şairlərdən Mirhəsən Ağayev, Cəlil Komradlı, digər şair və yazıçılar da çıxış edərək, öz şeirlərini söyləyiblər.

Kitabxananın fəal oxucularının ifasında da Oğuz və Qəbələ şairlərin şeirləri dinlənilib.

Bölgənin şair və yazıçıları öz kitablarını kitabxanalara hədiyyə ediblər, sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

 

 

                                                                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.