Lənkəranda "Ədəbiyyatımızın nəğməkar şairi" adlı yubiley tədbiri keçirildi Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

AYB Lənkəran Bölməsi və Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin birgə təşkilatçılığı ilə Kitabxananın akt zalında Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi ilə əlaqədar "Ədəbiyyatımızın nəğməkar şairi" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli açdı. Son günlərdə dünyasını dəyişmiş yazıçı və şairlərdən Elçin, Vidadi Babanlı, Kəramət və Məmməd İsmayılın, eləcə də Xalq şairi Fikrət Qocanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Qafar Cəfərli Prezident İlham Əliyevin Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb onun ömür yolu haqqında ətraflı məlumat verdi.

Sonra AMEA Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli Fikrət Qocanın yaradıcılığı haqqında geniş məlumat verərərək onun Rəsul Rza ədəbi məktəbinin ən layiqli davamçısı olduğunu bildirdi. Şair haqqında iki kitab müəllifi olan tənqidçi onun çoxşaxəli yaradıcığından ətraflı söz açdı.

Azərbaycanın ilk poliqrafçı alimi, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəddat Cəfərov öz çıxışında şairin ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrə həsr etdiyi əsərlərdən danışdı. Sonra kitabxana işçilərinin şair haqqında hazırladıqları videoçarx nümayiş olundu. Şairin səsi dinlənildi. Videoçarxın nümayişindən sonra AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad Fikrət Qocaya həsr etdiyi fəlsəfi essesi ilə çıxış etdi. Yazıçı Hafiz Mirzə Fikrət Qoca ilə bağlı xatirələrindən danışıb, şeirlərinə bəstənmiş mahnılardan söz açdı və respublika ən çox onun sözlərinə musiqi bəstələndiyini xüsusi qeyd etdi.

Kitabxananın əməkdaşı Günay Əsədova şairin yaradıcılığının müxtəlif məqamlarına toxunub, oxucuların Fikrət Qoca yaradıcılığına olan sevgisindən danışdı. Müğənni Habil Axundov tanınmış bəstəkarların onun əsərlərinə müraciət etdiyini və xalqın yaddaşında əbədiyaşarlıq qazanmış mahnılarını yada salıb, ən çox sevdiyi mahnılardan birini ifa etdi.

Tədbiri Q.Cəfərli yekunlaşdırdı. Sonda isə xatirə şəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.