İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
18 iyun 2025-ci il tarixdə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi B.Vahabzadənin 100 illik yubileyi münasibətilə Oğuz rayon Mərkəzi Kitabxananın başlatdığı "Poeziyamızın parlaq günəşi - Bəxtiyar Vahabzadə" layihəsi çərçivəsində ədəbi-bədii gecə keçirilib.
Tədbir Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Ədəbi-bədii gecədə Oğuz rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon Təhsil şöbəsinin əməkdaşları, Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə nümayəndələri, oğuzlu yazarlar, o cümlədən AYB-nin üzvləri yazıçı N. Hüseynli, şair- tədqiqatçı Yusif Rza, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə dahi şair B.Vahabzadənin şeirləri fəal oxucuların ifasında dinlənilib, rəqs qrupları maraqlı rəqs nömrələri ilə çıxış ediblər. Eyni zamanda Mədəniyyət Mərkəzinin əməkdaşları, oğuzlu müğənnilər "Zirvə" ansamblının müşayiəti ilə şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Çıxış edənlər B. Vahabzadə yaradılıcığı ilə əlaqədar fikirlər səsləndirib. Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)