İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Muğam Mərkəzində tanınmış şair, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Öncə Əməkdar artist Rauf Ağakişiyevin ifasında şairin "Bir dəqiqəlik sükut" şeiri səslənərək Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən oğullarımızın ruhu yad edilib.
Əməkdar artist Cəlal Məmmədov şairin "Güzgüdə gördüyüm adam" şeirinin müşayiət etdiyi zaman yubilyar alqışlarla səhnəyə daxil olub.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb, respublikamızda və şəhərimizdə qələm adamlarına xüsusi diqqət olduğunu xüsusi olaraq vurğulayıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyev, Prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva, Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Naxçıvandan Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov və başqaları çıxışlarında Rafiq Yusifoğlu yaradıcılığı, şəxsiyyəti və poeziyasından danışıblar.
Milli qəhrəman Polad Həşimov adına 28 saylı tam orta məktəbin, Xıdırlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar və şeirlərindən ibarət kompozisiyalar tədbirə xüsusi ovqat bəxş edib.
Ruhiyyə Qarabağlının bədii rəhbəri olduğu "Qarabağ"qrupunun, Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynlinin, bəstəkar- müəllim Lalə Şirinin yetirmələri Fidan Atakişiyeva və Rəsul Məmmədovun ifaları isə hər kəsin zövqünü oxşayıb.
Sonda yubiliyar təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.
Ədəbi-bədii gecə Əməkdar artist İzaməddin Bağırovun ifasında şairin “Bu dünya durduqca” şeirinin musiqi sədaları altında səslənməsi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(03.06.2025)