Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və Beyləqan rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdlərindən təşkil olunmuş kollektivlər arasında keçirilən “Günəşin səsiyəm mən” adlı xor müsabiqəsinin qalib kollektivlərinin iştirakı ilə Qala konsert keçirilib.
Konsert çərçivəsində həmçinin, ümumtəhsil məktəblərinin 5-11 sinif şagirdləri arasında 2 yaş qrupunda keçirilən “Vətənim Azərbaycan” adlı rəsm müsabiqəsinin, həmçinin qalib gəlmiş xor kollektivlərinin mükafatlandırma mərasimi də keçirilib.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik ili”nə həsr olunan müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında ərazi bütövlüyümüzə, suverenliyimizə və konstitusiyamıza diqqəti artırmaq, zəngin xor mədəniyyətini regionda daha da inkişaf etdirmək, ümumtəhsil məktəblərində musiqi fənninin tədris səviyyəsini yüksəltmək, eyni zamanda uşaqlarda kiçik yaşlarından milli musiqimizə və xor sənətinə, milli-mənəvi dəyərlərimizə və musiqimizə olan marağı artırmaqdır.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.
Daha sonra qalib xor kollektivləri öz çıxışlarını təqdim ediblər.
İfalardan sonra Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək bütün kollektivlərə nümunəvi iştiraklarına görə təşəkkürünü bildirib və qalibləri təbrik ediblər.
Sonda “Günəşin Səsiyəm Mən” xor müsabiqəsinin və “Mənim Azərbaycanım” rəsm müsabiqəsinin I, II və III yerin qalibləri təşkilatçılar tərəfindən Fəxri Fərmanla, digər iştirakçılar isə Diplom və Təşəkkürnamə ilə mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)