Mayın 6-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə "Zəfərdən zəfərə gedən yol" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində baş tutan tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiramla yad ediləcək.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: "İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutur. Müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan, Bakıya "Qəhrəman şəhər" adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib.
Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində də təkrarladı, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir.
Biz Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətin və Prezidentimizin ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıblar. Biz bu tövsiyələri diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq".
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin yaranmışdır.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixinə nəzər salıb, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)