Nağıllar üsyan edir: “Sehrli kitabın sonuncu səhifəsi” Featured

Uşaq teatr-tamaşası

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Janr: Musiqili, komik, macəra və interaktiv şou

Yaş qrupu: 6–10 yaş

Müddət: 40–45 dəqiqə

Aktyor sayı: 7 nəfər

 

ROLLAR VƏ İFAÇILAR

 

1. SEHRBAZ – ______

2. TÜLKÜ – ______

3. CANAVAR – ______

4. QIRMIZI PAPAQ – ______

5. DOVŞAN – ______

6. SİLGİ – ______

7. ROBOT-007 – ______

 

(Səhnədə nağıl meşəsini xatırladan dekor qurulub. Ortada böyük sehrli kitab yerləşdirilib. Sirli və şən musiqi səslənir. İşıqlar tədricən yanır. Sehrbaz əlində sehrli çubuqla səhnəyə daxil olur.)

 

SEHRBAZ: Salam, əziz uşaqlar! Salam, balaca dostlarım! Bu gün sizi elə bir aləmə aparacağam ki, orada ağaclar danışır, heyvanlar mahnı oxuyur, sehrbazlar səhv sehr edir, hətta kitablar da danışır! İnanmırsınız? Onda baxın görün!

 

(Sehrli kitabın yanına gedir, onu açmağa çalışır.)

 

SEHRBAZ: Açıl, ay kitab! Mənəm, sənin köhnə dostun! Açıl deyirəm!

 

(Kitab açılmır.)

 

SEHRBAZ: Hmmm... Deyəsən, yenə məndən küsüb. Keçən dəfə onu tərsinə oxumuşdum. Görəsən, indi nə istəyir?

 

KİTABIN SƏSİ: Parol!

 

SEHRBAZ: Parol? Əlbəttə! Abrakadabra!

 

KİTABIN SƏSİ: Yanlış parol!

 

SEHRBAZ: Sim-sala-bim!

 

KİTABIN SƏSİ: Yanlış parol!

 

SEHRBAZ: Bəs nədir, ay kitab? Mən sehrbazam, amma parol tapa bilmirəm!

 

KİTABIN SƏSİ: Bu kitab yalnız uşaqların gülüşü və sevinci ilə açılır!

 

SEHRBAZ: Aha! Deməli, bu işdə mənə siz kömək etməlisiniz! Uşaqlar, hazırsınız?

 

(Uşaqların cavabı gözlənilir.)

 

SEHRBAZ: Onda hamımız birlikdə deyirik: BİR, İKİ, ÜÇ – NAĞIL QAPISI AÇIL!

 

(Kitab açılır. Sehrli musiqi, işıq və duman effekti.)

 

SEHRBAZ: Vay-vay! Açıldı! Görək bu gün hansı qəhrəmanlar bizi gözləyir?

 

(Tülkü kitabın içindən çıxır.)

 

TÜLKÜ: Çəkilin! Çəkilin! Dünya şöhrətli, məşhur, yaraşıqlı, ağıllı və məğrur Tülkü gəlir!

 

SEHRBAZ: Dayan, dayan! Sən özünü niyə bu qədər tərifləyirsən?

 

TÜLKÜ: Çünki məni tərifləyən olmasa, özüm özümü tərifləməliyəm!

 

SEHRBAZ: Bəs sən hansı nağıldansan?

 

TÜLKÜ: Mən bütün nağılların ən ağıllı qəhrəmanıyam!

 

SEHRBAZ: Öz nağılını da bilirsən?

 

TÜLKÜ: Əlbəttə! Sadəcə danışmağa vaxtım yoxdur. Mənim çox vacib işlərim var. Məsələn, bu gün quyruğuma yeni şampun almalıyam.

 

(Tülkü quyruğunu nümayiş etdirir.)

 

SEHRBAZ: Uşaqlar, sizcə, bu Tülkü ağıllıdır?

 

(Uşaqların cavabları alınır.)

 

TÜLKÜ: Nə?! Mənim haqqımda nə dediniz? Bir də deyin görüm!

 

(Şən musiqi başlayır. Tülkü komik rəqs edir.)

 

(Qorxulu musiqi səslənir. Canavar böyük addımlarla səhnəyə daxil olur. Birdən öz kölgəsini görüb qorxur.)

 

CANAVAR: Aaaa! Kömək edin! Məni izləyirlər!

 

TÜLKÜ: Kim səni izləyir?

 

CANAVAR: O!

 

TÜLKÜ: Kim o?

 

CANAVAR: Yerdəki!

 

TÜLKÜ: Ay səni! O sənin kölgəndir!

 

CANAVAR: Mənim kölgəm? Bəs niyə məni izləyir?

 

TÜLKÜ: Çünki səndən başqa gedəcək yeri yoxdur!

 

CANAVAR: Mən qorxulu canavaram! Hamı məndən qorxmalıdır!

 

SEHRBAZ: Bəs sən nədən qorxursan?

 

CANAVAR: Mən? Heç nədən! Sadəcə qaranlıqdan, siçandan, arıdan, hündür pilləkəndən, bəzən də öz səsimdən...

 

TÜLKÜ: Sən canavarsan, yoxsa pambıqdan hazırlanmış oyuncaq?

 

CANAVAR: Mənə gülmə! Bir dəfə meşədə arı gördüm, üç gün evdən çıxmadım!

 

SEHRBAZ: Uşaqlar, gəlin görək, bu Canavar doğrudan da qorxuludurmu? Hamımız birlikdə canavar kimi ulayaq!

 

(Uşaqlar ulayırlar. Canavar qorxub Sehrbazın arxasında gizlənir.)

 

CANAVAR: Dayanın! Bu qədər canavar bir yerdə olmaz! Mən gedirəm!

 

(Sürətli musiqi. Dovşan səhnəyə qaçaraq daxil olur.)

 

DOVŞAN: Dayanın! Dayanın! Böyük bədbəxtlik baş verib!

 

SEHRBAZ: Nə olub?

 

DOVŞAN: Mən... mən... mən...

 

TÜLKÜ: Nə? Dilini udmusan?

 

DOVŞAN: Yox! Sadəcə çox qaçmışam!

 

CANAVAR: Bəs niyə qaçırsan?

 

DOVŞAN: Çünki meşədə dəhşətli xəbər yayılıb! Sehrli kitabın son səhifəsi yoxa çıxıb!

 

SEHRBAZ: Nə?! Bu mümkün deyil!

 

DOVŞAN: Mən öz gözlərimlə gördüm! Kitabın son səhifəsində bütün nağılların xoşbəxt sonluğu yazılmışdı. İndi isə səhifə yoxdur!

 

TÜLKÜ: Deməli, mənim də xoşbəxt sonluğum yoxdur?

 

CANAVAR: Bəs mən necə evlənəcəyəm?

 

TÜLKÜ: Sən əvvəl qorxularınla evliliyini bitir!

 

DOVŞAN: Gülməyin! Bu, çox ciddi məsələdir!

 

(Qırmızı papaq səhnəyə daxil olur.)

 

QIRMIZI PAPAQ: Salam, dostlar! Nə baş verib? Meşədə niyə belə səs-küy var?

 

TÜLKÜ: Heç nə! Sadəcə bir az kitab itirmişik!

 

QIRMIZI PAPAQ: Kitab itirmişik? Necə yəni?

 

DOVŞAN: Sehrli kitabın son səhifəsi oğurlanıb!

 

QIRMIZI PAPAQ: Bu, təsadüfi hadisə deyil. Kimsə nağılların sonunu dəyişmək istəyir.

 

SEHRBAZ: Bəs kim?

 

(Birdən sirli gülüş eşidilir. İşıqlar zəifləyir.)

 

NAMƏLUM SƏS: Ha-ha-ha! Axtarın! Axtarın! Amma tapa bilməyəcəksiniz!

 

CANAVAR: Bu kim idi? Mənim tüklərim biz-biz oldu!

 

TÜLKÜ: Sənin tüklərin onsuz da biz-bizdir!

 

QIRMIZI PAPAQ: Gizlənmə! Kim olursansa, üzə çıx!

 

(Səhnəyə Silgi daxil olur.)

 

SİLGİ: Salam, nağıl qəhrəmanları! Məni axtarırsınız?

 

SEHRBAZ: Sən kimsən?

 

SİLGİ: Mən Silgiyəm! İstədiyim hər şeyi silə bilərəm! Qorxuları, sevincləri, qəhrəmanları, nağılları... Hamısını!

 

TÜLKÜ: Bəs mənim quyruğumu silə bilərsən?

 

SİLGİ: İstəsəm, səni də silərəm!

 

TÜLKÜ: Yaxşı, onda mən sakitcə oturum.

 

QIRMIZI PAPAQ: Sən niyə nağılları məhv etmək istəyirsən?

 

SİLGİ: Çünki mən həmişə nağılların kənarında qalmışam. Heç kim məni qəhrəman kimi tanımayıb. Hamı şahzadəni, sehrbazı, qəhrəmanı sevir. Bəs məni kim sevir? Ona görə də bütün nağılları silib öz dünyamı yaradacağam!

 

SEHRBAZ: Amma bunun üçün başqalarının xoşbəxtliyini məhv etməyə haqqın yoxdur!

 

SİLGİ: Mənim qərarım qətidir! Son səhifəni də yox edəcəyəm!

 

(Silgi gülərək səhnədən çıxır.)

 

CANAVAR: Məncə, onunla danışmaq lazım deyil. Mən evə gedirəm!

 

QIRMIZI PAPAQ: Yox! Biz onu dayandırmalıyıq.

 

DOVŞAN: Bəs necə?

 

SEHRBAZ: Sehrli kitabın üç açarını tapmalıyıq: ağıl, cəsarət və dostluq açarlarını!

 

TÜLKÜ: Mən ağıl açarını taparam! Çünki ağıllı mənəm!

 

CANAVAR: Mən cəsarət açarını taparam... Amma bir şərtlə, yanımda kimsə olsun!

 

DOVŞAN: Mən də dostluq açarını taparam! Amma tez olun, mənim tələsməyim var!

 

(Qəribə elektron səslər eşidilir. İşıqlar mavi rəngə keçir. Robot mexaniki addımlarla səhnəyə daxil olur.)

 

ROBOT-007: Diqqət! Diqqət! Sistem işə düşür! Məkan müəyyən edilir... Məkan: Meşə. Zaman: Naməlum. Əhali: Altı qəribə canlı!

 

TÜLKÜ: Altı? Mən burada beş nəfər görürəm!

 

ROBOT-007: Səhv! Mən canlı deyiləm. Mən texnoloji möcüzəyəm!

 

CANAVAR: Texno... nə?

 

ROBOT-007: Texnoloji! Yəni mənim beynim var, amma başımın içində beyin yoxdur!

 

DOVŞAN: Bəs necə düşünürsən?

 

ROBOT-007: Batareya ilə!

 

TÜLKÜ: Mənim də bəzən batareyam bitir. Xüsusilə səhərlər!

 

SEHRBAZ: Sən kimsən, haradan gəlmisən?

 

ROBOT-007: Mən Robot-007. Gələcəyin ən ağıllı robotuyam. Amma bir problem var.

 

QIRMIZI PAPAQ: Nə problem?

 

ROBOT-007: Mənim proqramım qarışıb. Mənə verilən tapşırıq belədir: Nağılları xilas et, tort bişir, üç dəfə hoppan, bir də Canavarı ütülə!

 

CANAVAR: Nə?! Məni ütüləmək? Mənim tüklərimə toxunma!

 

ROBOT-007: Sakit olun. Sizin tüklərinizin ütülənməsi üçün xüsusi proqram hazırlanmalıdır.

 

SEHRBAZ: Robot, sən sehrli kitabın itmiş səhifəsini tapa bilərsən?

 

ROBOT-007: Axtarış rejimi aktivləşdirilir. Birinci ehtimal: səhifə Tülkünün cibindədir.

 

TÜLKÜ: Mənim cibimdə? Niyə mənim cibimdə olsun?

 

ROBOT-007: Çünki siz şübhəli görünürsünüz.

 

TÜLKÜ: Mən şübhəli yox, yaraşıqlı görünürəm!

 

ROBOT-007: İkinci ehtimal: səhifəni Silgi oğurlayıb.

 

QIRMIZI PAPAQ: Deməli, biz düz yoldayıq!

 

ROBOT-007: Üçüncü ehtimal: mən səhv hesablamışam.

 

TÜLKÜ: Nəhayət, ağıllı bir söz dedin!

 

ROBOTUN OYUNU – SİSTEM ƏMRLƏRİ

 

ROBOT-007: Diqqət, insan balaları! Mənim sistemimdə xüsusi oyun proqramı var. Mən nə desəm, siz onu etməlisiniz!

 

ROBOT-007: Batareya dolur!

 

(Uşaqlar əllərini yuxarı qaldırırlar.)

 

ROBOT-007: Sistem dondu!

 

(Hamı hərəkətsiz qalır.)

 

ROBOT-007: Rəqs proqramı!

 

(Hamı rəqs edir.)

 

ROBOT-007: Gülüş proqramı!

 

(Hamı gülür.)

 

ROBOT-007: Sükut proqramı!

 

(Hamı susur.)

 

ROBOT-007: Əla! İnsan balalarının sistemi çox yaxşı işləyir!

 

SEHRBAZ: İndi isə üç açarı tapmaq vaxtıdır! Uşaqlar, bizə kömək etməyə hazırsınız?

 

(Uşaqların cavabı alınır.)

 

Birinci sınaq – Ağıl yarışı

 

SEHRBAZ: Birinci sual: Hansı heyvanın qulaqları uzun, özü isə çox sürətlidir?

 

(Uşaqlar: Dovşan!)

 

DOVŞAN: Mənəm! Nəhayət, bir sualı mənim haqqımda verdilər!

 

SEHRBAZ: İkinci sual: Hansı heyvan hiyləgərliyi ilə tanınır?

 

(Uşaqlar: Tülkü!)

 

TÜLKÜ: Düzdür! Mənim haqqımda danışanda ehtiyatlı olun, hər şeyi eşidirəm!

 

SEHRBAZ: Üçüncü sual: Nağıllarda yaxşılıq edən qəhrəmanlar sonda nə qazanırlar?

 

(Uşaqların cavabları dinlənilir.)

 

QIRMIZI PAPAQ: Ən böyük mükafat yaxşılıq və dostluqdur!

 

(Birinci açar tapılır.)

 

İkinci sınaq – Cəsarət meydanı

 

SEHRBAZ: İndi isə görək kim cəsarətlidir! Canavar, irəli!

 

CANAVAR: Mən? Mən niyə? Mən axı bir az...

 

TÜLKÜ: Sən canavarsan! Qorxma!

 

CANAVAR: Yaxşı, gedirəm! Amma uşaqlar da mənimlə birlikdə qışqırsınlar!

 

(Uşaqlar birlikdə “Cəsarət!” deyirlər.)

 

CANAVAR: Gördünüz? Mən qorxmuram!

 

(Qəfil səs eşidilir. Canavar yenə qorxur.)

 

CANAVAR: Aaaa! Bu nə idi?!

 

TÜLKÜ: Öz ürəyinin səsi!

 

(İkinci açar tapılır.)

 

Üçüncü sınaq – Dostluq rəqsi

 

DOVŞAN: İndi isə hamı birlikdə dostluq rəqsi etməlidir!

 

(Şən musiqi başlayır. Aktyorlar uşaqlara sadə rəqs hərəkətləri göstərirlər. Hamı əl çalır, sağa-sola dönür, tullanır.)

 

SEHRBAZ: Baxın, dostluğun sehrli gücü budur! Hamımız birlikdə olanda heç bir çətinlik bizi dayandıra bilməz!

 

(Üçüncü açar tapılır.)

 

(Sirli musiqi. Silgi yenidən səhnəyə daxil olur. Əlində qara səhifə var.)

 

SİLGİ: Nə?! Siz açarları tapmısınız? Bu mümkün deyil!

 

TÜLKÜ: Mümkündür! Çünki biz səndən ağıllıyıq!

 

CANAVAR: Həm də cəsarətliyik!

 

DOVŞAN: Həm də sürətliyik!

 

QIRMIZI PAPAQ: Və biz bir-birimizə güvənirik!

 

SİLGİ: Mən yenə də sizi məğlub edəcəyəm! Sehrli kitabın son səhifəsini indi yox edəcəyəm!

 

(Silgi kitaba yaxınlaşır. İşıqlar tədricən sönür. Həyəcanlı musiqi artır.)

 

ROBOT-007: Xəbərdarlıq! Xəbərdarlıq! Sehrli kitabın enerjisi 10 faizə düşüb!

 

DOVŞAN: Nə?! Bəs nə edəcəyik?

 

ROBOT-007: Sistem hesablaması: Dostluq enerjisi lazımdır!

 

TÜLKÜ: O enerji harada satılır?

 

ROBOT-007: Satılmır. Yalnız ürəklərdə mövcuddur!

 

CANAVAR: Mənim ürəyimdə də var?

 

ROBOT-007: Bəli. Sizin ürəyinizdə 100 faiz dostluq, 0 faiz cəsarət aşkarlandı!

 

CANAVAR: Ay Robot, səni söndürəcəyəm!

 

SİLGİ: Susun! Mən son səhifəni silirəm!

 

(Silgi səhifəyə yaxınlaşır. Robot qabağa keçir.)

 

ROBOT-007: Dayan! Mən gələcəkdən gəlmişəm. Gələcəkdə gördüm ki, nağıllar silinmir. Onlar uşaqların yaddaşında yaşayır!

 

SİLGİ: Sus! Sən nə bilirsən?!

 

ROBOT-007: Mən çox şey bilirəm. Amma bir şeyi bilmirəm.

 

SİLGİ: Nəyi?

 

ROBOT-007: Sən niyə bu qədər tək qalmaq istəyirsən?

 

(Silgi susur.)

 

SİLGİ: Çünki heç kim məni sevməyib. Heç kim mənimlə dost olmaq istəməyib. Mən də hamının nağılını yox etmək qərarına gəldim.

 

QIRMIZI PAPAQ: Bəlkə də sənə sadəcə bir dost lazım idi?

 

DOVŞAN: Bizimlə dost ol!

 

TÜLKÜ: Amma mənim quyruğumu silməyəcəyinə söz ver!

 

CANAVAR: Mən də sənə qorxmamağı öyrədərəm. Yəni özüm də öyrənməyə çalışaram!

 

SEHRBAZ: Uşaqlar, sizcə, Silgiyə dostluq şansı verməliyik?

 

(Uşaqların cavabı gözlənilir.)

 

ROBOT-007: Diqqət! Dostluq enerjisi yüksəlir! 20 faiz! 50 faiz! 80 faiz!

 

SEHRBAZ: Hamı birlikdə!

 

BÜTÜN AKTYORLAR: DOSTLUQ! DOSTLUQ! DOSTLUQ!

 

(Uşaqlar da qoşulur. Parlaq işıqlar yanır. Sehrli kitabın səhifələri açılır. Rəngli kəpənəklər və konfeti effekti.)

 

ROBOT-007: Sistem bərpa olundu! Sehrli kitab xilas edildi!

 

SİLGİ: Mən də artıq nağıl qəhrəmanıyam?

 

SEHRBAZ: Əlbəttə! Amma bir şərtlə...

 

SİLGİ: Nə şərtlə?

 

SEHRBAZ: Bundan sonra heç nəyi silməyəcəksən!

 

TÜLKÜ: Ev tapşırıqlarını da?

 

HAMISI: TÜLKÜ!

 

(Hamı gülür.)

 

(Şən, ritmik musiqi başlayır. Bütün obrazlar səhnəyə düzülür.)

 

SEHRBAZ: Əziz uşaqlar! Bu gün biz bir daha öyrəndik ki, hər bir nağılın ən gözəl sonluğu dostluqla yazılır. Amma bir sirr də var...

 

DOVŞAN: Nə sirr?

 

SEHRBAZ: Nağıllar heç vaxt bitmir!

 

CANAVAR: Necə yəni?

 

SEHRBAZ: Çünki hər gün yeni bir nağıl başlayır. Bəzən o nağıl bir kitabda, bəzən səhnədə, bəzən də sizin ürəyinizdə olur!

 

QIRMIZI PAPAQ: Elə isə gəlin, bu günün nağılını birlikdə xoşbəxt sonluqla bitirək!

 

TÜLKÜ: Musiqi verin! Mən rəqs etmədən heç bir nağıl bitməz!

 

SİLGİ: Mən də rəqs edəcəyəm!

 

CANAVAR: Mən də! Amma çox sürətli olmasın, ürəyim dözməz!

 

ROBOT-007: Rəqs proqramı aktivləşdirildi! Bütün sistemlər hazırdır!

 

(Ümumi rəqs başlayır. Hər obraz özünəməxsus hərəkətlərlə çıxış edir. Sonra uşaqlar da rəqsə dəvət olunur.)

 

BÜTÜN AKTYORLAR BİRLİKDƏ:

 

Nağıllar yaşasın, dostluq yaşasın!

Gülüş heç zaman üzümüzdən əskik olmasın!

Hər uşaq xoşbəxt, hər ürək sevincli olsun!

Nağıllarımızın sonu həmişə gözəl olsun!

 

(Aktyorlar əl-ələ verərək tamaşaçılara baş əyirlər.)

 

SON

 

REJİSSOR QEYDLƏRİ

 

Musiqi və səhnə effektləri:

 

1. Açılış – sehrli, nağılvari musiqi.

2. Tülkünün gəlişi – şən, komik musiqi.

3. Canavarın gəlişi – qısa qorxulu, sonra komik musiqi.

4. Silginin gəlişi – sirli və həyəcanlı musiqi.

5. Robotun gəlişi – elektron, mexaniki səslər.

6. Oyunlar – ritmik uşaq musiqisi.

7. Kulminasiya – gərgin musiqi, işıq effektləri.

8. Final – şən, rəqs musiqisi.

 

Rekvizitlər: Böyük sehrli kitab, sehrli çubuq, Tülkünün quyruğu, Dovşanın qulaqları, Canavar maskası və ya kostyumu, Qırmızı papağın səbəti, Silginin qara səhifəsi, Robotun kostyumu, üç simvolik açar.

 

Tamaşanın əsas ideyası: Dostluq, birlik, mərhəmət, cəsarət və heç kəsi kənarda qoymamaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.