Yuxusu Şuşada bitən Teymurum... Featured

Həyat Şəmi,

Türkiyədən.

“Ədəbiyyat və incəsənət” üçün

 

VƏTƏN TEYMURUM

Baş Leytenant TEYMUR MƏCİDZADƏyə

 

Yuxudan başladı sirli hekayən,

Açıldı kitabın, oxundu ayən...

Yazıya pozu yox, Vətəndi qayən –

Yuxusu Şuşada bitən Teymurum.

 

–Nəyin bahasına olursa-olsun,

Alacam torpağı, canım alınsın...

Mən gəlməz olsam da, Vətən sağ olsun –

Deyib üfüqlərdən itən Teymurum!

 

Daşar, yatağını unutmaz sular,

Bəndi dağıdanı əfv etməz sular,

Mənim göz yaşımı qurutmaz sular,

İçimdə ney olub ötən Teymurum.

 

Şuşa qayasında dizi qalan var,

Qanı tökülən var, özü qalan var.

Dağlar, mənim burda əziz balam var,

Yer ol, gözün üstə yatan Teymura!

 

Daşlar da dil açar fələk səsinə,

Nə deyim fırlanan Yer kürəsinə?

Qaldır səmalara, tax sinəsinə –

Bu Bayraq Teymuru Vətən Teymurun!

                                Həyat ŞƏMİ

   

8 noyabr — Zəfər günümüzün şanlı tarixi, eyni zamanda Vətən uğrunda canından keçən cəsur zabitimiz, Baş Leytenant Teymur Məcidzadənin şəhadətə ucaldığı andır. 10 oktyabr isə Şəhidin doğum günü idi.

Şuşa zirvəsində qanı ilə dastan yazan, yuxusu Şuşada bitib ruhu əbədiyyətə qovuşan Vətən oğulları sayəsində bu torpaq azaddır. Şəhid Teymur Məcidzadənin və bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.

2023-cü ildə Teymur Məcidzadənin bütün həyatını yazan "Şuşada bitən yuxu" kitabı çap olundu. Kitabı Könül Fazilqızı qələmə aldı, mən romanlaşdırdım.

Bu şeirdəki  "Yuxusu Şuşada bitən Teymurum" və "Şuşa qayasında dizi qalan var..." misraları oxucunu kövrəldir. Məkan artıq birbaşa Şuşa qayalarıdır. Zəfərin necə ağır bədəllərlə kazanıldığı göstərilir: Şuşa qayalarında şəhidlərin dizinin izi, tökülən qanı və diz çökməyən ruhu ("özü") qalıb.

"VƏTƏN TEYMURUM" şeiri — fərdi bir acıdan doğub milli qürura, torpaq həsrətindən Zəfər təranəsinə çevrilən bütöv bir Poetik Şəhadətnamədir.

Vətən sevgisi ilə şəhadət zirvəsinə ucalan qəhrəmanımızın obrazı çox canlı və poetik ifadə olunub. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2026)


 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.