İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Əskər Hacı Rəşid oğlu Səlami təxminən 1826-cı ildə Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur. Bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuş, dövrünə görə müəkəmməl təhsil almışdır.
Sonralar Ağdaşa köçmüş və orada yaşamışdır. Ə.Səlaminin 1870-1871-ci illərdə vəfat etdiyi ehtimal olunur. Öz vəsiyyətinə əsasən Ağdaşda dəfn olunmuşdur. (Kənd əhalisi arasında şairin Ağdaşda deyil, kəndin cənub istiqamətindən Ağdaşa gedən yolun (Ağdaş yolunun) kənarında bir təpənin üstündə dəfn edilməsi barədə rəvayətlər də dolaşmaqdadır.)
O, qonşu Vardanlı (indiki Kərimli) kəndində yaşamış şair Mücrüm Kərim Vardaninin öz evində təşkil etdiyi ədəbi-musiqi məclisinin fəal üzvlərindən biri olmuşdur. Bunu M.Kərimin qoşmalarının birindəki aşağıdakı misralardan da aydın görmək olar:
Caəməəl qürrəti nuri-xoda Əsgəri,
Oldu ağa Mustafa, Mustafa sərdəftəri.
Əskər Səlaminin bədii irsindən çox az hissəsi dövrümüzə gəlib çatıb, şeirlərindən bir sıra bənd və beytlər qalmışdır. Onun əsasən satirik şeirlər yazdığı qeyd edilir. Şairin əldə olan bənd və beytlərində tənbəllik, süründürməçilik, rüşvətxorluq, çapqınçılıq, qumarbazlıq, sərxoşluq və əyyaşlıq, hər cür zorakılıq tənqid olunur. Aşağıdakı nümunə də bunu sübut edir:
Mən olum, saqiyi-gülcöhrə dəxi yar olsun,
Məyu tiryaku muğənni həmu qumar olsun...
İstəsən kim sən deyən olsun bu işlər,
Durma get sat palaz-paltarını, al əskinasın, ver bəri.
Ə.Səlaminin əldə olan yeganə tam şeiri M.K.Vardaninin Məkkədən qayıtması münasibəti yazdığı şeirdir.
Əvvəlcə, filologiya elmləri doktoru Əhməd Cəfərzadə tərəfindən Vartaşen (indiki Oğuz) rayonunda çıxan 08 iyun 1978-ci il tarixli keçmiş “Lenin bayrağı” qəzetində dərc olunmuş həmin şeiri diqqətinizə təqdim edirik:
Hacı Kərim, ey rəfiq,
Külli səyahət etmisən.
Məkkəni, həm Mədinəni
Bir də ziyarət etmisən,
Xərcləyib əskinasını,
Xeyli cəsarət etmisən.
Bir neçə gün kəfən geyib,
Canə xəsarət etmisən.
Burda qoyub yetimləri,
Orda səxavət etmisən.
Məkkə, Mədinə əhlinə
Xeyli xəyanət etmisən.
Burda verib qəpik-quruş,
Orda qiyamət etmisən.
Əsgərə mədh rəsmidir,
Amma fərasət etmisən.
Fikrimizcə, bu şeir Mücrüm Kərim Vardaninin Məkkə ziyarətindən qayıtması münasibətilə yazılmış olsa da, adi təbrik və ya mədhiyyə xarakteri daşımır. Əksinə, zahirən mədh formasında qurulan, daxilən isə kəskin ictimai tənqid və satira ruhu daşıyan bir əsərdir. Müəllif Mücrüm Kərimin müqəddəs yerlərə səfərini onun şəxsi mənəvi kamilliyinin göstəricisi kimi deyil, davranışları ilə dini dəyərlər arasındakı ziddiyyəti üzə çıxarmaq üçün bir vasitə kimi təqdim edir.
Elə şeirin ən uğurlu cəhəti də təzad üzərində qurulmasıdır. Məkkə və Mədinə – doğma yurd; uzaqdakı ehtiyac sahibləri – öz ətrafındakı yetimlər; böyük xərc – qəpik-quruş; zahiri səxavət – həqiqi mərhəmət; mədh – satirik ittiham. Bu təzadlar əsərin ironik təsirini gücləndirir. Müəllif birbaşa nəsihət vermək əvəzinə, qarşılaşdırmalar vasitəsilə oxucunu düşünməyə vadar edir.
Şeirin ilk misralarında Mücrüm Kərimin Məkkə və Mədinəni ziyarət etməsi, bu səfərə xeyli pul xərcləməsi diqqətə çatdırılır: “Xərcləyib əskinasını, Xeyli cəsarət etmisən”. Burada müəllif ziyarətin maddi tərəfini ön plana çəkir. Səfərin baha başa gəlməsi və bu məqsədlə böyük xərc çəkilməsi zahirən təqdir olunur. Lakin sonrakı misralar göstərir ki, müəllifin əsas məqsədi bu səxavəti tərifləmək deyil. O, dini ziyarətin insanın mənəvi keyfiyyətləri ilə uyğunlaşmalı olduğunu xatırladır.
“Bir neçə gün kəfən geyib, Canə xəsarət etmisən” misralarında həcc mərasiminin mühüm rəmzlərindən biri olan ehram geyimi kəfən obrazı ilə əlaqələndirilir. Müəllif bu bənzətmə vasitəsilə insanın faniliyinə, ölüm və axirət qarşısında məsuliyyətinə işarə edir. Eyni zamanda, zahiri dini mərasimlərin insanın daxili aləmini dəyişmədiyi halda formal xarakter daşıya biləcəyini istehzalı şəkildə vurğulayır.
Bizcə, şeirin ideya baxımından ən güclü bəndi “Burda qoyub yetimləri, Orda səxavət etmisən” bəndidir. Çünki müəllif bütün satirik ittihamını məhz bu iki misrada cəmləşdirib. O, Mücrüm Kərim Vardaninin dini səfər zamanı göstərdiyi səxavətlə öz doğma mühitindəki ehtiyaclı insanlara münasibətini qarşılaşdırır. Burada yetimlər təsadüfi obraz deyil. Onlar cəmiyyətin himayəyə, qayğıya və mərhəmətə ehtiyacı olan təbəqəsini təmsil edirlər.
Müəllifin demək istədiyi budur: insanın müqəddəs yerlərdə göstərdiyi səxavət onun öz ətrafındakı imkansızlara münasibəti ilə ölçülməlidir. Doğma yurdda yetimlərin ehtiyacını görməzliyə vurub uzaq diyarlarda səxavət nümayiş etdirmək mənəvi ziddiyyətdir.
“Məkkə, Mədinə əhlinə, Xeyli xəyanət etmisən” misralarında isə diqqətçəkən məqam müəllifin əvvəlki fikri daha kəskin şəkildə davam etdirməsidir. Buradakı «xəyanət» sözü adi mənasında deyil, ironik məna çalarında işlənir. Müəllif sanki Vardaninin müqəddəs yerlərdəki davranışlarını da onun öz doğma yurdundakı mənəvi öhdəlikləri ilə müqayisə edir.
“Burda verib qəpik-quruş, Orda qiyamət etmisən” misralarındakı qarşılaşdırma satiranın əsas hədəfini daha aydın göstərir. Müəllifin nəzərində səxavət məkanla, nümayişlə və mərasimlə ölçülməməlidir. Əsl səxavət insanın öz ətrafındakı ehtiyac sahiblərinə münasibətində üzə çıxır.
Şeirdə mədhiyyə pərdəsi altında satirik ittiham var. Sonuncu misralar (Əsgərə mədh rəsmidir, Amma fərasət etmisən.)şeirin janr və üslub xüsusiyyətlərini anlamaq baxımından da əhəmiyyətlidir. Müəllif zahirən Mücrüm Kərimi mədh etdiyini bildirir, lakin şeirin bütöv məzmunu bunun əksini göstərir. Burada mədh forması satirik tənqidin ifadə vasitəsinə çevrilir. «Mədh rəsmidir» ifadəsi oxucunu zahiri mətnlə onun həqiqi mənası arasındakı fərqə yönəldir. Müəllifin məqsədi tərifləmək yox, tərif pərdəsi altında qüsurları açmaqdır.
Əsərin başlıca ideyası dini ziyarətin öz-özlüyündə insanı mənəvi cəhətdən kamilləşdirmədiyini göstərməkdir. Müəllif dini mərasimlərlə gündəlik əxlaqi davranışlar arasında uyğunluq tələb edir. Onun fikrincə, müqəddəs yerləri ziyarət etməkdən daha vacib olan mərhəmətli, ədalətli və səxavətli insan olmaqdır.
Şeirdə tənqid hədəfi həcc ziyarətinin özü deyil. Hədəf dini dəyərləri zahiri mərasim səviyyəsində saxlayan, lakin bu dəyərlərin tələb etdiyi insani və ictimai məsuliyyətləri yerinə yetirməyən davranış tərzidir.
Yekun olaraq, bu şeiri yalnız bir şəxsin həcc ziyarətindən sonra yazılmış məzəli münasibət şeiri kimi qiymətləndirmək düzgün olmazdı. O, dövrün ictimai-mənəvi münasibətlərinə, zahiri dindarlığa, sosial məsuliyyətsizliyə və xeyriyyəçilik anlayışının yanlış yozulmasına yönəlmiş satirik nümunədir. Şeirin əsas mesajı belə ümumiləşdirilə bilər: Allah yolunda səfərə çıxmazdan əvvəl insanın öz ətrafındakı insanların haqqını tanıması və onların dərdinə şərik olması vacibdir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2026)


