Kamalə Abiyeva,
şair, publisist.
“Ədəbiyyat və incəsənət”
Heç buluda dönmək, yağış olmaq istədinizmi bu illər ərzində? Külək olub dolaşmaq istədinizmi yad əllərdə olan torpaqlarda? Mən istədim...
O yerlərin həsrətini çəkmədim təkcə, o yerlərin necə həsrət çəkdiyini hiss etdim. Qulağıma o yerlərin səsi gəlirdi elə bil. Hər daşın, çınqılın, hər gülün, mamırın ağladığını görürdüm elə bil. “Bir gün gələcəyəm” deyirdim.
Və o gün gəldi.
Mən neçə-neçə igidimin, şəhidimin ayaq izlərinə sığal çəkə-çəkə getdim o yerlərə.
Yan-yörəmizdə, qonşuluğumuzda, gözümüzün önündə bizimlə eyni illərdə yaşayan, reallığına inanmaq çətin olan qəhrəmanlıq dastanı yazanların varlığından xəbər tutduq. Onları tanıyanda heyrət edirsən. Bu inanılması çətin olan dastanlar Vətən sevgisindən yaranıb.
Müharibə başlayanda qələbə arzulayırdıq gözləyirdik. Ali Baş Komandana, igidlərimizə inanırdıq. Hər qarışın azadlıq xəbəri torpağa bağlı adam kimi mənə də xoşbəxtliyin nə olduğunu anladırdı. Xəbərləri izləyirdim, şəhidlərin həyatını öyrənirdim. Onlar haqqında yazmağa başlayanda tanış oldum Füzuli Mahmudlu-2 kəndinin sakini, məktəbin müəllimi Narınc Məmmədova ilə. Sizə tanıtmaq istədiyim insanlar haqqında da ondan eşitdim.
Nurəhməd Vəliyev 1967-ci ildə Füzuli rayonu Mahmudlu-2 kəndində dünyaya göz açıb. Birinci Qarabağ savaşının şəhidi Qeyrət İbişov adına Mahmudlu-2 kənd məktəbində təhsil alıb. 1975-ci ildə məktəbi bitirir, Sürücülük kursunda oxuyur. 1985-ci ildə həqiqi hərbi xidmətə yollanır.
Nurəhməd Vəliyev:
-Fotoqrafiyaya marağım uşaqlıqdan vardı. Hərbi xidməti Volqoqradda keçirdim. Orda fotoqrafiyayla məşğul olan bir leytenantla tanış oldum. Ona kömək edirdim, şəkillərini qurudur, sonra çap edirdim. Əsgər maaşılarını toplayırdıq, hər ay bir əsgərə ürəyi istəyən nəsə alırdıq. Mən də özümə “Zenit” fotoaparatı aldım və beləcə ilk fotolorımı çəkdim.
Hərbi xidmətdən doğma el-obasına qayıdan Nurəhməd bir müddət qaynaqçı işləsə də fotoqraf olmaq arzusu onu rahat buraxmırdı və o bu sənəti öyrənirdi. 1993-cü ildən döyüşlərə qatılır, o illərdə çəkdiyi şəkillər əsil tarixi sənədlərdi. Bir çox naməlum şəhidlərin kimliyinin müəyyənləşdirilməsində məhz Nurəhmədin çəkdiyi şəkillərdən istifadə olunub. Onun xatirələrini eşitmək də çox ağır idi.
-Afiq Zamanov adlı bir oğlan vardı. Ağır yaralanmışdı. Mina 5 nəfəri paramparça etmişdi. Bircə Afiqin nəfəsi vardı. Özüm yaralı idim. Afiqi görəndə yaramı da unutdum. Onu həkimə çatdırdıq. Həkimə ”qoyma ölüm, 5 aydı evlənmişəm...”- dedi. Hələ də o səhnə gözümün önündə, səsi qulağımdadı.
Qəhərlənir Nurəhməd bəy. Səsi boğazında ilişib qalır.
- Çox oğlanlar vardı ki, “son damla qanımıza qədər vuruşacayıq” deyə and içmişdi. Heç həkimə də getmirdi yaralı olanlar. O vaxtdan qəlpə ilə yaşayanlar, yaralalanlar var ki, qazi adı almayıblar. Elə oğullar itirdik ki, Qazi adı almaq haqda düşünə bilmirdik. Özümüzə sığışdırmırdıq həkim qeydiyyatına düşməyi. Ancaq torpaqlarımızı, elimizi-obamızı düşünürdük. Müharibə kəndimizə qədər çatmışdı. Kənddən o yana irəliləmək çox asandı... Düşmənin qarşısını kəsməli idik. Silah da yox idi. Bir də xəbər tutdum Ağabala gəlib. Ağabala Quliyev... Onun yanına getdim. Onun mərdliyinin işığına getdim. O günləri təsəvvür etmək belə çətindi. Ermənilər Füzulidəydi. Yer-göy bir-birinə qarışmışdı elə bil. Kəndimiz dağın ətəyindədi. O kəndi almaq birbaşa qalan yerlərə yolun açılması demək idi. Ağabala Quliyev o vaxt Sumqayıtda baş prokuror idi, birbaşa işdən kəndə gəlmişdi. 30 km uzaqlıqda olan Şükürbəyli kəndində bir buluddağıdan top vardı, bir də iki əsgər-İsgəndərov Namiq və Hamlet Hüseynov. Köməkləşib topu gətirib ən hündür yerə çıxarmışdılar. Əsgərlər Ağabalaya kömək edir, mən çətinliklə də olsa motosikllə mərmi daşıyırdım o yüksəkliyə. Tank və BMP-lərlə hücuma keçən ermənilər bir nəfərin buluddağıdan topla döyüşdüyünü bilmirdi. Sizə Ağabala müəllimin igidliyini, cəsarətini, vətən sevgisini necə çatdırım, bilmirəm. Ermənilərin iki tankını vurdu. Düşmən çaşıb qalmışdı. O qeyri-adi bir şəxsdi. O, əsil Xalq Qəhrəmanıdır. Sonra 777-ci xüsusi təyinatlı əlahiddə hərbi hissə köməyə gəldi. Ermənilər artıq tanklarını da qoyub qaçırdılar. Düşmən tamamilə geri çəkilməli oldu. Bu döyüş olmasaydı, kim bilir, daha hansı əraziləri ələ keçirəcəkdilər. Hərbiçilər də Ağabalanın igidliyindən heyrətə gəlmişdi. Ağabala müəllim 8 yaşında atasını itirib. Anası Suma xanım min əziyyətlə 8 uşaq- ləyaqətli övladlar böyüdüb. Döyüş vaxtı dağa baxıb bizim üçün dua edirmiş. “Məni orda dəfn edərsiz” deyə vəsiyyət etmişdi. O topun yerində də dəfn olunub. Belə igidlər böyüdən anaların yeri elə yüksəklikdir. Ora isə “Ağabala zirvəsi” adını vermişik.
1958-ci il 13 fevralda Füzulinin Mahmudlu-2 kəndində dünyaya gələn Ağabala Quliyev orta təhsilini və həqiqi hərbi xidmətini başa vurandan sonra ADU-nun Hüquq fakultəsinə qəbul olunur. Hüquq işçisi kimi müxtəlif vəzifələrdə işləyir. 1992-ci ilin martında döyüşlərə qatılmaq üçün baş prokuror Murad Babayeva müraciət edir. Qərargah rəisi, tabor, bölük, top komandiri kimi, əsgər kimi cəsurluqla döyüşür. Düşmənin neçə texnikasını, canlı qüvvəsini sıradan çıxarır. İyun ayının sonunda yaralanır, döyüşdən çıxmır, amma bir müddət sonra geri qayıtmalı olur. 34 yaşında Sumqayıtda baş prokuror işləyirdi. Vəzifədəydi. Müharibəyə getməyə bilərdi. Amma o getdi. Könüllü. Nə yaxşı ki getdi. Torpaq haraylayarkən kimin çağırışını gözləməlisən? Düşmənin müdafiəsiz qalan Əhmədbəyli kəndinə hücum etdiyini eşidən kimi kəndə yollanır. Orda isə, qeyd edilən kimi, cəmi iki əsgər vardı. Hücumda olan ermənilər vur-tut 3 nəfərlə döyüşdüyünü bilmədi heç. Yüksəkliyə qaldırılan topla Ağabala Quliyev orduya döndü. Nurəhməd bütün günü mərmi daşıdı. Düşmən tankını belə qoyub geri çəkildi. Beləcə Füzulinin qalan kəndləri və daha neçə kənd xilas oldu.
Birinci Qarabağ savaşında “Topçu Ağabala” kimi tanınan, düşməni qorxuya salan, çoxlarının igidlik nümunəsi olan Ağabala Quliyev haqqında publisistik yazılar az deyil. Onun haqqında bir-neçə kitab da var. Onları oxuduqca düşünürsən ki, əsrlər boyu yaşam mücadiləsi verən Azərbaycan Ağabala kimi oğulların sayəsində yaşaya bilib.
Ağabala Quliyevin indi səhhətində problemlər var. Amma ötən illərdə vicdanlı, ədalətli hüquq işçisi kimi dövlətə sədaqəti ilə seçilib, Müxtəlif təşəkkürnamələri, fəxri fərmanları, təltifləri var.”Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Ağabala Quliyevin döyüş yolu qəhrəmanlıq yoludur. Onun döyüş yoldaşlarının, müxtəlif rütbəli zabitlərin xatirələri var bu haqda. Oxuduqca vətən sevgisi, dövlətinə sədaqətlə döyünən igid bir ürək sahibi ilə qürur duyursan. İlk dəfə 1993-cü ildə və sonralar Ağabala Quliyev bir-neçə dəfə Milli Qəhrəman adına təqdim olunsa da, məsələ həllini tapmayıb. Ona “Xalq Qəhrəmanı topçu Ağabala” deyirlər. Bu adı ona tanıyanlar, çiyin-çiyinə döyüşənlər, cəsurluğunun şahidi olanlar verib.
Mən də onu yenə də tanıtmaq istədim. Çoxunun gözlədiyi xəbəri eşitmək arzusuyla.
“Ədəbiyyat və incəsənət”
(02.11.2026)


