Sumqayıtdan keçən rəqəmsal irək yolu: Azərbaycanın gələcəyinə açılan üfüqlər Featured

Rafiq Mehdiyev,

iqtisadçı, maliyyəçi.

“Ədəbiyyat və incəsənət”

 

Bəzən bir şəhərin əhəmiyyəti onun ərazisindən keçən yolların uzunluğu ilə deyil, gələcəyə aparan yolların hansı başlanğıc nöqtəsinə çevrilməsi ilə ölçülür.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Transxəzər fiber-optik kabel xəttinin rəsmi açılışına start verilməsi, məncə, məhz belə tarixi əhəmiyyət daşıyan hadisələrdəndir.

 

Azərbaycan və Qazaxıstanın birgə həyata keçirdiyi bu layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələrin genişləndirilməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına və ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Layihənin ən diqqətçəkən cəhətlərindən biri isə onun coğrafiyası və texnoloji miqyasıdır. Xəzər dənizinin dibi ilə Sumqayıt və Aktau arasında təxminən 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilib. Layihə üzrə elan edilən saniyədə 400 terabitdən artıq ötürmə qabiliyyəti rəqəmsal dünyanın nəhəng informasiya axınlarını daşımaq üçün geniş imkanlar açır.

Bu, sadəcə iki sahili birləşdirən kabel deyil. Bu, ölkələri, iqtisadiyyatları, elmi potensialı və texnoloji gələcəyi birləşdirən yeni kommunikasiya körpüsüdür.

 

Bir sumqayıtlı kimi bu xəbərdən qürur duyuram

 Sumqayıtın adının belə qlobal əhəmiyyətli rəqəmsal layihə ilə yanaşı çəkilməsi mənim üçün yalnız şəhər sevgisindən doğan qürur deyil. Bu, Sumqayıtın gələcəkdə müasir texnologiyaların, rəqəmsal iqtisadiyyatın və yüksək intellektual potensialın inkişafında daha mühüm rol oynaya biləcəyinə dair ümiddir.

Vaxtilə sənaye şəhəri kimi formalaşan Sumqayıt bu gün yeni dövrün tələblərinə uyğun olaraq öz inkişaf istiqamətlərini genişləndirmək imkanı əldə edir. Əgər sənaye dövründə şəhərlərin gücü zavodların, istehsal müəssisələrinin və enerji infrastrukturunun imkanları ilə ölçülürdüsə, rəqəmsal dövrdə informasiya, bilik, hesablama gücü və texnoloji infrastruktur da strateji əhəmiyyət daşıyır.

Məhz buna görə Sumqayıtın belə bir layihənin coğrafi başlanğıc nöqtələrindən biri olması gələcək inkişaf baxımından diqqətəlayiq hadisədir.

 

Kabeldən daha böyük məna: informasiya, investisiya və intellektual əmək

Bu layihənin əhəmiyyəti yalnız məlumatların bir ölkədən digərinə ötürülməsi ilə məhdudlaşmır. O, Azərbaycan üçün yeni iqtisadi imkanların yaranmasına da şərait yarada bilər.

Rəqəmsal infrastrukturun inkişafı beynəlxalq investorların marağını artıra, məlumatların emalı mərkəzlərinin, bulud texnologiyalarının, süni intellekt sistemləri üçün hesablama infrastrukturunun və digər yüksək texnologiyalı xidmətlərin inkişafına təkan verə bilər.

Əlbəttə, kabel xəttinin çəkilməsi öz-özlüyündə bütün bu imkanların avtomatik reallaşması demək deyil. Təbii ki, bunun teallaşması üçün müvafiq enerji təminatı, etibarlı telekommunikasiya infrastrukturu, əlverişli investisiya mühiti, peşəkar kadrlar və məqsədyönlü iqtisadi siyasət lazımdır.

Belə bir strateji infrastrukturun mövcudluğu həmin imkanların reallaşdırılması üçün mühüm zəmin yaradır.

Mənim üçün məsələnin ən vacib tərəflərindən biri də məhz budur: gələcəkdə Sumqayıtda yalnız fiziki məhsul istehsal edən müəssisələrin deyil, həm də bilik, informasiya və yüksək əlavə dəyər yaradan texnoloji mərkəzlərin formalaşması.

Belə müəssisələr proqramçılar, mühəndislər, kibertəhlükəsizlik mütəxəssisləri, məlumat analitikləri və süni intellekt sahəsində çalışan mütəxəssislər üçün yeni iş yerləri yarada bilər. Bu isə şəhərin gəncləri üçün müasir əmək bazarına çıxış imkanlarının genişlənməsi, insan kapitalının güclənməsi və iqtisadiyyatın şaxələndirilməsi deməkdir.

Başqa sözlə, bu gün Xəzərin dibindən keçən informasiya xətti sabah Sumqayıtda yeni intellektual əmək və innovasiya mühitinin yaranmasına xidmət edə bilər.

 

Orta Dəhlizin rəqəmsal gələcəyi

Azərbaycanın coğrafi mövqeyi tarixən Şərqlə Qərb arasında körpü rolunu oynamağa imkan verib. Bu gün həmin üstünlük yalnız avtomobil yolları, dəmir yolları, limanlar və yükdaşımalarla məhdudlaşmır.

 

Transxəzər fiber-optik kabel layihəsi Orta Dəhlizin rəqəmsal imkanlarını genişləndirərək Azərbaycanı beynəlxalq informasiya mübadiləsinin mühüm iştirakçılarından birinə çevirə bilər.

Çin və Mərkəzi Asiyadan gələn məlumatların Azərbaycan, Gürcüstan və digər marşrutlar vasitəsilə Avropaya ötürülməsi rəqəmsal əlaqələrin şaxələndirilməsinə və dayanıqlığının artırılmasına xidmət edə bilər. Beləliklə, Azərbaycanın tranzit potensialı yeni məzmun qazanır: ölkəmiz təkcə malların və yüklərin deyil, həm də nəhəng informasiya axınlarının hərəkətində iştirak etmək imkanı əldə edir.

Bu, müasir dünyanın iqtisadi reallıqlarına uyğun strateji yanaşmadır. Çünki XXI əsrdə informasiya da iqtisadi gücdür, texnologiya da rəqabət üstünlüyüdür, insan kapitalı isə inkişafın əsas dayaqlarından biridir.

 

Gələcəyə ünvanlanan bir arzu

Düşünürəm ki, bu layihənin əhəmiyyəti Sumqayıt üçün ayrıca araşdırılmalı və qiymətləndirilməlidir. Şəhərin mövcud sənaye potensialı, insan resursları və ölkənin rəqəmsal inkişaf strategiyası nəzərə alınaraq burada məlumatların emalı mərkəzlərinin, innovasiya məkanlarının və yüksək texnologiyalı xidmət müəssisələrinin yaradılması imkanlarına baxmaq məqsədəuyğun olardı.

Əgər bu gün Sumqayıtın adı Xəzərin dibi ilə çəkilən rəqəmsal magistralla bağlıdırsa, gələcəkdə onun adı həmin magistral üzərində formalaşan yeni texnoloji və intellektual iqtisadiyyatla da tanına bilər.

Bu, sadəcə bir arzu deyil, düzgün planlaşdırma, investisiya və insan kapitalına diqqət tələb edən inkişaf perspektividir.

Bir Sumqayıtlı kimi istəyim budur ki, şəhərimiz sənaye ənənələrini qorumaqla yanaşı, rəqəmsal gələcəyin də fəal iştirakçısına çevrilsin. Qoy Sumqayıt təkcə istehsal etdiyi məhsullarla deyil, yetişdirdiyi mütəxəssislərlə, yaratdığı texnologiyalarla və dünya informasiya məkanına verdiyi töhfələrlə də tanınsın.

Çünki gələcəyin yolları təkcə torpaqdan və dənizdən deyil, bilikdən, zəkadan və informasiyadan da keçir. Sumqayıtın bu yolların üzərində öz layiqli yerini tutması isə hamımızın arzusudur.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.