Laosun Prezidenti “ASAN xidmət”də

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit  ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı bilgi verib.

Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Laos Xalq Demokratik Respublikasının Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.