PANDEMİYA - söhbət tənqidə dözümsüzlükdən gedir

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AYB, AJB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət”

 

Mən artıq 30 ildir ki, (1996-2026) elm, tədqiqat, media və jurnalistika ilə yanaşı həm də əbəiyyat sahəsindəyəm. İndiyədək ölkə daxili və xaricində, 2015-ci ildən sonra isə əsasən "Həməşəra" mətbu orqanında müxtəlif mövzularda publisist yazılarımla çıxış edirəm. Məqsədim heç vaxt məşhurlaşmaq və ya kiminsə xoşuna gəlmək, dəstək toplamaq olmayıb.

 

Üstəlik, tənqidi yazılarım kimsəni məhv etmək və zəhmətlərini görməzdən gəlmək üçün deyil, mövcud qüsurları aradan qaldırmaq hədəfini izləmiş və izləməkdədir.
Hər zaman səmimiyyət və etika çərçivəsində fikirlərimi bölüşürəm. Kim və ya kimlər bu yazılardan necə nəticə çıxaracaq və ya hansı mövqe tutacaqsa, bu artıq onların şəxsi işidir.
Mən heç vaxt yazılarımı kiminsə sifarişi ilə, kimdənsə icazə alaraq yazmamışam. Çünki özgürlük mənim vazkeçilməz həyat prinsiplərimdən biridir. Əlbəttə, cəmiyyət arasında tənqidlə təhqiri eyni tutan bir çox "ali savadlı", "ziyalı" və "ədəbiyyat nümayəndələri" də var. Lakin mən heç bir zaman ədəb və etika çərçivəsindən kənar kimisə tənqid etməmişəm. Hansısa ali savadlı pedaqoq mənim sadə dildə yazdığım aydınmənalı yazımı oxuyub başa düşə bilmirsə və ya hansısa bir ifadə və ya cümləni konteksdən çıxarıb qabartmağa cəhd edirsə, bu artıq mənim qüsurum deyil...
Amma ən acı məsələ ondan ibarətdir ki, indiyədək hökumət və dövlət qurumları, siyasət, media, din, mədəniyyət, incəsənət, ədəbiyyat və s. mövzularda yazıb çıxış etdiyim tənqidi yazılarıma görə qarşı tərəfdən bircə dəfə də olsun təşəkkür görmədim!
Baxmayaraq ki, kimdənsə təşəkkür almaq üçün yazmıram. Amma hər dəfə tənqid qarşısında gözlərini yumub şablon ifadə və boş-boş iddialarla özünü "müdafiə" edən, bəzən də şəxsiyyəti, kimliyi və cinsiyyəti bəlli olmayan trol sürüsü ilə üz-üzə qalmışam. Sanki tənqidə dözümsüzlük pandemiyası hər kəsə hakim kəsilib! Bu da, cəmiyyət arasında tənqidə dözümsüzlüyün kök saldığını göstərir.
Bəzən deyirlər ki, heç kimi tənqid etmə, çünki tənqid düşmənçilik yaradır... Amma bu "tövsiyə"ni edənlər sanki hansısa uca dağın başındakı mağarada deyil, cəmiyyət arasında, eyni halda bütün mənfəət və ziyanların bərabər şəkildə hər kəsə çatdığı ümumi bir məkanda və ya mühitdə yaşadıqlarının fərqində deyillər. Üstəlik, düşmənçilik yaradan əsas səbəb tənqid adı altında təhqirə yol verməkdir. Lakin ədəb-ərkan və etika çərçivəsində tənqid deyilirsə və qarşı tərəf də ağıllı-kamallı insandırsa, düşmənçilik nəyə lazımdır ki?!
Əslində tənqidə dözümsüzlük (və ya tənqidi qəbul edə bilməmək) tamamilə təbii psixoloji müdafiə mexanizmidir. İnsanlar tənqid olunanda çox vaxt bunu sadəcə bir fikir kimi deyil, öz şəxsiyyətlərinə, bacarıqlarına və ya mövqelərinə qarşı bir təhlükə kimi qəbul edirlər. Bəzən də tutduğu vəzifə və gördüyü işdə az qala özü boyda səhvə yol verənlər cəmiyyət arasında və ya özlərindən yuxarı vəzifədə olanlar yanında pis vəziyyətə düşməmək üçün belə çabalara əl atırlar.
Hər halda etika və mədəniyyətin tələbinə əsasən, tənqid qarşısında dözümlü olmaq, deyilən irad və tənqidlərdən düzgün nəticə çıxarıb mövcud problemlər və qüsurların həllinə çalışmaq lazımdır. Kimsə özünü həyatda "göydən düşmə mələk" saymamalı, istənilən sahədə səhvə və qüsura yol verdiyini qəbullanmalıdır. Ümumiyyətlə, varlıq aləmin Ulu Tanrıdan başqa qüsursuz axtarmaq tam mənasız və absurddur. Eyni halda bu da aydın məsələdir ki, tənqid qarşısında əyninə zirehli libas, başına dəmir dəbilqə və əlinə qalxan alıb özünü kortəbii formada "müdafiə" edənlərin nə özlərinə, nə də olduqları istənilən sahədə heç bir davamlı və fundamental xidməti, gərəyi və faydası yoxdur. Əlbəttə, bu arada ağıldan qüsurlu olanları mövzudan ayrı tutmaq lazımdır. Çünki belələrinə ən xoş niyyət, ən səmimi və ən xeyirxah ifadələrlə yanaşıb bir söz (irad, tənqid) dedikdə belə, hər şeyi özləri kimi kəlləmayallaq tərzdə "anlayır" və hər şeyi alt-üst etməyə qalxırlar. Belələri üçün yalnız Ulu Tanrıdan şəfa diləmək lazımdır. Özünü "ağıldan kəm" kimi göstərməyə çalışanların isə ümumiyyətlə, insanlıqdan payı olmadığı üçün belələrini birdəfəlik tərk etmək və özbaşına buraxmaq ən gözəl seçim olardı...

Xan və güzgü məsəli
Tənqidə dözümsüzlük və öz səhvlərini görmək istəməmək barədə ən gözəl və təsirli Şərq rəvayətlərindən biri də "Xan və güzgü" məsəlidir. Burada həmin məsəli sizlərlə bölüşmək istəyirəm:

Xan və güzgü: Biri var idi, biri yox idi... Qədim zamanlarda çox zalım, təkəbbürlü və tənqidə əsla dözümü olmayan bir xan yaşayırdı. Onun ən böyük qüsuru o idi ki, fiziki olaraq çox çirkin, eybəcər idi. Lakin ətrafındakı hamı qorxudan ona yalnız təriflər yağdırır, nə qədər "yaraşıqlı və heybətlə qüsursuz" olduğunu deyirdi. Xan da buna ürəkdən inanırdı. Onun sarayında bir dənə də olsun güzgü yox idi, çünki xan güzgülərə nifrət edirdi.
Bir gün uzaq ölkələrdən gələn bir səyyah xana təmiz büllurdan hazırlanmış çox gözəl bir güzgü hədiyyə edir. Səyyah xanın bu xasiyyətindən xəbərsiz idi. Xan maraqla güzgüyə baxır və ilk dəfə öz real simasını - qırışlarını, əyri burnunu və eybəcərliyini görür. Dəhşətli dərəcədə qəzəblənən xan qışqırır: - Bu nə iyrənc, nə pis bir güzgüdür! Məni belə çirkin göstərməyə necə cürət edir?! Xan dərhal güzgünü yerə çırpıb parça-parça edir. Sonra isə vəzirini çağırıb deyir: "O səyyahı dərhal edam edin! Mənə hiylə gəlib, məni eybəcər göstərən sehrli bir əşya gətirib!"
Müdrik vəzir xanın tənqidə dözümsüzlüyünü və həqiqətdən qaçdığını görüb başını aşağı salır və deyir: Əlahəzrət Xanım sağ olsun! Səyyahı edam etmək asandır. Amma unudursunuz ki, güzgünü sındırmaqla sizin üzünüz dəyişmədi. Güzgü sadəcə olanı göstərirdi. Siz sizə həqiqəti söyləyən güzgünü yox, sizə bu eybəcər simanı verən taleyinizi və ya bu simanı bəzəməyən daxili aləminizi qınamalısınız...
Bu rəvayətə görə, tənqid bir növ güzgüdür. Tənqidə dözə bilməyib tənqid edən insanı susdurmaq üçün çaba atmaq, onunla dalaşmaq və ya onu həyatımızdan çıxarmaq bizim səhvlərimizi yox etmir. Səhv elə səhv olaraq qalır. Həmçinin, müdriklik qəbul etməkdir. Real güc və doğru-dürüstlük tənqid edən "güzgünü" sındırmaqda deyil, o güzgüyə baxıb özünü düzəltmək, qüsur və eybəcərlikləri aradan qaldırmaq cəsarətindədir...

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.