Omanlılar ASAN-ı, ABAD-ı çox bəyəniblər

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

ASAN tanınmış Azərbaycan brendi olaraq dünyada tanınır, yayılır, tətbiq edilir. Bu, əlbəttə ki hər birimizi sevindirir. Ölkəmizə gələn nümayəndə heyətlərinin mütləq ASAN-a da baş çəkməsi isə bir ənənə, hətta bir qayda halını alıb. Diqqətimi çəkən növbəti belə hal Oman Sultanlığının Kiçik və Orta Bizneslərin İnkişafı İdarəsinin sədri Halima Bint Rəşid Al Zarinin rəhbərlik etdiyi nümayəndə heyətinin ASAN-a təşrif buyurması olub.

 

Bu vidalaşmaqda olduğumuz sentyabr günlərində omanlılar "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Sonra "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş təqdimat edib.

Və mütləq qeyd edim, ABAD da artıq bir brend olaraq tanınmağa başlayıb. Fermerlərə dövlət qayğısı, subsidiyaları hesabına onların istehsal etdikləri təbii və sağlam qidalar həm piştaxtalara, həm də ürəklərə yol tapmaqdadır.

Səfər çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Və ən əsası, çox məmnun qaldıqlarını və çox şeylər öyrəndiklərini etiraf ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.