BU GÜN AİDA İMANQULİYEVANIN ANIM GÜNÜDÜR
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Aida İmanquliyev - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı dünyaya gətirən görkəmli alim, ərəbşünas, elmə dəyərli töhfələr vermiş unudulmaz bir şəxsiyyətdir.
2006-cı ildə onun ərəb dilində nəşr olunmuş “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının təqdimatında Mehriban Əliyeva anası haqqında geniş danışıb. Onun bu ifadəsi xüsusilə diqqətçəkəndir: “Aida İmanquliyeva unudulmaz insan idi.”
Mehriban Əliyeva Aida xanımı yüksək təhsilli, ziyalı, vətənpərvər və prinsipial alim kimi səciyyələndirib; eyni zamanda ailəsinə böyük məhəbbət bəsləyən və insanlara yardım etməyə hazır olan bir şəxs olduğunu bildirib.
O, Aida İmanquliyevanın bütün elmi yaradıcılığının Azərbaycanla Şərq arasında əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə yönəldiyini də vurğulayıb.
Görkəmli alim, ərəbşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri, "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.
Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda 1967-ci ildə “Qələmlər birliyi” və onun Mixail Nüaymənin yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi adı alıb.
Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışıb. 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərib. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışıb. 1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.
A. İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 2005-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin xatirə medalı ilə təltif edilib.
Əsərləri
1. "Mixail Nüaymə və Qələmlər birliyi"
2. "Cübran Xəlil Cübran"
3. "Yeni ərəb ədəbiyyatının korifeyləri"
4. "Корифеи новоарабской литературы (к проблеме взаимосвязи литератур Востока и Запада начала ХХ века)"
5. "Истоки арабско-русских культурных и литературных связей" (Вопросы восточной филологии)
6. "Русская литературно-критическая мысль и творчество М. Нуайме" (Вопросы восточной филологии)
7. "Природа в творчестве Амина ар-Рейхани" (Вопросы восточной филологии)
Barəsində səslənən dəyərli fikirlərə də göz yetirək:
Vasim Məmmədəliyev – akademik, ərəbşünas alim
Aida İmanquliyeva haqqında ən yaddaqalan qiymətləndirmələrdən biri akademik Vasim Məmmədəliyevə məxsusdur. O, İmanquliyevanı keçmiş SSRİ məkanında şərqşünaslığın ən nüfuzlu alimlərindən biri kimi səciyyələndirib.
Daha mühüm fikri isə belədir: İ. Y. Kraçkovskinin sovet ərəbşünaslığında yeni ərəb ədəbiyyatının tədqiqinə başlanğıc verdiyini, “bu sahədə tədqiqatların zirvəsini Aida İmanquliyevanın fəth etdiyini” bildirib. Vasim Məmmədəliyev həmçinin onu ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısı adlandırıb.
Bu fikir Aida İmanquliyevanın yalnız Azərbaycan miqyasında deyil, dünya ərəbşünaslığında tutduğu mövqeyə verilən ən ciddi qiymətləndirmələrdəndir.
Nərgiz Paşayeva – akademik
Nərgiz Paşayeva anası Aida İmanquliyeva haqqında danışarkən onun elmi fəaliyyətini belə qiymətləndirib:“Müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açdı, yeni məktəbin əsasını qoydu.”
O, Aida İmanquliyevanı həmçinin yeni dövr ərəb ədəbiyyatı üzrə Azərbaycanın ilk ərəbşünas alimi və ilk elmlər doktoru kimi təqdim edib və onun fundamental tədqiqatlarının Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirdiyini vurğulayıb.
Nərgiz Paşayevanın daha şəxsi xarakterli qiymətləndirməsi də diqqətəlayiqdir: Aida İmanquliyevanı “müdrik azərbaycanlı və Şərq qadınının təcəssümü” kimi xarakterizə edib.
İsa Həbibbəyli – akademik, AMEA prezidenti
İsa Həbibbəyli 2024-cü ildə Aida İmanquliyevanın anım mərasimində onun Azərbaycan ərəbşünaslığında ədəbi istiqamətin əsasını qoyduğunu bildirib. Onun sözlərinə görə, İmanquliyeva: Azərbaycan ərəbşünaslığının inkişafına böyük töhfə verib; ərəbşünaslığın Azərbaycanda elmi istiqamət kimi formalaşmasına zəmin yaradıb; ərəb mühacir ədəbiyyatının tədqiqində yeni yol açıb; dünya elminin ərəb məhcər ədəbiyyatının öyrənilməsinə mühüm töhfə verib.
Bu, xüsusilə əhəmiyyətlidir, çünki İsa Həbibbəyli onun fəaliyyətini təkcə bir alim kimi deyil, Azərbaycanda bütöv bir elmi istiqamətin formalaşması baxımından qiymətləndirir.
Aida İmanquliyeva 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.09.2026)


