Süni intellekt şagirdlərdən nə alır və onlara nə verir? Featured

ŞAGİRDLƏRİN SI-dən İSTİFADƏSİNƏ EFFEKTİV NƏZARƏT MEXANİZMİ OLMALIDIR

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Süni intellekt (Sİ) texnologiyalarının təhsil sahəsinə sürətli nüfuzu şagirdlərin öyrənmə təcrübəsini köklü şəkildə yeniləyir və fərdiləşdirilmiş tədris imkanlarını genişləndirir. Mürəkkəb mövzuların sadə izahından tutmuş analitik təfəkkürün inkişafına qədər AI alətləri (süni intellektdən istifadə edən proqram və xidmətlər) şagirdlər üçün effektiv bir interaktiv köməkçiyə çevrilir. Bu texnologiyalar təhsil alanlara öz öyrənmə tempinə uyğun irəliləmək, yaradıcı ideyalar generatoru kimi istifadə etmək və informasiyanı daha sürətlə mənimsəmək imkanı verir. Doğru istiqamətləndirildikdə süni intellekt nəinki biliklərin mənimsənilməsini asanlaşdırır, hətta şagirdlərin rəqəmsal savadlılığını və müasir tədqiqat bacarıqlarını da gücləndirir.

 

Sİ təhsil sahəsində inqilabi imkanlar açsa da, onun məktəblilərin intellektual, psixoloji və sosial inkişafına mənfi təsirləri də elmi və pedaqoji ictimaiyyəti ciddi narahat edir. Müasir tədqiqatlar göstərir ki, Sİ alətlərindən nəzarətsiz və həddindən artıq istifadə şagirdlərdə passiv öyrənmə vərdişləri formalaşdırır.

Hər şeydən əvvəl intellektual tənəzzül və koqnitiv risklər yaranır, tənqidi düşüncə və təhlil bacarıqları zəifləyir. Şagirdlərin mürəkkəb tapşırıqları, inşaları və məsələləri sərbəst həll etmək əvəzinə Sİ-yə həvalə etməsi "koqnitiv yükün – insan beyninin informasiyanı qəbuletmə, dərketmə, emaletmə, təhliletmə və xatırlama qabiliyyətlərinin azalmasına" (cognitive offloading) gətirib çıxarır. Nəticədə mühakimə yürütmə, səbəb-nəticə əlaqəsi qurma və analitik təhlil vərdişləri kütləşir.

Yaradıcılıq və orijinallıq itir. Şablon cavablar və hazır alqoritmlər şagirdin özgür təfəkkürünü boğur. O, şəxsi ideyalarını formalaşdırmaq yerinə maşın tərəfindən təklif olunan hazır fikirləri mənimsəyir.

Yaddaş hüceyrələrinin passivləşməsi prosesi başlayır. Məlumatın asan əldə olunması informasiyanı yadda saxlamaq və zehni sınaq-səhv (trial-and-error) prosesindən keçirmək motivasiyasını aşağı salır.

Problem həll etmə (Problem Solving) mexanizmi pozulur. Riyazi, məntiqi və ya fəlsəfi məsələlərin sərbəst həlli zamanı beynin yaşadığı "məhsuldar çətinlik" (productive struggle) neyron səviyyəsində sinapsların möhkəmlənməsini təmin edir. Sİ hazır həlli ani olaraq təqdim etdikdə, şagird bu inkişaf mərhələsindən məhrum olur. Bu da uzunmüddətli yaddaşın (long-term memory) formalaşmasına mane olur.

Funksional oxu və mətnin analizi bacarığının itkisi baş verir. Uzun və mürəkkəb mətnlərin Sİ vasitəsilə qısaldılması və ya ümumiləşdirilməsi şagirdlərin dərin oxu (deep reading) vərdişlərini sıradan çıxarır. Nəticədə, mətnin alt qatındakı mənaları, kontekstual incəlikləri və məntiqi uyğunsuzluqları tutmaq qabiliyyəti (metakoqnitiv bacarıqlar) kəskin şəkildə zəifləyir.

Şagirdlər tapşırıqları özləri yerinə yetirmədiyi üçün biliklərin mənimsənilməsi səthi qalır. 

Emosional asılılıq, sosial tənhalaşma və empatiya zəifliyi baş verir.  Çatbotlarla həddindən artıq vaxt keçirmək həmyaşıdlar və müəllimlərlə canlı ünsiyyəti azaldır.

Səbr itkisi və anidən nəticə əldə etmək istəyi artır. Sİ-nin anında cavab verməsi şagirdlərdə uzunmüddətli diqqət toplama və çətinliklərə dözümlülük bacarığını zəiflədir.

Üstəlik dezinformasiya və halüsinasiya halları yarana bilir. Süni intellekt modelləri bəzən yanlış və ya uydurma faktlar ("hallucination") təqdim edir. Tənqidi süzgəci inkişaf etməmiş şagirdlər bu məlumatları mütləq həqiqət kimi qəbul edirlər. Onlar alqoritmin təqdim etdiyi səlis və inandırıcı dili görərək məlumatın doğruluğuna şübhə etmirlər. Bu isə şagirdlərdə yanlış biliklərin "doğru" kimi möhkəmlənməsinə gətirib çıxarır.

Plagiatın yeni forması – "generativ saxtakarlıq" özünü biruzə verir. Ənənəvi plagiat başqasının mətnini kopyalamaqla baş verirdisə və xüsusi proqramlarla  asanlıqla tapılırdısa, Sİ tərəfindən sıfırdan yazılan unikal mətnləri müəyyən etmək texniki baxımdan çox çətindir. Bu, akademik saxtakarlığı kütləviləşdirir və qiymətləndirmə sistemini mənasızlaşdırır.

Akademik etika və qiymətləndirmə sisteminin iflası da qaçılmaz olur. Təhsilin əsas sütunlarından biri obyektiv qiymətləndirmə və akademik dürüstlükdür. Süni intellektin tənzimlənməyən istifadəsi bu sistemi də struktur krizisinə sürəkləyir. Bilik və bacarığın obrazlı illüziyası gerçəkləşir: müəllim şagirdin təqdim etdiyi mükəmməl yazılmış inşaya və ya tədqiqat işinə əsasən onun biliyini yüksək qiymətləndirir. Lakin real imtahan və şifahi təqdimat zamanı şagirdin həmin mövzudan xəbərsiz olduğu ortaya çıxır. Bu da təhsil indikatorlarının real vəziyyəti əks etdirməməsi ilə nəticələnir.

Süni intellektin təhsildə yanlış və ya nəzarətsiz istifadəsinin yaratdığı fəsadların sayını artırmaq da olar. Zənnimizcə, qeyd etdiklərimiz kifayətdir.

Bir şeyi də unutmaq lazım deyil ki, bu fəsadlar yalnız texniki və ya pedaqoji deyil, həm də neyrobioloji, psixoloji və sosial ölçülərə malik kompleks bir problemdir. Texnologiyanın öyrənmə prosesinə gözübağlı inteqrasiyası, biliklərin mənimsənilməsi mexanizmini kökündən zədələyə, idrak funksiyalarının deqradasiyasına və təhsil sisteminin təməl prinsiplərinin sarsılmasına gətirib çıxara bilər.

Lakin şagirdləri süni intellektdən tamamilə uzaqlaşdırmaq qətiyyən həll yolu deyil. Əsas hədəf onlarda texnologiyanı hazır həll mənbəyi kimi deyil, köməkçi tədqiqat aləti kimi istifadə etmək vərdişini aşılamaqdır.

Bu misilsiz imkanlardan maksimum bəhrələnmək və onun şagirdin müstəqil təfəkkürünü əvəz etməsinin qarşısını almaq üçün prosesin düzgün idarə olunması vacibdir. Məhz bu səbəbdən, süni intellektin tədrisdəki yüksək əhəmiyyətini qoruyaraq onun tətbiqinə sağlam və effektiv nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi müasir təhsilin ən aktual tələblərindəndir. Burada məktəbin –müəllimin, valideynin, içtimaiyyətin rolu və vəzifəsi konkret müəyyən olunmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.