Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Həmidə xanım Cavanşir: “Ya bu gecə Ağdam-Şuşa yolu açılmalıdır, ya da lazım gəlsə, mən də şəhid olacam!”
Qüdrəti, əzəməti, xeyirxahlıq, yaxşılıq missiyası ilə Qarabağın “Dəmir ledi”si titulunu alan, Pənahəli xanım törəsi, Şuşa qalasının zinəti, Əhməd bəy Cavanşirin möhnəti, Kərim bəy Mehmandarovun həsrəti, Cəlil Məmmədquluzadənin kədəri kimi tarixdə qalan, Qarabağa maarif işığı gətirənlərin, qızları təhsilə cəlb edən Hacı Zeynalabdin Tağıyev, Mirzə Nəsrulla bəy Əmirov kimi milləti millət edən dahilərin sırasında dayanan Həmidə xanım Cavanşirin iradəsinin, vətən sevgisinin sınağa çəkildiyi tarixi məqam 1918-ci ilin adına yazıldı. Soyqırımı zamanı Ağdam-Şuşa yolunu erməni daşnaklarından təmizlətdirən bu qüdrətli qadın “Difai” təşkilatının qurucuları – Əhməd bəy Ağaoğlu, Kərim bəy Mehmandarov və laçınlı Sultan bəy kimi təkcə ermənilərin tifağını dağıtmadı, Andronik Ozanyana elə bir dərs verdi ki, tarix minillər bundan sonra da ondan danışacaq.
Kərim bəy Mehmandarov: “O, Əhməd bəy Cavanşirin qızıdır!”
Erməni daşnaklarının Qarabağda qanı su yerinə axıtdığı o müdhiş günlərdə “Ya bu gecə Ağdam-Şuşa yolu açılmalıdır, ya da lazım gəlsə, mən də şəhid olacam!” nidası ilə tarix yaradan ictimai xadim Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, yazıçı, publisist, mütərcim, Qarabağın “Dəmir ledi”si Həmidə xanım Cavanşirə xəbər çatır ki, erməni dansaqları Ağdam-Şuşa yolunu tutub. Kəhrizlidən at üstündə şaxə qalxan Həmidə xanım Cavanşir 200 atlı götürüb ora gəlir və əhaliyə üz tutaraq deyir: “Ya bu gecə Ağdam yolu açılmalıdır, ya da hamımız birlikdə şəhid olmalıyıq!” Həmidə xanımı ehtiramla dinləyən Qarabağ igidləri ondan geridə dayanıb savaşı izləməsini təvəqqe edərək, hücuma keçirlər. Bir göz qırpımında Andronik Ozanyanın on mindən çox quldurunu yerə sərirlər. Bir ordunun üzərinə düşən vəzifəni Qarabağın 200 atlı igidi, daha doğrusu, Həmidə xanımın cəngavərləri bir anın içərisində yerinə yetirir. Xəbər Qarabağ Müdafiə Komitəsinə, “Difai”nin qurucularına çatır. Kərim bəy Mehmandarov vüqarla üzünü iclas iştirakçılarına tutaraq deyir: “O, Əhməd bəy Cavanşirin qızıdır! Ölümü gözə almaq, quldurların üstünə yerimək, dədə-baba yurdunu qorumaq onun üzərinə vəzifədir!”
Həmidə xanım Cavanşirin “Ya bu gecə Ağdam-Şuşa yolu açılmalıdır, ya da lazım gəlsə, mən də şəhid olacam!” nidasını gerçəyə çevirən Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə “Qarabağ Azərbaycandır!” hikmətini gerçəyə çevirən, Azərbaycan bayrağını Şuşa qalasına, Şahbulaq qalasına sancan zaman tarix təkrarlandı. Düşmən gəldiyi yerə qədər qovuldu. 44 Günlük Vətən Müharibəsində on minlərlə Qarabağ fədaisi kimi Həmidə xanım Cavanşirin də ruhu hüzura qovuşdu.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)


