Hərbi Dəniz Qüvvələrinin Komandanı, həm də şair Featured

QAZAX YURDUNDAN DƏNİZ ÜFÜQLƏRİNƏ: SAZ NƏFƏSİ İLƏ MÜASİR DÜŞÜNCƏNİN QOVŞAĞINDA

 

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

“Ədəbiyyat və incəsənət”

           

 

Əyilmə düşmənə, məğrur dayan sən,
Ulu bir millətin ümid yerisən.

 

Sübhan Kamal oğlu Bəkirov Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. Ali hərbi-mühəndislik təhsili almış, ömrünün böyük bir hissəsini hərbi xidmətə həsr etmişdir. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında, Uzaq Şərqdə hərbi xidmət keçmiş, 1985–1993-cü illərdə Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının gəmi təmiri zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü ildən Azərbaycanda hərbi gəmi təmiri sahəsində fəaliyyətini davam etdirmiş, sonrakı illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir.

 

2014-cü ildə hərbi gəmi təmiri zavodunun baş mühəndisi – rəis müavini, daha sonra isə zavod rəisi və hərbi hissə komandiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ildən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının maddi-texniki təminat üzrə müavini və Maddi-Texniki Təminat Şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

Sübhan Bəkirovun hərbi xidmət yolu dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2017-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2020-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, həmin il Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunmuşdur. Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının Qubadlı istiqamətində apardığı döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2023-cü ildə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 2024-cü ildə ona vitse-admiral ali hərbi rütbəsi verilmiş və həmin il hərbi xidmətdən ehtiyata buraxılmışdır.

 

Saz nəfəsi ilə müasir düşüncənin qovşağı

 

Sübhan Bəkirovun həyat yolunun digər mühüm istiqamətini poeziya təşkil edir. Qazaxın zəngin saz-söz mühitində dünyaya göz açan müəllifin poetik dünyasında doğma yurda, Vətənə və insan mənəviyyatına bağlılıq aparıcı xəttdir. Onun şeirlərində Qazax yalnız coğrafi məkan kimi deyil, yaddaşın, uşaqlığın, mənəvi köklərin və yurd duyğusunun daşıyıcısı kimi görünür. Yurd, ocaq, doğma torpaq və el anlayışları müəllifin poetik düşüncəsində bir-birini tamamlayan mənəvi dəyərlər kimi çıxış edir.

Sübhan Kamaloğlunun poeziyasında daxili hisslərin, duyğuların və şəxsi yaşantıların tərənnümü də mühüm yer tutur. Sevgi mövzusuna müraciət edərkən müəllif yalnız hisslərin zahiri ifadəsi ilə kifayətlənmir, məhəbbətin insan ruhunda yaratdığı dəyişikliklərə, zaman və ömürlə münasibətinə fəlsəfi prizmadan yanaşır. Onun sevgi şeirlərində duyğu ilə düşüncə, hiss ilə həyat təcrübəsi bir-birinə qovuşur.

Şairin poetik dünyasının özünəməxsus istiqamətlərindən biri də dəniz və səma obrazlarıdır. Uzun illər dənizçilik və hərbi-dənizçilik mühitində keçən həyat onun poeziyasına dənizin sonsuzluğunu, səmanın sirrini, fırtınanın təlatümünü və insanın bu sonsuzluq qarşısındakı daxili dünyasını gətirmişdir. Dəniz onun şeirlərində yalnız təbiət mənzərəsi deyil, həm də insan ömrünün, taleyin və bilinməyənlərin fəlsəfi simvoluna çevrilir. Səma isə sonsuzluq, axtarış və sirr duyğusunu tamamlayır.

Bununla yanaşı, Sübhan Kamaloğlunun poeziyasının ana xəttlərindən biri saz ruhudur. Qazaxın aşıq mühitində formalaşan poetik duyum onun şeirlərinin ahəngində, ifadə tərzində, el-obaya və doğma yurda münasibətində özünü göstərir. Bu baxımdan onun yaradıcılığında müasir həyat təcrübəsi ilə Qazaxın qədim saz-söz ənənəsinin ruhu bir araya gəlir. Şeirlərindəki bu saz nəfəsi onları yalnız fərdi duyğuların ifadəsi deyil, həm də milli poetik yaddaşla bağlı mətnlər kimi səciyyələndirməyə imkan verir.

Onun şeirləri musiqi sənətində də öz əks-sədasını tapmışdır. Tanınmış aşıq Zülfiyyə İbadova onun “Qazaxdanam” şeirinə musiqi bəstələmiş və həmin əsəri ifa etmişdir.

 

Dostuma söyləyim öz ünvanımı,

Zirvəsi qartallı bir dağdanam mən.

Bülbülün cəh-cəhi göyə yüksələn,

Laləli, nərgizli bir dağdanam mən.

 

Vaqifin heykəli dayanıb harda,

Gözümü dünyaya açmışam orda.

Şair ilhamlıdır çobanları da,

Şeiriyyət nəfəsli torpaqdanam mən.

 

Şair qəlbinin döyüntüləri yurd-yuva, vətən həsrətidir. Onun doğulduğu ana torpağa Qazağa bağlılığı da şeirlərinin ana xəttini ifadə edir.  

Bu fakt şairin poetik mətnlərinin musiqi duyumu və aşıq ifaçılığı üçün əlverişli poetik quruluşa malik olduğunu göstərir. Onun sözü qələm səhifəsindən sazın və səsin müşayiəti ilə dinləyiciyə çataraq daha geniş auditoriya qazanmışdır.

Sübhan Kamaloğlunun ilk şeir kitabı “Səni axtarıram” 2007-ci ildə nəşr olunmuşdur. Sonrakı illərdə “Sevgisiz ömür” (2009), “Dənizçi ömrü” (2015), “Ömrün payızı” (2019) və “Zəfər dolu fırtına” (2022) kitabları işıq üzü görmüşdür. Bu adların özündə belə müəllifin yaradıcılıq dünyasının əsas istiqamətlərini izləmək mümkündür: sevgi və axtarış, ömür və zaman, dənizçi taleyi, həyatın payız çağı, Vətən müharibəsi və nəhayət Zəfər zəngi.

Bu əsərləri bir arada nəzərdən keçirdikdə Sübhan Bəkirovun poeziyasında hərbçi ömrü ilə şair duyğusunun, Qazax yurdu ilə dəniz üfüqlərinin, saz nəfəsi ilə müasir həyat düşüncəsinin özünəməxsus şəkildə qovuşduğu görünür. Onun şeirlərində bir tərəfdən doğma yurdun isti nəfəsi, digər tərəfdən dənizin və səmanın sonsuzluğu duyulur. Bu iki fərqli məkanın – yurdun və dənizin – poetik yaddaşda qovuşması müəllifin yaradıcılığına fərdi və seçilən bir ruh verir.

Sübhan Kamaloğlunun yaradıcılığını bir neçə istiqamətdə təhlil etmək mümkündür. Onun poeziyasında qoşma, gəraylı və təcnis kimi aşıq şeir şəkilləri ilə yanaşı, təmsil və qəzəl janrına da müraciət edilir. Şairin yaradıcılıq imkanları yalnız ayrı-ayrı şeir nümunələri ilə məhdudlaşmır; onun poemaları da vardır. Bu müxtəliflik Sübhan Kamaloğlunun həm klassik və aşıq poeziyası ənənələrinə bağlılığını, həm də fərdi poetik dünyasını formalaşdırmaq cəhdini göstərir.

Şairin poeziyasında aparıcı mövzulardan biri Vətən və yurd sevgisidir. Hərbçi həyatı onun bu mövzuya münasibətini daha da dərinləşdirmiş, Vətən anlayışını yalnız poetik bir obraz deyil, həyatının mənası və məsuliyyəti kimi qavramasına səbəb olmuşdur. Bu baxımdan onun şeirlərində Vətən sevgisi həm duyğu, həm düşüncə, həm də vətəndaşlıq mövqeyi səviyyəsində ifadə olunur.  

Onun poetik düşüncəsində Azərbaycan yalnız coğrafi məkan deyil, insanın mənəvi varlığını müəyyənləşdirən müqəddəs bir yurddur. Vətənə bağlılıq, torpaq həsrəti, Qarabağ ağrısı, işğalın doğurduğu nisgil, parçalanmış yurdun taleyi onun şeirlərində fərdi duyğudan ümummilli düşüncəyə doğru genişlənir. Şairin “Azərbaycanım” şeirində də bu hisslər emosional və vətəndaşlıq pafosu ilə ifadə olunur:

 

Hər yanın al-əlvan, bağçadır, bağdır,
Mənim ana yurdum, Azərbaycanım!
Mən doğma balanam, sənin qoynunda
İsti yuva qurdum, Azərbaycanım!

 

Bu misralarda “ana yurd”, “doğma balanam”, “isti yuva” kimi ifadələr Vətən anlayışını insanın doğmalıq və mənəvi sığınacaq duyğusu ilə bağlayır. Şair Azərbaycanı sevən övladın dilindən danışır və Vətənlə insan arasındakı münasibəti doğma ana ilə övlad münasibəti səviyyəsinə yüksəldir. Bunun ardınca gələn “Nə qədər bölündün, parçalandın sən” misrası isə şəxsi sevincdən milli ağrıya keçidi təmin edir.

Şeirin sonrakı bəndlərində tarixi yaddaş və milli müqavimət motivləri ön plana keçir. “Qara günlər”, “min dərd”, “alınmaz qalalar” kimi obrazlar xalqın keçdiyi mürəkkəb tarixi mərhələləri xatırladır. Lakin şairin mövqeyi yalnız keçmişin ağrısını ifadə etməklə bitmir. Şeir nikbin və mübariz ruhda tamamlanır:

 

Əyilmə düşmənə, məğrur dayan sən,
Ulu bir millətin ümid yerisən.

 

Vətən mövzusu şeirdə həsrət, ağrı, qürur və ümid xətti üzrə inkişaf edir. Şairin Azərbaycan obrazı qarşısında qoyduğu əsas tələb isə əyilməmək, məğrur dayanmaq və gələcəyə inamı qorumaqdır. Bu baxımdan onun Vətən şeirləri təkcə duyğusal xarakter daşımır, həm də milli yaddaşı və vətəndaşlıq mövqeyini ifadə edir.

Sübhan Kamaloğlunun yaradıcılığında saz və aşıq sənəti xüsusi yer tutur. Saz onun üçün sadəcə musiqi aləti deyil, Qazaxın və bütövlükdə Azərbaycan aşıq mədəniyyətinin mənəvi simvollarından biridir. Sazın səsi şairin poetik dünyasında uşaqlıq xatirələrini, doğma yurdun mənzərələrini, aşıq sənətinin böyük ustadlarını və insanın daxili dünyasını bir araya gətirir. Sübhan Kamaloğlu üçün sazın nəfəsində vətən sevgisi duyulur.

Bu baxımdan onun böyük saz ustadı, azman sənətkar Ədalət Nəsibova həsr etdiyi şeir xüsusilə səciyyəvidir. Şeirdə Ədalət Nəsibovun ifaçılıq məharəti ilə Sübhanın saz qarşısında keçirdiyi mənəvi həyəcan bir-birinə qovuşur. “Körpəlikdən o tellərə vurğunam” misrası göstərir ki, saz sevgisi şair üçün sonradan yaranmış maraq deyil, uşaqlıqdan formalaşan mənəvi bağlılıqdır:

 

Körpəlikdən o tellərə vurğunam,
Kərəmin işləyib qana, Ədalət,
Zalım oğlu, bilirsən ki, dolğunam,
Niyə qəsd edirsən cana, Ədalət?

 

Burada sazın telləri ilə insanın ürək telləri arasında poetik paralel yaradılır. Ədalətin sazı çalması şairin daxili aləmini hərəkətə gətirir, keçmişi və doğma yurdu onun yaddaşında yenidən canlandırır. Xüsusilə “Dilqəmi” havasının adı çəkilməsi təsadüfi deyil. “Dilqəmi”nin yaratdığı kövrək ovqat şairin Qazaxla bağlı xatirələrini oyadır:

 

Çalma “Dilqəmi”ni, ürəyim yanır,
Dərdim bülənd olub, ərşə dayanır.
Xəyalım Qazaxda çox yer dolanır,
Qocalmışam yana-yana, Ədalət.

 

Bu bənddə saz musiqisi yaddaşın və yurd həsrətinin daşıyıcısına çevrilir. “Xəyalım Qazaxda çox yer dolanır” misrası xüsusilə diqqətçəkəndir. Burada Qazax artıq yalnız doğulub boya-başa çatılan məkan deyil, insanın bütün ömrü boyu öz içində yaşatdığı mənəvi coğrafiyadır.

Şair Ədalət Nəsibovun ifasını təbiət obrazları ilə də əlaqələndirir:

 

Sən çalanda hər yan ətir qoxuyur,
Qaqqıldaşıb durnalar da oxuyur.
O barmaqlar görün nələr toxuyur,
Heyranam bu ada, sana, Ədalət.

 

Bu misralarda saz ifasının təsir gücü sinestezik bir poetik təsvirlə verilir: səs eşidilir, lakin həmin səs “ətir” yaradır, durnaların səsinə çevrilir, sanki barmaqlar musiqini toxuyur. Beləliklə, sazın səsi yalnız eşidilən musiqi kimi deyil, bütün duyğuları hərəkətə gətirən estetik hadisə kimi təqdim olunur.

Şeirin son bəndlərində isə sazın təsiri daha da böyüdülərək fərdi duyğudan ümumxalq duyğusuna yüksəldilir. “Obanı yandırdı, eli yandırdı” ifadəsi Ədalətin sazının yaratdığı emosional təsirin miqyasını göstərir. Burada “yanmaq” sözü həm musiqinin insan qəlbinə təsirini, həm də şairin daxili ağrısını ifadə edən çoxmənalı poetik obraz kimi çıxış edir.

Ümumilikdə, Sübhan Kamaloğlunun poeziyasında Vətən, Qazax, saz, insan və yaddaş bir-birindən ayrı mövzular kimi deyil, vahid mənəvi sistem daxilində təqdim olunur. Onun şeirlərində Qazaxın saz nəfəsi keçmişlə bu günü əlaqələndirir, Vətən sevgisi milli yaddaşla qovuşur, insanın şəxsi duyğuları isə ümumxalq hisslərinin ifadəsinə çevrilir.

Sübhan Kamaloğlunun poeziyası bu mənada onun həyat yolunun da mənəvi davamıdır. Vətəni qoruyan hərbçi, sözü ilə Vətənə, yurda, insana və mənəvi dəyərlərə xidmət edən şair kimi o, öz yaradıcılıq dünyasını formalaşdırmışdır. Onun şeirlərində Qazaxın saz nəfəsi, Vətənin müqəddəsliyi, sevginin daxili fəlsəfəsi, dənizin sirli sonsuzluğu və insan qəlbinin müxtəlif duyğuları vahid poetik məcrada birləşir. Bu poeziyanın əsas gücü də məhz ondadır: şair şəxsi duyğusunu ümummilli yaddaşla, doğma yurdun səsini isə insan qəlbinin səsi ilə birləşdirə bilir.

Sübhan Kamaloğlunun yaradıcılığında ana obrazı da xüsusi emosional yük daşıyır. Şairin “Elə darıxmışam sənincün, Ana” şeiri ilk baxışda ana həsrətini ifadə etsə də, əsərin poetik qatlarına diqqət yetirdikdə burada fərdi nisgildən daha geniş bir yurd, uşaqlıq və keçmiş həsrətinin ifadə olunduğu görünür. Şeirdə ana obrazı şairin yaddaşında doğma evin, uşaqlığın, ailə ocağının və mənəvi sığınacağın simvoluna çevrilməklə yanaşı həm də ana həsrətindən yurd həsrətinə bir keçiddir.

Şairin “Sanki tək qalmışam, tənha adada” misrası ayrılığın yaratdığı tənhalığı ifadə edir. Lakin bu tənhalıq yalnız fiziki ayrılıqdan doğmur. Burada insanın öz köklərindən, doğma mühitindən uzaq düşməsi ilə yaranan mənəvi boşluq da hiss olunur. Şairin “Özüm Bakıdayam, ruhum Qazaxda” etirafı isə bu hissin ən yığcam və təsirli ifadəsidir. İnsan fiziki olaraq başqa məkanda yaşasa da, onun mənəvi dünyası doğulduğu və böyüdüyü yurda bağlı qalır. Bu baxımdan Qazax şair üçün sadəcə coğrafi məkan deyil, ruhun ünvanıdır.

Şeirdə ana ilə bağlı xatirələr zaman keçdikcə daha da qiymətli görünür. “Həyətdə əkdiyin güllərin üçün, arxamca su səpən əllərin üçün” misralarında isə ana obrazı gündəlik həyatın sadə, lakin unudulmaz detallarında canlandırılır. Şair böyük və pafoslu ifadələrə deyil, ana əllərinə, həyətə, güllərə, uşaqlıq xatirələrinə müraciət edir. Məhz bu sadəlik şeirin emosional təsirini artırır.

Şeirin sonrakı bəndində keçmişlə bu gün arasında kəskin qarşılaşdırma yaradılır:

 

Necə gözəliydi analı günlər,
Bir-birindən şirin, mənalı günlər,
Dəyişib-düşübdür indi fəsillər,
Çiçəkli baharım qış olub, Ana.

 

Burada bahar və qış qarşılaşdırılması poetik baxımdan xüsusi əhəmiyyət daşıyır. “Çiçəkli bahar” uşaqlıq və analı günlərin, “qış” isə ayrılıqdan sonrakı həyatın simvoluna çevrilir. Beləliklə, zaman yalnız təqvimdə dəyişən fəsillər deyil, insanın daxili dünyasında baş verən dəyişiklik kimi təqdim edilir.

Şeirin son bəndində isə ana həsrəti ilə kənd və oba həsrəti bir-birinə qovuşur:

 

Qalmayıb obaya, elə həvəsim,
Keçmir ürəyimdən kəndə tələsim,
Sübhənam, soyuyub isti nəfəsim,
Həsrətin gözümdə yaş olub, Ana.

 

Burada “oba”, “kənd”, “isti nəfəs” kimi ifadələr ana obrazının semantik çevrəsini genişləndirir. Ana artıq yalnız ailənin bir üzvü deyil, doğma yurdun, ocağın və keçmiş həyatın təcəssümünə çevrilir. “Həsrətin gözümdə yaş olub” misrası isə şeirin emosional kulminasiyasıdır. Həsrət burada mücərrəd hiss olmaqdan çıxaraq göz yaşında görünən, duyulan konkret bir ağrıya çevrilir.

Bu şeir Sübhan Kamaloğlunun poeziyasının mühüm bir xüsusiyyətini də üzə çıxarır: şair şəxsi xatirədən ümumi mənəvi dəyərə doğru hərəkət edir. Ana sevgisi yurd sevgisi ilə, uşaqlıq xatirələri Qazax yaddaşı ilə, ayrılıq hissi isə zamanın geri qaytarılmazlığı ilə birləşir. Buna görə də onun poeziyasında ana, yurd və yaddaş bir-birindən ayrı deyil, eyni mənəvi dünyanın müxtəlif təzahürləri kimi çıxış edir.

Sübhan Bəkirovun poeziyası onun həyat yolunun mənəvi davamıdır. Vətəni qoruyan hərbçi, sözü ilə də Vətənə, yurda, insana və mənəvi dəyərlərə xidmət edən şair kimi öz yaradıcılıq dünyasını formalaşdırmışdır. Onun şeirlərində Qazaxın saz nəfəsi, Vətənin müqəddəsliyi, sevginin daxili fəlsəfəsi, dənizin sirli sonsuzluğu və insan qəlbinin duyğuları bir poetik məcrada birləşir.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

                                           

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.