“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cəmiyyət nəylə yaşayır, nəylə nəfəs alır? Düşündürücü sualdır, deyilmi?
Sosial media inciləri rubrikamda bu dəfə sizlərə Ceyhun Haşımovun bir statusunu təqdim etmək istəyirəm. Burada cəmiyyətimizi bürüyən bir neqativlik barədə söz açılır.
Artıq bir neqativ hadisəyə, bir olaya normal fikir bildirmək təhlükəyə çevrilib. Çünki cəmiyyətə pis təsir göstərən, özünü apara bilməyən, gənclərə yanlış nümunə olan bir məxluqun ünvanına ibrətamiz, yol göstərən bir fikir bildirən kimi, onun düşüncəsində olanlar, onun olmayan əxlaqını müdafiə edənlər dərhal üstünə tökülüşürlər.
Artıq belə insanların sayı o qədər çoxalıb ki, normal insanları qat-qat keçiblər. Elə bil yalan elə bağırır ki, doğrunun bağrı çatlayır.
Bunlar artıq idarə olunmur. Çayırda bitən, heç heyvanın da yemədiyi alaq otları kimi hər yana yayılıblar. Kök atırlar, hər yerdən baş qaldırırlar. Elə bil rüşeym salıblar, günü-gündən də çoxalırlar.
Təəssüf ki, tək özləri yox, ataları da, anaları da, bacıları da, qardaşları da onlara qoşulur. Bir ailənin içinə bu düşüncə düşdüsə, yavaş-yavaş hamısı onun kimi olmağa başlayır.
Artıq elə bir vəziyyət yaranıb ki, normal, tərbiyəli, vicdanlı insanlar onların içində qəribə, hətta yazıq kimi görünürlər.
Allah cəmiyyətimizi belə düşüncədən qorusun.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)


