Nəmənd Rüstəmov: “Jurnalistika insanlar haqqında insan dilində məlumat verməkdir” Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

22 iyul – Azərbaycan Milli Mətbuat Günüdür. Bu əlamətdar gün münasibətilə keşməkeşli, çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının bütün nümayəndələrini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar, peşə yollarında yeni nailiyyətlər arzulayırıq.

Bu əlamətdar gün münasibətilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov portalımıza müsahibə verib.

 

– Əgər bu gün "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabi yaşasaydı, müasir Azərbaycan mediasına ilk tövsiyəsi nə olardı?

 

– Həsən bəy Zərdabi ixtisasca jurnalist deyildi. O, kənd təsərrüfatı sahəsinin mütəxəssisi idi, əkinçilik, maldarlıq və digər istiqamətlər üzrə təhsil almışdı. Amma hər şeydən əvvəl ziyalı idi. Azərbaycana kənardan baxaraq ölkəsinin nə qədər geri qaldığını görən və bunun fərqinə varan bir şəxsiyyət idi. Həsən bəy Zərdabi medianın, məlumatın və biliyin xalq, vətəndaşlar, bütövlükdə millət üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmişdi. Buna görə də ixtisası jurnalist olmasa da, üstəlik Çar Rusiyasının yaratdığı bütün maneələrə baxmayaraq, bu yola çıxdı. Həmin dövrdə Çar Rusiyası Azərbaycanda teatrın, ədəbiyyatın, milli mədəniyyətin və maarifin inkişafına imkan vermirdi. İnformasiyanın yayılması ilə məşğul olan qəzetin fəaliyyətinə də razılıq vermirdi. Həsən bəy Zərdabi diplomunu ortaya qoyaraq əsaslandırdı ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir, əkinçilik və maldarlıq sahəsində insanların maariflənməsinə ehtiyac var. Məhz bu əsasla "Əkinçi" qəzetinin nəşrinə icazə aldı və qəzetin adının "Əkinçi" seçilməsi də bununla bağlı idi. Beləliklə, məqsədinə bu yolla çatdı. Amma onun əsas məqsədi xalqın maariflənməsinə xidmət etmək, insanları məlumatlandırmaq, dünyada baş verən hadisələri ölkəyə çatdırmaq və cəmiyyətdə oxuma vərdişini formalaşdırmaq idi. O, bəlkə də hansı təməli qoyduğunu, necə nəhəng bir ağacın toxumunu səpdiyini bu qədər dərindən təsəvvür etmirdi. Lakin sözsüz ki, möhtəşəm və misilsiz bir iş gördü. Azərbaycan media tarixinin banisi kimi ölkə qarşısında əvəzsiz xidmət göstərdi. Zərdabinin yazılarını oxuyanda görürük ki, o, cəhalətdən, məlumatsızlıqdan və pərakəndəlikdən bəhs edirdi. Bilirik ki, həmin dövrün gənc maarifçiləri inkişaf yolunun formalaşmasını istəyirdilər. Təbii ki, o da deyərdi: "Hər şey xalq üçündür, hər şey millət üçündür". Daha doğrusu, hər şey xalqın rifahı, millətin inkişafı, maariflənməsi, mədəniləşməsi və dünyadan geri qalmaması üçündür.Əminəm ki, Zərdabi bu gün də yaşasaydı, eyni fikirləri səsləndirərdi. Deyərdi ki, gördüyünüz işin mahiyyətini anlayın, nəyi və necə etdiyinizin fərqində olun. Çalışın ki, fəaliyyətiniz insanlara, vətəndaşlara, cəmiyyətə və bütövlükdə bəşəriyyətə fayda versin. Məncə, Həsən bəy Zərdabi bu gün də yaşasaydı, yenə də bir maarifçi kimi çıxış edər və ömrünün sonunadək bu mövqeyinə sadiq qalardı.

 

– Süni intellekt artıq xəbərlər yazır, şəkillər və videolar hazırlayır. Sizcə, bu texnologiyalar jurnalistin rəqibidir, yoxsa köməkçisi?

 

– Süni intellekt vasitəsilə bu gün müxtəlif audio-vizual kontentlər, foto, video, audio materiallar, mətnlər, videoçarxlar, hətta qısa müddətdə böyük reytinq qazanan musiqi nümunələri yaradılır. Açığını deyim ki, onların bəzilərini mən də böyük zövqlə dinləyir, izləyirəm və bəyənirəm. Bu dövrdə jurnalist olmaq, əlbəttə ki, asan deyil. Çünki biz informasiya bolluğu dövründə yaşayırıq. İnformasiya axını son dərəcə sürətlidir və bu axının içərisində çoxlu sayda saxta, manipulyativ məlumatlar da var. Belə bir şəraitdə həqiqəti yalandan ayırmaq heç də asan deyil. Bu gün fəaliyyət göstərən jurnalistlər çalışmalıdırlar ki, peşənin əsas prinsipləri dəyişməsin. İnformasiya dəqiq, operativ və əhatəli təqdim olunmalı, tərəflərin mövqeyi işıqlandırılmalı, balans prinsipi qorunmalıdır. Bütün bunları isə süni intellektin tam şəkildə yerinə yetirməsi hələ ki, mümkün deyil. Çünki süni intellekt mövcud məlumatlar əsasında işləyir. Həmin məlumatların ilkin mənbədən əldə olunması isə jurnalistin vəzifəsidir. Mənbələri tapmaq, faktları araşdırmaq, məlumatları toplamaq və onları informasiya məkanına çıxarmaq jurnalistin gördüyü işdir. Data olmasa, süni intellekt də həmin məlumatlar əsasında xəbər və ya audio-vizual məzmun yarada bilməz.  Ona görə də hesab edirəm ki, süni intellekt dövründə jurnalist bu alətlərdən peşəkar və səmərəli şəkildə istifadə etməyi bacarmalıdır. Bu, artıq zamanın tələbidir. Zamanın nəbzini tutmaq, texnoloji inkişafdan geri qalmamaq lazımdır. Məsələn, kimsə sənin üzərinə dronla gəlirsə, adi tüfənglə ona nə qədər müqavimət göstərə bilərsən? Düzdür, hazırda dronlarla mübarizədə qırma tüfənglər müəyyən hallarda effektiv vasitələrdən biri hesab olunur. Amma ümumilikdə ən müasir texnologiyalara primitiv üsullarla qarşı çıxmaq çətindir. Elə buna görə də texnoloji inkişafdan kənarda qalmamalıyıq. Süni intellekt də bu inkişafın ayrılmaz hissəsidir. Elə yaşamalı, elə davranmalı və elə işləməliyik ki, zamandan geri qalmayaq.

 

 

– Bəzən gənclər jurnalistikaya məşhur olmaq üçün gəlirlər. Sizcə, yaxşı jurnalisti fərqləndirən əsas keyfiyyət nədir?

 

– Jurnalistika dürüstlüklə, dəqiqliklə, savadla, intellektlə və peşəkarlıqla başlayır. Jurnalist ilk növbədə həqiqəti sevən insan olmalı, peşə etikasına sadiq qalmalı, həqiqəti bilməyin və onu cəmiyyətə çatdırmağın nə üçün vacib olduğunu dərk etməlidir. Bunun üçün müəyyən mənada romantizm də lazımdır. Təəssüf ki, indiki gənclərin hamısında bizim dövrümüzdə olduğu kimi həmin romantizmin olduğunu düşünmürəm. Onlar daha praqmatikdirlər, duyğularını daha yaxşı idarə edir və gizlədə bilirlər. Eyni zamanda daha konkret, məqsədyönlüdürlər, niyyətlərini və maraqlarını daha qətiyyətlə ifadə edirlər. Hesab edirəm ki, bu, əvvəlki nəsillə müqayisədə onların üstün cəhətlərindən biridir. Tələbələrin jurnalistikaya məşhur olmaq arzusu ilə gəlməsində qeyri-adi heç nə yoxdur. Burada personifikasiya amili, yəni tanınmaq və bu tanınmışlığı monetizasiya etmək istəyi var. Başqa sözlə, məşhurluğu maddi gəlirə çevirmək arzusu günümüzün reallığıdır. Uşaqlar artıq kiçik yaşlarından gələcəklə bağlı xəyallar qurarkən bunları da nəzərə alırlar. Biz 1996–2000-ci illərdə bakalavr təhsili alarkən Türkiyədən qrupumuza 15-dən çox tələbə gəlmişdi. Həmin dövrdə Türkiyədə məşhur bir ifadə var idi: "Uşaq ya popçu olacaq, ya topçu". Burada "topçu" dedikdə futbolçu nəzərdə tutulurdu. Çünki futbolçular böyük pullar qazanırdılar, pop ifaçıları isə həm məşhurlaşır, həm də yüksək gəlir əldə edirdilər. İnsanların hər hansı peşəni seçməsinin əsas səbəblərindən biri də onun cəlbedici olmasıdır. Bu cəlbedicilik kimisi üçün romantizm, kimisi üçün şan-şöhrət və nüfuz, kimisi üçün populyarlıq, digəri üçün isə yüksək gəlir deməkdir. Mən Freydin bütün fikirləri ilə razı deyiləm. Amma onun bir fikri xoşuma gəlir. O deyirdi ki, normal gənci üç şey düşündürür: şan-şöhrət, var-dövlət və sevgi. Düşünürəm ki, insan təbiəti etibarilə malik olduğu bütün imkanlardan həm özünü ifadə etmək, həm də məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır. İnsanlar həmişə proseslərin içində olmaq və bundan müəyyən fayda əldə etmək istəyirlər. Məşğul olmaq, pul qazanmaq və var-dövlət sahibi olmaq istəyi tamamilə normaldır. Amma bu, heç vaxt peşə prinsiplərinin arxa plana keçməsi demək deyil. Xalq, millət və dövlət üçün çalışmaq bizim həm insanlıq, həm vətəndaşlıq, həm də dövlətçilik borcumuzdur. Eyni zamanda insan ailəsini və yaxınlarını da düşünməlidir. Əgər əlində resursu, imkanı və gücü varsa, ilk növbədə yaxınlarına dəstək olmalıdır. Onların bundan faydalanması da, insanın öz əməyinin bəhrəsini görməsi də təbiidir. Unutmayaq ki, biz kapitalizm şəraitində yaşayırıq. Kapitalizmin öz reallıqları və qanunauyğunluqları var və bunları nəzərə almalıyıq. Buna görə də bir gəncin məşhur jurnalist olmaq, bu məşhurluq sayəsində tanınmaq və yaxşı gəlir əldə etmək istəyi tamamilə normaldır.

 

 

 

– Siz uzun illər jurnalistlər yetişdirmisiniz. Bugünkü tələbələrlə əvvəlki nəsil arasında hansı əsas fərqləri görürsünüz?

 

– Artıq 16 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində televiziya və radio istiqaməti üzrə gənc jurnalistlərin, peşəkar kadrların hazırlanması ilə məşğulam. Jurnalistika fakültəsi çox maraqlı və özünəməxsus bir mühitdir. Burada zaman-zaman fikir ayrılıqları, ziddiyyətlər və incikliklər yaşansa da, hamı çalışır ki, bunlar tələbələrə zərər verməsin və tədris prosesinə mənfi təsir göstərməsin. Fakültədə gözəl bir ənənə var – insanlara kömək etmək, gəncləri yaxşı yetişdirmək və onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasına çalışmaq. Mən bunu öz müəllimlərimdən öyrənmişəm və pedaqoji fəaliyyətimi də özüm üçün mənəvi borc hesab edirəm. Həqiqətən hiss edirəm ki, bu fakültəyə və universitetə borcluyam. Həyatımda qazandığım uğurların böyük hissəsi məhz bu fakültə ilə bağlıdır. 1996-cı ildən bu fakültə ilə bağlıyam. Təxminən 30 ildir ki, həyatım bakalavr, magistratura, aspirantura və müəllimlik fəaliyyəti ilə bu fakültədə keçir. Hesab edirəm ki, tələbə bütün dövrlərdə tələbədir. Əsas fərq informasiyanın əldə olunması üsullarındadır. Bizim dövrümüzdə kitabxanaya getmək, müxtəlif mənbələri araşdırmaq lazım gəlirdi. Bu gün isə tələbələr internet və süni intellekt alətləri vasitəsilə informasiyaya daha sürətli çıxış əldə edirlər. İnformasiya bazalarına çatmaq imkanları da xeyli genişlənib. Amma bu inkişafın mənfi tərəfləri də var. Mənə elə gəlir ki, tənbəllik amili getdikcə daha çox ön plana çıxır. İnsanlar əvvəlki qədər kitab oxumaq istəmirlər, mövzuların qısa məzmununu ChatGPT və digər süni intellekt platformalarından əldə etməklə kifayətlənirlər. Düzdür, bununla mövzunun mahiyyətini öyrənmək mümkündür. Ancaq kitabı oxumaqla süni intellektdən qısa cavab almaq arasında ciddi fərq var. Oxu prosesi insanın düşüncə tərzini, analiz qabiliyyətini və dünyagörüşünü daha çox inkişaf etdirir. Bu baxımdan indiki tələbələrlə əvvəlki nəsil arasındakı əsas fərq informasiyanı əldə etmə üsulundadır. Bu da onların xarakterinə və davranışına təsirsiz ötüşmür. İndiki tələbələr daha səbirsiz, daha tələskən və müəyyən mənada daha tənbəldirlər. Amma bu, təkcə Azərbaycana xas olan proses deyil. Süni intellekt alətlərinin həyatımıza sürətlə daxil olmasının həm müsbət, həm də mənfi tərəfləri var. Düşünürəm ki, zaman keçdikcə bu məsələlərin əksəriyyəti öz həllini tapacaq. Mən bu prosesi faciə kimi qiymətləndirmirəm. Sadəcə hesab edirəm ki, bizim dövrümüzlə müqayisədə indiki gənclərin həyatdan zövq alma imkanları müəyyən qədər azalıb. Hər şey daha əlçatan olduqca, bir qədər də adiləşir. İnsan nəyisə zəhmətlə əldə edəndə, onun uğrunda mübarizə aparanda qazandığının dəyərini və sevincini daha dərindən hiss edir. Bu məsələ məni həmişə düşündürür.

 

 

– Sizə görə jurnalistin ən böyük məsuliyyəti cəmiyyət qarşısındadır, dövlət qarşısındadır, yoxsa vicdanı qarşısında?

 

– Əslində, insan öz-özünə şəxsiyyət olmur. İnsanın fərddən şəxsiyyətə çevrilməsi uzun və çətin bir prosesdir. İnsan zaman keçdikcə, həyat təcrübəsi qazandıqca şəxsiyyət olmağın mahiyyətini daha yaxşı anlayır. Fərd bioloji varlıqdır. Dərin mənada onu digər canlılardan fərqləndirən düşüncəsi, şəxsiyyəti, mərhəməti, sevgisi, təbəssümü, gülüşü, xoşgörüsü, bəzən isə haqsızlığa qarşı qəzəbi və nifrətidir. Çünki düşmən sənin vətənini işğal edir, doğmalarına işgəncə verirsə, hər şeyə yalnız xoşgörü ilə yanaşmaq mümkün deyil. Bəzən hərəkət də, hərəkətsizlik də cinayət ola bilər. Ona görə də jurnalistin məsuliyyətinin kimin qarşısında daha çox olması sualı olduqca mürəkkəbdir. Təbii ki, hər bir insanın, hər bir şəxsiyyətin və hər bir vətəndaşın vətəni, dövləti və doğmaları qarşısında öhdəlikləri, borcu var. Bu gün dünyanın inkişaf etmiş, insanların yaşamaq üçün can atdığı ölkələrinə – Qərbi Avropaya, ABŞ-yə, Yaponiyaya baxanda görürük ki, onları fərqləndirən əsas xüsusiyyət vətəndaşların birliyi, birlikdə düşünməsi, paylaşması və ümumi dəyərlər ətrafında birləşməsidir. Düzdür, kapitalizm iqtisadi mahiyyət etibarilə tam bərabərliyi qəbul etmir. Amma Danimarka, İsveç, İsveçrə, Lüksemburq kimi ölkələr bu gün yüksək həyat səviyyəsinə görə dünya liderləridir. Onların uğurunun əsas səbəblərindən biri milli birlik və dövlət ətrafında həmrəyliyin formalaşmasıdır. İnkişaf etmiş xalqların və dövlətlərin tarixinə baxanda görürük ki, onların hamısı azadlıq uğrunda mübarizə aparıb, çətin sınaqlardan, təlatümlərdən və çaxnaşmalardan keçiblər. Nəticədə anlayıblar ki, insanların normal yaşayış hüququ təmin olunmalıdır. Jurnalist insan üçün, cəmiyyət üçün, dövlət üçün və bütövlükdə bəşəriyyət üçün çalışır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaşatmaq, onun növbəti nömrələrini çap etdirmək üçün öz maddi imkanlarından, sərvətinin böyük hissəsindən keçmişdi. Qəzet populyar deyildi, gəlir gətirmirdi. İnsanlar kifayət qədər savadlı deyildilər, qəzetin satışı və nəşri müxtəlif maneələrlə üzləşirdi. Bütün bunların yükünü isə Zərdabi öz üzərinə götürmüşdü. Amma o vaxt əkilən toxum bu gün böyük bir media ağacına çevrilib. Bu ağacın kölgəsində minlərlə insan toplaşır, ondan bəhrələnir, hər kəs bu ağacın verdiyi nemətlərdən istifadə edir. Çox istərdim ki, hər kəs bu ağacdan bəhrələnərkən Həsən bəy Zərdabini xatırlasın, onun ruhuna dua etsin və bu qəzeti hansı niyyətlə yaratdığını unutmasın. Onun məqsədi xalqa xidmət etmək, insanları maarifləndirmək, cəmiyyətin inkişafına töhfə vermək idi. Biz də həmin prinsiplərə sadiq qalmalı, fərdi məsuliyyətimizi dərk etməli, dövlətimiz, xalqımız və millətimizlə bir olmalıyıq. Gördüyümüz iş insanlara və cəmiyyətə fayda vermirsə, deməli, doğru işlə məşğul olmuruq. Jurnalistika əqidə işidir, prinsip işidir. Jurnalistika sevgidir, romantizmdir. Mənim bu sahədə 25–26 illik fəaliyyətim ərzində gəldiyim qənaət budur ki, jurnalistika insanlar haqqında insan dilində məlumat verməkdir. Nə qədər kosmosdan, elmdən və ya başqa mövzulardan yazsaq da, insanları ən çox yenə də insanlar haqqında olan məlumatlar maraqlandırır. Hələlik reallıq budur. Ona görə də bu dərin fəlsəfi suala cavabım belədir: insan öz mahiyyətinə xəyanət etməməlidir. İnsanları sevməli, mənsub olduğu cəmiyyətə sadiq qalmalı və çalışmalıdır ki, dünya yaşasın, ölkə yaşasın, Vətən yaşasın, vətəndaş yaşasın, insanlar yaşasın.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.