Həsən bəy Zərdabi ənənəsi və müasir mətbuatımız Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Milli mətbuatımızın tarixindən söz düşəndə ilk yada düşən böyük maarifçi, görkəmli publisist və milli oyanış hərəkatının öncüllərindən biri olan Həsən bəy Zərdabidir. O, 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi" qəzeti ilə təkcə Azərbaycan mətbuatının deyil, bütövlükdə milli ictimai fikrin yeni mərhələsinin əsasını qoydu. "Əkinçi" xalqın ana dilində danışan, onun dərdini, sevincini, ehtiyaclarını dilə gətirən ilk milli tribunaya çevrildi. Həsən bəy Zərdabi mətbuatı xalqı maarifləndirən, cəmiyyəti inkişaf etdirən, milli şüuru formalaşdıran ən qüdrətli vasitə hesab edirdi.

 

Onun əsas amalı xalqına xidmət etmək idi

Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına gətirdiyi ən böyük yeniliklərdən biri xalqla mətbuat arasında canlı və etibarlı münasibətin yaradılması idi. O, mətbuatı yalnız xəbər çatdıran bir vasitə kimi deyil, cəmiyyətin inkişafına xidmət edən maarifçilik məktəbi kimi görürdü. İnanırdı ki, sözün gücü insan düşüncəsini dəyişdirə, xalqı elmə, təhsilə, tərəqqiyə və milli həmrəyliyə istiqamətləndirə bilər. Bu baxış bu gün də müasir jurnalistikanın əsas prinsipləri sırasında dayanır.

Müasir Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin yaratdığı bu zəngin ənənələr üzərində inkişaf edir. Bu gün jurnalist qarşısında duran əsas vəzifələr - həqiqəti araşdırmaq, cəmiyyətin problemlərini işıqlandırmaq, insanların səsini çatdırmaq, milli-mənəvi dəyərləri qorumaq və ictimai düşüncənin formalaşmasına töhfə vermək XIX əsrin böyük maarifçisinin müəyyən etdiyi yolun davamıdır.

Texnologiyaların sürətlə dəyişdiyi, informasiya axınının saniyələr ərzində dünyaya yayıldığı müasir dövrdə jurnalistikanın qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaranır. Sosial şəbəkələr və rəqəmsal platformalar informasiya yayımını asanlaşdırsa da, peşəkar mətbuatın əsas üstünlüyü yenə də düzgünlük, obyektivlik, etibar və məsuliyyət prinsiplərində qalır. Həsən bəy Zərdabinin "xalq üçün yazmaq, xalqı maarifləndirmək" ideyası bu gün də öz aktuallığını qoruyur.

Müasir jurnalist tarixi gələcək nəsillərə çatdıran söz adamıdır

Bu baxımdan bölgə mətbuatının, xüsusilə uzun illər fəaliyyət göstərən qəzetlərin rolu əvəzsizdir. Onlar yaşadıqları şəhərin və rayonun inkişaf yolunu, insanların əməyini, mədəniyyətini və ictimai həyatını öz səhifələrində əks etdirərək zamanın salnaməsini yaradırlar. Aradan yüz əlli ildən artıq vaxt keçməsinə baxmayaraq, Zərdabinin müəyyənləşdirdiyi prinsiplər bu gün də öz aktuallığını qoruyub saxlayır. Həqiqətə sədaqət, vətəndaş məsuliyyəti, milli dəyərlərə bağlılıq, ana dilinin saflığının qorunması və cəmiyyət qarşısında mənəvi məsuliyyət müasir Azərbaycan jurnalistikasının da əsas istiqamətlərindən biri olmalıdır.

Bu gün informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə peşəkar mətbuatın üzərinə daha böyük məsuliyyət düşür. İnformasiyanın sürəti artdıqca onun doğruluğunun yoxlanılması, obyektivliyin qorunması və ictimai etimadın təmin edilməsi daha da vacib olur. Məhz buna görə də ənənəvi mətbuat öz missiyasını dəyişmir. Əksinə, cəmiyyət üçün etibarlı informasiya mənbəyi kimi əhəmiyyətini daha da artırır.

Azərbaycan mətbuatının keçdiyi şərəfli yolun ayrılmaz hissəsini bölgə mətbuatı təşkil edir

Bölgə qəzetləri yalnız xəbərlərin daşıyıcısı deyil, həm də yaşadıqları şəhərin, rayonun tarixini, mədəniyyətini, ictimai həyatını gələcək nəsillərə çatdıran canlı salnamələrdir. Bu baxımdan şəhərimizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan "Sumqayıt" qəzeti xüsusi yer tutur. 1952-ci ildən nəşr olunan qəzet yarandığı ilk gündən şəhərin inkişaf yolunu, sənaye quruculuğunu, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində qazanılan uğurları ardıcıl şəkildə işıqlandırıb. Şəhərin sevincli və çətin günlərini, zəhmət adamlarının həyatını, ziyalıların fəaliyyətini, yaradıcı insanların uğurlarını öz səhifələrində əks etdirərək əsl salnamə missiyasını yerinə yetirib.

Ümummilli Lider Heydər Əliyevin Sumqayıta 16 dəfə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 34 dəfə səfər etməsi şəhərə göstərilən yüksək dövlət diqqət və qayğısının bariz ifadəsidir. Bu səfərlər zamanı sənaye, sosial infrastruktur, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində həyata keçirilən mühüm layihələr Sumqayıtın inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bütün bu əlamətdar hadisələr, dövlət başçılarının şəhər sakinləri ilə görüşləri, açılış və təməlqoyma mərasimləri, qəbul edilən mühüm qərarlar "Sumqayıt" qəzetinin səhifələrində operativ, dolğun və peşəkar şəkildə işıqlandırılmış, qəzet şəhərin inkişaf salnaməsini öz səhifələrində yaşadaraq oxuculara etibarlı informasiya çatdırmışdır.

Bu gün Sumqayıt şəhərinin tarixini araşdıran hər bir tədqiqatçı üçün qəzetin arxivləri qiymətli mənbə hesab olunur. Çünki burada təkcə xəbərlər deyil, bütöv bir dövrün nəfəsi, insanların düşüncələri, şəhərin inkişaf mərhələləri və ictimai yaddaşı yaşayır. "Sumqayıt" qəzeti illər boyu şəhərin həyatını dəqiqliklə qeydə alaraq gələcək nəsillər üçün zəngin irs formalaşdırıb. Qəzetin ən böyük uğurlarından biri də onun ətrafında formalaşan yaradıcılıq mühitidir. Burada əsl jurnalistika məktəbi yaranıb. Müxtəlif illərdə qəzetə rəhbərlik edən redaktorlar, layiqli ziyalılarımız – Məmmədyar Ağayev, Əlisəfa Məmmədov, Hüseyn Mehrəliyev, Əyyub Məmmədov, Həsən Hüseynov, Zərifə Təhməzova, Fikrət Arixov, Kamran Hacıyev, Qüdrət Məlikov öz peşəkarlıqları, yüksək təşkilatçılıq bacarıqları və prinsipial mövqeləri ilə mətbuatın inkişafına dəyərli töhfələr veriblər. Qəzetin ağırlığını çiynində daşıyan əməkdaşları Seyfulla Cəfərov, Hafiz Baxış, Şakir Abdullayev, Zakir Axundov, Cəlil Rəfiyev, Çingiz Süleymanzadə, Tofiq Məmmədov, Xasay Cahangirov, Sevil Bayramova, İldırım Qasımlı, Feyzi Mustafayev, Mikayıl Məmmədov, Ramiz Tapdıqov, Oktay Cəfərov, Məqsəd Quliyev və başqaları isə məsuliyyətli, savadlı, zəhmətsevər və yaradıcı jurnalistlər kimi oxucuların rəğbətini qazanıblar. Onların qələmindən çıxan yazılar təkcə informasiya verməyib, həm də insanlarda Vətən sevgisi, milli təfəkkür, zəhmətə hörmət və mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirib.

"Sumqayıt" qəzeti onilliklər ərzində neçə-neçə tanınmış jurnalistin, publisistin və qələm adamının püxtələşdiyi yaradıcılıq ocağına çevrilib. Burada formalaşan peşəkar mühit gənc jurnalistlərin yetişməsində mühüm rol oynayıb və milli mətbuatımıza yeni qələm sahibləri bəxş edib. Təsadüfi deyil ki, bu qəzetdən keçən yaradıcı insanlar sonradan ölkənin aparıcı mətbuat orqanlarında uğurla fəaliyyət göstərərək Azərbaycan jurnalistikasının inkişafına töhfələr veriblər.

 

Milli mətbuatın inkişafında dövlət qayğısı və Heydər Əliyev ənənəsi

Azərbaycan mətbuatının inkişaf tarixində dövlətçilik düşüncəsi ilə milli jurnalistika ənənələrinin vəhdəti mühüm yer tutur. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyət həyatındakı əhəmiyyətini yüksək qiymətləndirib, jurnalistikanı xalqla dövlət arasında mühüm əlaqə vasitəsi kimi dəyərləndirib.

Heydər Əliyevin mətbuata münasibətinin əsasını söz azadlığına, peşəkar jurnalistikaya, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin maariflənməsinə verilən böyük önəm təşkil edirdi. O, jurnalist əməyini yüksək qiymətləndirərək bildirirdi ki, mətbuat xalqın səsinə çevrilməli, həqiqətləri obyektiv şəkildə əks etdirməli və dövlətçilik maraqlarına xidmət etməlidir.

Ulu Öndərin təşəbbüsü və diqqəti nəticəsində Azərbaycan mətbuatının inkişafı üçün mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyətinə geniş imkanlar yaradıldı. Mətbuatın hüquqi bazasının möhkəmləndirilməsi, jurnalist peşəsinə hörmətin artırılması və milli informasiya məkanının inkişafı bu siyasətin mühüm istiqamətlərindən oldu.

Bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət siyasətində də mətbuatın inkişafı xüsusi yer tutur. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, azad, məsuliyyətli və peşəkar media demokratik cəmiyyətin mühüm institutlarından biridir. Onun mətbuata göstərdiyi diqqət və qayğı nəticəsində jurnalistlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb, informasiya sahəsində yeni layihələr həyata keçirilib.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda medianın müasir dövrdə daşıdığı məsuliyyətə toxunaraq vurğulamışdır: "Media həqiqətin bərpasında, etimadın yenidən qurulmasında və sülhün təşviqində mühüm rol oynayır." Bu fikir informasiya məkanında peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu çağırış Azərbaycan mediasının cəmiyyətə doğru, operativ və etibarlı informasiya çatdırmaq missiyasının aktuallığını bir daha təsdiq edir.

Müasir dövrdə Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri milli maraqları qorumaqla yanaşı, cəmiyyətə doğru, operativ və obyektiv informasiya təqdim etməkdir. Bu baxımdan Həsən bəy Zərdabinin yaratdığı maarifçilik ənənələri ilə Heydər Əliyevin formalaşdırdığı dövlətçilik yanaşması və Prezident İlham Əliyevin müasir media siyasəti bir-birini tamamlayan mühüm istiqamətlərdir.

“Əkinçi” əməyini özündə yaşadan "Sumqayıt" qəzeti də öz uzun illik fəaliyyəti ərzində məhz bu dəyərlərə əsaslanaraq şəhərin ictimai həyatını, insanların əmək və yaradıcılıq yolunu, ölkədə baş verən mühüm prosesləri işıqlandırıb. Qəzetin zəngin arxivi göstərir ki, yerli mətbuat yalnız informasiya vasitəsi deyil, həm də xalqın yaddaşını qoruyan, tarixini yaşadan mənəvi xəzinədir.

 

Müasir dövr mətbuat qarşısında yeni çağırışlar qoyur

Rəqəmsal media, süni intellekt, sosial platformalar informasiya mühitini kökündən dəyişsə də, peşəkar jurnalistikanın əsas prinsipləri dəyişməz qalır. Dəqiqlik, obyektivlik, operativlik və cəmiyyət qarşısında məsuliyyət Həsən bəy Zərdabinin bizə miras qoyduğu ən böyük dəyərlərdir. Məhz bu prinsiplər əsasında fəaliyyət göstərən mətbuat orqanları zamanın sınağından uğurla çıxır.

Əminliklə demək olar ki, 74 illik zəngin tarixə malik "Sumqayıt" qəzeti də bu müqəddəs ənənənin layiqli davamçılarından biridir. Şəhərin salnaməsini yazan, onun tarixini yaşadan, ziyalı sözünü ucaldan, ictimai fikrin formalaşmasına xidmət edən bu qəzet bundan sonra da öz şərəfli missiyasını uğurla davam etdirəcək. Çünki zaman dəyişsə də, həqiqətə söykənən sözün, vicdanlı jurnalistikanın və xalqına xidmət edən mətbuatın dəyəri heç vaxt dəyişmir.

Bayramımız mübarək, əziz həmkarlar!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.