Az tanınmışlardan Nurəddin Qəmbər Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Həkimlik və yazıçılıq sənətini birləşdirən çox saylı adam olub Azərbaycan tibbi və ədəbiyyatı tarixində. Elə böyük şəxsiyyət Nəriman Nərimanovun adını çəksək bəs edər. Paşa Qəlbinur, Afaq Şıxlı və s. və i.

İndi haqqında danışacağım Nurəddin Qəmbər də bu qəbildəndir.

 

Nurəddin Qənbər 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M. Qorki adına orta məktəbi bitirib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirib. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlayıb.

1957–61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961–71-ci illərdə Azərbaycanda — Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973–74-cü illərdə isə baş həkim vəzifəsində çalışıb.

Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N. Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirib. 1973–75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilib.Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirib.

 Həmçinin etdiyi tərcümələr ilə diqqəti cəlb edən N. Qənbərin "Meymunun dəfni", "Başsız meyit", "Zirzəmi", "Boğanaq", "Yoldaş, sən kim aparıb" adlı romanları, "Kiçik qardaş", "Qoşa söyüdün nağılı", "Yaralı qağayı", "Bir məhəllənin nağılı" adlı povestləri, habelə bir sıra hekayələri publisit yazıları, pyesləri dövri mətbuatda, həm də nəşriyyatlarda toplu hald çap olunub.

2009-cu ildə Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib.

 

Əsərləri

- "Kiçik qardaş" (povest) (1979)

- "Qara söyüd" (povest və hekayələri) (1985)

- "Xeyir xəbər" (povest və hekayələri) (1986)

- "Yazdıqlarım həyatımdır"

 

Mükafatları

Dörd medalla təltif olunan nasir, eyni zamanda "İsi Məlikzadə adına mükafat"ın laureatı, səhiyyə əlaçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.