Aslan Kərimov: “Mundialda komandaların sayının çox olması oyun keyfiyyətinin aşağı düşməsinə səbəb oldu” Featured

Fatimə Məmmədova,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya Çempionatı futbolsevərlərin ən böyük həyəcanla izlədiyi idman yarışlarından biridir. Artıq finalçılar bəllidir. İspaniya və Argentina milliləri öz aralarında çempionun kim olacağına aydınlıq gətirəcəklər.

 

Turnir boyunca yaşanan gərgin qarşılaşmalar, gözlənilməz nəticələr və komandaların nümayiş etdirdiyi oyun futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olur. Bu dəfə də çempionat həm yeni qaydalar, həm də bəzi komandaların gözlənilməz çıxışı ilə diqqət çəkib. Xüsusilə, Portuqaliya və Braziliya millilərininb uğursuz nəticəsi və Kriştianu Ronaldonun, Neymarın turnirlə erkən vidalaşması futbol azarkeşlərinin gündəmini zəbt edib.

Bəs builki Dünya Çempionatı əvvəlkilərdən nə ilə fərqlənir? Portuqaliyanın uğursuzluğunun əsas səbəbləri nələrdir və bu nəticə Ronaldonun zəngin futbol karyerasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı "Ədəbiyyat və incəsənət" portalının suallarını AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov cavablandırıb. O bildirib ki, turnirin əsas fərqlərindən biri komandaların sayının həddən artıq çox olması idi:

"Komandaların sayının çox olması oyun keyfiyyətinin müəyyən qədər aşağı düşməsinə səbəb oldu. Daha zəif rəqiblər geriyə çəkilir, yalnız müdafiə olunmağa çalışırdılar. Bunu uğurla edənlər də oldu, bacarmayanlar da. Amma əvvəlki turnirlərlə müqayisədə birtərəfli oyunların sayı daha çox idi. Bir komanda hücum edir, müdafiəni yarmağa çalışır, digər komanda isə yalnız geridə dayanaraq müdafiə olunurdu. Digər dəyişiklik su fasilələrinin tətbiqi və oyunun dörd hissəyə bölünməsi oldu. Bu yenilik birmənalı qarşılanmadı. Çünki oyunun dinamikası bir qədər aşağı düşürdü. Bəzi oyunlarda buna ehtiyac var idi. Mayamidə keçirilən oyunlarda havanın həddindən artıq isti olması səbəbindən bu zəruri idi. Amma bəzi oyunlarda yağış yağır, hava sərin olurdu. Belə şəraitdə su fasiləsinin verilməsi bir qədər absurd görünürdü. Səbəb isə bəlli idi. Bu, maliyyə və reklam məqsədilə atılan addımlardan biri idi. Hakimliklə bağlı da dəyişikliklər edildi. Qırmızı kartla bağlı qaydalarda dəyişikliklər, ikinci sarı vərəqəyə yanaşma kimi yeniliklər Dünya Çempionatına təsir göstərdi.Qrup mərhələsindən sonra keçirilən oyunlar artıq əsl Dünya Çempionatı səviyyəsində keçdi. Oyunların keyfiyyəti yüksəldi. Yeni tendensiyalar, yeni taktiki dəyişikliklər var idi və komandalar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Bu Dünya Çempionatını yaşlı ulduzların turniri də adlandırmaq olar. Ronaldo, Messi, Modriç, Edin Ceko kimi 40 yaşına yaxın futbolçular çıxış edirdi. Əvvəlki dünya çempionatlarında da 40 yaşına yaxın futbolçular iştirak edirdi. Amma onların sayı bir-iki nəfər olurdu. Top səviyyəli komandalarda isə adətən bu yaşda futbolçulara rast gəlinmirdi. Bu çempionatda isə onların sayı xeyli artmışdı".

Müsahibimiz, həmçinin, Portuqaliyanın uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb:

"Millinin yarımmüdafiə xətti bu Dünya Çempionatının ən güclü yarımmüdafiə xətlərindən biri idi. Amma futbol göstərir ki, təkcə bir mövqedə güclü oyunçuların olması ilə belə mötəbər turnirdə uğur qazanmaq mümkün deyil. İstisna kimi Argentina millisini göstərmək olar. Messi ilə birlikdə bunun öhdəsindən gəlməyi bacardılar. Bu baxımdan Argentina ilə Portuqaliyanı müqayisə etmək olar. Portuqaliya millisində demək olar ki, hər bir futbolçu özünü ulduz hesab edirdi. Ronaldonun fiziki durumu artıq əvvəlki səviyyədə deyildi. Təcrübəsi hesabına qol vurur, komandaya fayda verirdi. Amma bir çox oyunlarda çətinlik çəkdiyi açıq görünürdü. Statusuna görə onu əsas heyətdə oynatmaq məcburiyyəti var idi. Amma komanda tam şəkildə Ronaldoya uyğunlaşmırdı. Hər kəs özünü ulduz hesab etdiyindən komanda ruhu tam formalaşmamışdı. Bəzi epizodlarda Ronaldo da komanda yoldaşına ötürmə vermək əvəzinə özü zərbə vurmağa üstünlük verirdi və bu cəhdlər uğursuz alınırdı. Bu baxımdan Argentina millisində vəziyyət tam fərqli idi. Bütün komanda Messi üçün çalışırdı. Messi meydanda yerisə belə, komanda onun üçün sonadək mübarizə aparmağa hazır idi. Bunu görmək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Portuqaliya və Argentina millilərinin oyunlarına baxan hər kəs görür ki, bütün komanda Messi üçün oynayır. Oyun strukturu və taktiki gedişlər də Messi üzərində qurulub. Portuqaliya millisində isə bu belə deyildi. Portuqaliyanın uğursuzluğunun əsas səbəblərindən biri hücum xəttində kifayət qədər hərəkətli oynaya bilməməsi idi. Ronaldo əvvəlki kimi hücumda çox hərəkət edə bilmirdi. Onun görə bilmədiyi işi digər futbolçular görməli idi. Amma hər kəs daha çox öz oyununu oynamağa çalışırdı. Bu, İspaniya ilə oyunda da özünü göstərdi. Hesabı bərabərləşdirsələr də, üstünlüyü davam etdirə bilmədilər və əvəzində qol buraxdılar".

Ekspert düşünür ki, Ronaldonun beş-on il əvvəlki fiziki vəziyyəti olsaydı, Portuqaliya bu heyətlə İspaniyanı rahat məğlub edə bilərdi. Amma bunun öhdəsindən gələ bilmədi:

"Əsas səbəblərdən biri komandanın digər futbolçularının Ronaldonun çatışmazlıqlarını kompensasiya edə bilməməsi idi. Bu uğursuzluq onun futbol karyerasına heç bir təsir göstərməyəcək. Çünki Ronaldo karyerası ərzində dünya rekordlarına imza atmış futbolçudur. Son 20 ilin futbolundan danışsaq, Ronaldo və Messi dünya futboluna ən böyük töhfə verən iki addır. Birinin dünya çempionluğu, digərinin Avropa çempionluğu var. Hər ikisi saysız-hesabsız rekordlar qırıb, yüzlərlə qol vurub. Hətta klub səviyyəsində "Real Madrid" və "Barselona" qarşıdurmasının dünyada bu qədər populyar olmasının əsas səbəblərindən biri də Messi və Ronaldo idi.Bu uğursuzluq Ronaldonun karyerasına heç bir xələl gətirmir. Bəli, bu il Dünya Çempionatında uğur qazana bilmədi. Amma bu, onun karyerasını aşağı salmır. Ronaldo 40 yaşında Dünya Çempionatında iştirak edir. Bu, müsbət nümunədir. Bu yaşda belə yüksək fiziki hazırlıq səviyyəsində olmaq və Dünya Çempionatında iştirak etmək hər futbolçuya nəsib olmur. Adətən futbolçular 34-35 yaşdan sonra əvvəlki fiziki formalarını saxlaya bilmirlər. Amma bu Dünya Çempionatında çıxış edən yaşlı futbolçular göstərdilər ki, 40 yaşına qədər də komandalarına kömək etmək iqtidarında ola bilərlər".

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.