“Bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır...” Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanda hər il müzakirə olunan mövzulardan biri də rus bölməsində təhsil məsələsidir. Cəmiyyətdə belə bir fikir var ki, rus bölməsində oxuyan şagirdlər Azərbaycan dilində sərbəst danışmaq, yazmaq və oxumaqda çətinlik çəkirlər. Bu fikir bəzi hallarda öz təsdiqini tapsa da, bütün rus bölməsi məzunlarına şamil edilə bilməz. Çünki ana dilinə münasibət yalnız tədris dilindən deyil, ailə mühitindən, şəxsi maraqdan və mütaliədən də asılıdır.

 

Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı dövlət dilini yüksək səviyyədə bilməli və ondan düzgün istifadə etməlidir. Buna görə də həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlərdə dövlət dilinin öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə, problemi ümumiləşdirmək deyil, onun həlli yollarını axtarmaq cəmiyyət üçün daha faydalı yanaşmadır.

Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli mövzu ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. O qeyd edib ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi təhsil siyasətinin əsas istiqamətlərindən biri olmalıdır:

"Bu baxımdan, tədrisin Azərbaycan dilində keyfiyyətinin yüksəldilməsi, dərslik və metodik bazanın gücləndirilməsi, müəllim hazırlığının təkmilləşdirilməsi və valideynlərin dövlət dilində təhsilə marağının artırılması xüsusi əhəmiyyət daşıyır.

Rus bölmələrinin mərhələli şəkildə Azərbaycan bölməsi ilə əvəzlənməsi məsələsi isə kifayət qədər həssas və çoxşaxəli yanaşma tələb edir. Belə bir dəyişiklik yalnız inzibati qərarla deyil, cəmiyyətin sosial tələbatı, təhsil sisteminin hazırlıq səviyyəsi, müəllim potensialı və tədrisin keyfiyyəti nəzərə alınmaqla həyata keçirilə bilər. Əsas məqsəd hansı dildə təhsil almaqdan daha çox, dövlət dilində yüksək səviyyədə təhsil almaq imkanlarını təmin etmək olmalıdır.

Mən hesab edirəm ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır. Son dövrlər rus bölmələrinin bağlanması və ya mərhələli şəkildə ləğvi ilə bağlı müzakirələr intensivləşib. Ancaq eyni zamanda ölkəmizdə ingilis dilində tədris aparan özəl məktəblər də fəaliyyət göstərir və onlar da kifayət qədər şagird kontingentinə malikdir".

 

 

Müsahibimizin sözlərinə görə, əgər məqsəd xarici dildə təhsilin özünü problem kimi təqdim etməkdirsə, onda eyni yanaşma bütün xarici dilli təhsil modellərinə şamil olunmalıdır:

"Əks halda, bu məsələyə selektiv yanaşma cəmiyyətdə haqlı suallar doğurur. Məncə, əsas sual bu olmalıdır: rus bölmələrinin məhdudlaşdırılması ilə biz konkret olaraq nə əldə edəcəyik? Əgər bu addım dövlət dilinin mövqeyini gücləndirmək məqsədi daşıyırsa, bunun ən səmərəli yolu qadağalar deyil, Azərbaycan dilində təhsilin keyfiyyətini daha da yüksəltməkdir. Valideyni seçim etməyə məcbur edən amil çox vaxt tədrisin dili deyil, təhsilin keyfiyyəti, məktəbin mühiti və gələcək perspektivləridir.

Bizim əsas məqsədimiz milli-mənəvi dəyərlərə bağlı, dövlət dilinə və milli ideologiyaya sadiq, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verən və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək olmalıdır. Belə vətəndaşın bir neçə xarici dili bilməsi isə yalnız üstünlükdür. Xarici dil bilmək milli kimliyə alternativ deyil; əksinə, öz milli kimliyinə və ana dilinə möhkəm bağlı olan insan başqa dilləri də mənimsəyərək ölkəsini beynəlxalq müstəvidə daha uğurla təmsil edə bilər.

Bu baxımdan hesab edirəm ki, diqqətimizi təhsilin dilindən daha çox, təhsilin məzmununa və keyfiyyətinə yönəltməliyik. Güclü Azərbaycan dili, keyfiyyətli təhsil, milli dəyərlərə söykənən tərbiyə və yüksək peşəkarlıq birlikdə formalaşdıqda, dövlət dilinin nüfuzu da təbii şəkildə möhkəmlənəcək".

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.