İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tarixdə elə adlar var, onları unutmaq olmaz. Bizim də missiyamız zaman-zaman bu adları xatırlatmaqdır. 19-cu əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan maarifçilərindən olan, həm yazıçı kimi tanınan Rəşid bəy Əfəndiyev barəsində danışacağam.
Rəşid bəy Əfəndiyev 5 iyun 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olub. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən alıb. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirib.
Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoyub, eyni zamanda baş rolları ifa etmişdir. R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanıb, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoyub.
O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilib. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olub. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmayıb, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy edib.
Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf edib. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanan ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edib, hətta şəxsən artist kimi iştirak edib. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə yox getmirdər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə iki hissədən ibarət "Müxtəsər şəriət" dərsliyinin də müəllifidir. O, etnoqrafiya ("Nuxada evlənmək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi haqqında bir neçə məlumat" və s.), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı nümunələri", "Lev Nikolayeviç Tolstoy", həmçinin "Seyid Əzim Şirvani" və s.) sahəsində də fəaliyyət göstərib.
Azərbaycan xalq əfsanə və rəvayətləri , adət və ənənələri, eləcə də barədə, xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , "СборникматериаловдляописанияместностейиплемёнКавказа" məcmuəsində çap etdirib. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilib.
Dərslikləri
1. Bəsirət-ül-ətfal
2. Uşaq bağçası
Ədəbi əsərləri
1. Qonşu-qonşu olsa, kor qız ərə gedər
2. Saqqalın kəraməti
3. Arvad məsələsi
Əsərləri
1. Müxtəsər şəriət. I cild. Nuxa: "Mədəniyyət" mətbəəsi, 1910
2. Müxtəsər şəriət. II cild. Tiflis: "Kultura" mətbəəsi, 1910
3. Qan ocağı. Tiflis: "Kəşkül" mətbəəsi, 1885
4. Qan ocağı. Tiflis: Məhəmməd ağa Şahtaxtinski mətbəəsi, 1904 (ikinci çapı)
5. Pul dəlisi
6. Dram əsərləri.
7. Məktəbə dəvət
1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat edib. Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.06.2026)


