Ocağımızdan bu fani dünyaya sığmayan azad bir ruh uçub getdi Featured

LEYSAN MİKAYIL OĞLU QƏDİMBƏYLİNİN ƏZİZ XATİRƏSİNƏ

 

Eltən Törəçi,

Dəyər yaradıcısı.

“Ədəbiyyat və incəsənət”

 

Bu gün ocağımızdan bu fani dünyaya sığmayan azad bir ruh uçub getdi…

Əmioğlu desəm də, Leysan mənim üçün sadəcə qohum deyildi. O, mənim balaca qardaşım idi. Bəzi insanların niyə bu qədər fərqli yaradıldığını insan yalnız onları itirəndən sonra anlayır. Leysan heç vaxt sıradan biri olmadı. İçində daim harasa tələsən, zamanın azlığını hiss edən ramolunmaz bir ruh vardı. Bir yerdə qala bilmirdi… Araşdırır, öyrənir, yenilik axtarırdı.

Rəssamlığı bitirmişdi. Keramika sənətinə könül vermişdi. Ən böyük arzularından biri öz emalatxanasını qurmaq idi. Təbiəti sevirdi… Dağları, yürüşləri, oxçuluğu, atıcılığı sevirdi. Amma ən çox da göyərçinləri sevirdi. Bəlkə də öz ruhunu onlarda görürdü — azad, sərhədsiz və göyə yaxın…

Böyük ailə yığıncaqlarını çox sevirdi. Ev dolu olanda daha xoşbəxt olurdu. Zarafatları, bitməyən sualları, o təmiz gülüşü ilə hər məclisə can verirdi. İndi anlayıram ki, bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də.

Onu hamı sevirdi. Çünki qəlbində kin yox idi. Çətinliklər qarşısında yıxılsa da, yenidən ayağa qalxmağa çalışan savaşçı bir ruhu vardı.

Çox qəribə taledir… Leysan şiddətli leysan yağan bir gündə dünyaya gəlmişdi. Bu gün isə yenə leysanlı bir gündə bizi tərk etdi. Sanki yağış onun adına, taleyinə yazılmışdı…

Cəmi 22 yaş…

Sənin yoxluğunu qəbul etmək çox çətindir, qardaşım. Amma sənin səsin, sualların, zarafatların və gülüşün bu evlərin divarlarında həmişə yaşayacaq.

Tanrım məkanını uçmaq etsin, canım qardaşım…

İşıqlar içində uyu, Leysan Bəy…

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.