Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Peşəsinə görə qurban olanlardan biri də jurnalistdir. Bəli, məhz peşəsinə görə. Çünki jurnalistika təkcə xəbər ötürmək deyil, bəzən insanın öz vicdanı ilə üz-üzə qalmasıdır.
Cəmiyyətin tez-tez qınaq hədəfinə çevirdiyi peşələrdən biri də məhz jurnalistikadır. “Hanı sənin insanlıq borcun?” - bu sual illərdir müxtəlif hadisələr fonunda jurnalistlərə ünvanlanır. Bəzən isə bu sualın cavabı o qədər ağır olur ki, onu daşımaq hər kəsin gücü daxilində deyil.
1993-cü ilin martı idi. Cənubi Afrikadan olan bir fotojurnalist Kevin Karter Sudana yollanır. Məqsədi aclıq və vətəndaş müharibəsinin doğurduğu faciələri lentə almaq, bəlkə də ən təsirli kadrı çəkərək dünyaya göstərmək idi. Lakin qarşılaşdığı mənzərə təsəvvür etdiyindən qat-qat ağır olur. Səfalət, aclıq, ölüm hər tərəfdə eyni acı tablo. Saatda onlarla insan aclıqdan həyatını itirirdi. Günlər, həftələr keçir. O isə “ən güclü kadr”ın axtarışındadır. Və bir gün…
Bir kolun dibində uzanmış, aclıqdan sümükləri çıxmış kiçik bir uşaq görür. Uşaq ölümünü gözləyirmiş kimi halsızdır. Fotojurnalist üçün bu, “ideal kadr”dır. O, kameranı hazırlayır. Elə həmin an kadra başqa bir varlıq daxil olur- bir akbaba. Quş uşaqdan bir neçə metr aralıda dayanır. Sanki ölümün rəmzinə çevrilir. Fotojurnalist gözləyir. Bəlkə quş qanadlarını açar, kadr daha dramatik olar… Amma bu baş vermir. Yenə də şəkli çəkir. Sonra akbabanı qovur. Kənara çəkilib ağlayır. Çünki ağlına öz uşağı gəlir.
Ölkəsinə qayıtdıqdan sonra çəkdiyi foto dünya mediasında yayılır. Böyük rezonans doğurur. İnsanlar sarsılır. Şəkil mükafatlar qazanır. Amma sonra başqa bir şey başlayır.
Oxucular bir sual verir:
“O uşaq nə oldu?”
Və bu sual fotojurnalistin həyatını dəyişir. O, uşağı orada qoyub getdiyi üçün vicdan əzabı çəkməyə başlayır. Yeməkdən, insanlardan uzaqlaşır. Daxili sarsıntı onu tərk etmir. Nəhayət, bu yükə dözə bilmir və həyatına son qoyur.
İntihardan əvvəl dostuna etiraf edir:
“Kaş ki, onu qaldırıb yardım mərkəzinə aparardım…”
Və acı həqiqət dəyişmir, o ölkədə uşaqlar hələ də aclıqdan ölür.
Kim bilir, bəlkə də bu günə qədər çəkilmiş, amma heç vaxt yayımlanmayan yüzlərlə, minlərlə foto var. Fotojurnalistlərin görüb də paylaşmağa ürək etmədiyi həqiqətlər… Bəzən bir şəkil dünyanı dəyişə bilər. Bəzən isə bir şəkil insanı içindən məhv edər. Xocalıdan çəkilən, amma göstərilməyənlər
Xocalı faciəsi zamanı da bənzər vəziyyət yaşanıb. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu hadisə yerində dəhşətli görüntülər lentə almışdı. Amma onların bir qismini yayımlamayıb.
Niyə?
Bəlkə insanlıq naminə…
Bəlkə o görüntülərin ağırlığını cəmiyyətin daşıya bilməyəcəyini düşündüyü üçün…
Bəlkə də bəzən hər şeyi göstərmək deyil, bəzi şeyləri qorumaq daha doğru olduğu üçün…
Jurnalistin əsas vəzifəsi hadisəni olduğu kimi çatdırmaqdır. Amma bəzən həyat bu qədər sadə seçimlər təqdim etmir.
Bir tərəfdə peşə borcu- həqiqəti göstərmək.
Digər tərəfdə insanlıq borcu- kömək etmək.
Bu iki anlayış toqquşanda isə qərar vermək ən çətin məqama çevrilir.
Bəlkə də jurnalistlərə yönələn “insanlıq borcu” sualını verməzdən əvvəl, onların hansı vəziyyətlərdə bu seçimlə üz-üzə qaldığını anlamaq lazımdır. Çünki bəzi kadrlar sadəcə görüntü deyil, onlar bir insanın bütün həyatını dəyişə bilər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


