Elman Eldaroğlu,
“Ədəbiyyat və İncəsənət”
Biz onunla Sumqayıt şəhərində, eyni məktəbdə orta təhsil almışıq. Sadəcə, ayrı-ayrı siniflərdə... Bir sözlə, 8-ci mikrorayonun ceyillərindən biri də, o idi. O, 8-ci mikrorayonun ki, rəhmətlik meyxana ustası Mamed oranı belə vəsf edirdi:
“Keçməmisən bu 8-in tinindən,
Yeməmisən sillə və təpiyindən.
Sumqayıtda adı çıxıb 8-in,
Adı və fəryadı çıxıb 8-in...”
Bəli, bizim mikrorayonda qorxmaz, sözübütöv, cəsarətli uşaqlar çox olub. Maraqlısı o idi ki, bütün bunlarla yanaşı, dərsimizi də yaxşı oxuyurduq. Belə uşaqlardan biri də Telman Aslanov olub...
O vaxtlar mikrorayonlar arası davalar düşəndə, hamımız bir yerdə olur, qonşu mikrorayonun ceyilləri ilə mübarizə aparırdıq. Telman həmişə öndə olanlardan idi. Nə isə, illər ötdü, zaman keçdi biz böyüdük. Mənim tez-tez Yardımlıya getməyimdən, imkansız ailələrə ərzaq yardımı etməyimizdən, atasız uşaqlara pal-paltar, ayaqqabı aparmağımdan xəbəri vardı. Bir gün zəng edib dedi ki, növbəti dəfə onu da Yardımlıya aparım. Görüşüb, onun maşınında Yardımlıya üz tutduq. Maşınında da yeniyetmələr üçün 50 cütə yaxın təptəzə ayaqqabılar. Axşamı Perimbeldə, Mir Əkbər gilin evində qalsaq da, səhər açılan kimi rayon mərkəzinə getdik. Və həmin ayaqqabıları(krasovkaları) atasız uşaqlara çatdırılması üçün, Telman o vaxt rəhbərlik etdiyim Yardımlı Xeyriyyə Cəmiyyətinin anbarına bağışladı...
O, 1966-cı ilin aprel ayının 17-də dünyaya gəlib, əslən Qarabağ bölgəsindəndir. Həmin il, aprelin 17-si bazar gününə düşdüyü üçün, onun psixoloji portretini cızmağa çalışacağam. Bazar günü doğulan adamlar uşaqlıqdan ərköyün və aşıb-daşan enerji ilə dolu olurlar. Uğurlu adamlardır, hər yerdə, həmişə bəxtləri gətirir. Bu insanlar uşaqlıqdan qeyri-adi istedad, daxili güc, gözəllik və xeyirxahlıqları ilə seçilirlər. Bir şəxsiyyət kimi formalaşmaq, təbiətdən gələn fitri istedadlarını itirməmək üçün onlar daim öz üzərlərində işləyirlər. Və başqaları tərəfindən enerjili, optimist, xeyirxah, eləcə də şən şəxsiyyət kimi xarakterizə olunurlar. Onlar adətən diqqət mərkəzində olmağı sevən, zövqlü, intuisiya qabiliyyəti yüksək, empatiyalı və müdrik insanlar olurlar. Bu xüsusiyyətlərinə görə də cəmiyyətdə seçilən və həyatlarında uğur qazanan şəxslər hesab edilirlər...
Telmanın bir şakəri də var- özünü tanıyan, tanınmış istedadlı adamlarla dostluq etməyi, qulluq göstərməyi xoşlayır. Məsələn, onların arasında yazıçı Varisin, xalq artisti Əlixan Məlikovun adlarını çəkə bilərəm...
Xülasə, aprelin 17-si uşaqlıq dostum Telman Aslanovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


