Azərbaycanda xeyli sayda kişi həyat yoldaşının soyadını qəbul edib Featured

Fatimə Məmmədova,

“Ədəbiyyat və İncəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən gün yayılan xəbər bəzi insanları heyrətləndirdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycanda xeyli sayda kişinin həyat yoldaşının soyadını qəbul etdiyi məlum olub.

 

Əslində isə bu, cəmiyyət üçün tamamilə gözlənilməz bir hal deyil. Müxtəlif səbəblərdən, o cümlədən hüquqi və sosial motivlərlə belə seçimlərə rast gəlinir. Bu baxımdan məsələ yalnız fərdi qərar deyil, həm də dəyişən sosial münasibətlərin bir göstəricisi kimi diqqət çəkir. Amma bu tendensiyanın arxasında duran səbəblər və onun cəmiyyətə təsiri daha geniş müzakirə mövzusudur…

Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov “Ədəbiyyat və İncəsənət” portalına açıqlamasında bildirib ki, qadın soyadlarının kişilər tərəfindən qəbul edilməsi halları bir çox ölkələrdə var:

“Düzdür, çox geniş yayılmır. Ancaq bu var.

Maraqlısı budur ki, bu halın özü Qərbi Avropanın bəzi ölkələrində var. Xüsusən 20-ci əsrin 50-ci illərindən sonra onlarda bu kimi hallar olub. Xüsusən onların bir çoxunun tarixi ənənələrində də bu olub ki, bəzən zadəgan əsilliliyə görə daha nüfuzlu nəsillərlə qohumluq zamanı kişilər həmin soyadla davam ediblər ki, bu da nəslin soyadının qorunması baxımından əhəmiyyət daşıyıb. Ancaq Azərbaycan ənənəsində bu hal demək olar ki, olmur.

Azərbaycan ənənəsində ailə təsərrüfatında əsas söz sahibi kişidir və nikaha daxil olan şəxslər məhz ərinin soyadını götürüblər. Xüsusən Sovet dövründə bu, ümumilikdə belə olub. Qeyd etmək lazımdır ki, son dövrlərdə qadınların ailə qurarkən həm öz əvvəlki soyadını, həm də ərinin soyadını eyni vaxtda daşıması halları da yayılıb. Bu isə bir qədər mürəkkəb tendensiyadır. Çünki ya birini seçmək lazımdır – ya öz soyadını, ya da ərinin. İki soyadın eyni vaxtda şəxsiyyət vəsiqəsində qeyd olunması o qədər də məqbul hesab edilmir.

Ancaq fakt odur ki, bu hallar əvvəllər az idisə, indi bir qədər artıb. Məncə, bu, daha çox kişi və qadın rollarının dəyişməsi ilə bağlıdır. Yəni kişilər ailə təsərrüfatında qadın rolunu daha çox qəbul edir və ümumilikdə cəmiyyətdə rolların bərabərləşməsi prosesi gedir. Digər tərəfdən isə kişi rollarının azalması və qadın rollarının genişlənməsi müşahidə olunur”.

 

 

Sosioloq qeyd edib ki, bu proses ailə daxilində rol bölgüsünə də təsir göstərir:

“Çünki ailə qurulduqda götürülən öhdəliklər ənənəvi olaraq daha çox kişiyə aid olub. Hüquqi baxımdan bərabərlik olsa da, sosial öhdəliklər daha çox kişinin üzərində dayanıb. Lakin indi bu öhdəliklərin bərabərləşməsi prosesi gedir və bəzi hallarda qadın rolları kişi rollarını üstələyir.

Biz buna öyrəşmişik ki, qadınlar kişi soyadını daşısın, kişilər isə əksinə, bunu etməsin. Amma bu, cəmiyyətdə rolların sürətlə dəyişməsi ilə bağlıdır və müəyyən mənada kişi rollarının zəifləməsi fonunda ortaya çıxır.

Bu dəyişikliklər hər zaman müsbət nəticə verməyə də bilər. Qadın soyadlarının kişilər tərəfindən qəbul edilməsi hallarının artması sosial, sosial-psixoloji və sosio-mədəni baxımdan müəyyən suallar yaradır. Xüsusilə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslin dünyagörüşünün formalaşması baxımından bu tendensiya o qədər də müsbət təsir göstərmir.

Bu, müəyyən mənada uşaqlar arasında kosmopolitizmə meyli artırır, qlobal vətəndaşlıq anlayışını gücləndirir. Lakin bu, milli və yerli vətəndaşlıq məsuliyyətlərinin zəifləməsinə də səbəb ola bilər. Bununla belə, bu prosesin bütövlükdə neqativ nəticə verəcəyini də qəti demək olmaz. Söhbət daha çox cəmiyyətin makro və mikro səviyyədə gələcək harmoniyasından gedir”.

H. İbrahimov əlavə edib ki, bu gün bu tendensiyanın neqativ nəticələri açıq şəkildə hiss olunmaya bilər:

“Amma məsələ gələcəkdə – bir neçə onillikdən sonra daha aydın görünə bilər. Bu baxımdan, bir tərəfdən bu, insanın hüquqi azadlığı və şəxsi seçimi kimi qəbul olunur. Digər tərəfdən isə ümumi tendensiya olaraq o qədər də proqressiv meyilləri əks etdirmir”.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.