Heyran Zöhrabova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Biz uşaq olanda belə deyildi
Hamını, hər şeyi sevə bilirdik
Ağzımızdan çıxan güllə səsinə
Yumub gözümüzü ölə bilirdik
Biz elə ölümü belə bilirdik
Böyüdük nənələr, babalar öldü
Böyüdük doğmalar, əzizlər öldü
Böyük ürəklilər, təmizlər öldü
Bu şeiri əbəs yerə seçmədim. Rəşad Nağı Mustafanın özünün də dediyi kimi, dana bilmərik ki, bu şeirin bu qədər çox sevilməyinə səbəb həm də Ustad Rasim Balayevin reaksiyası idi.
Əslində hamımız ölümlə uşaqlıqdan tanışıq, kimi yaxından, kimi uzaqdan.
Amma ölüm hər yaşda bizə fərqli şeylər ifadə edir.
Uzaq ölümlər bizə adətən bir növ xatırladıcı rolunu oynayır.
Zamanı, ömrü və eyni zamanda ölümlü olduğumuzu.
Sahib olduqlarımızın, doğmalarımızın, bizi sevənlərin dəyərini.
Yaxın ölümlər daim bizdən nələrsə qopardır.
Bəzən dayağımızı, bəzən qəlbimizin ən məhrəm sirdaşını, bəzən xəyallarımızı..
Ölüm bəzən bizə həyatımızdakı bir insanın artıq keçmişimizdə, xatirələrdə qaldığını, gələcəyimizdə olmayacağını, bir də onunla danışıb gülə bilməyəcəyimizi hökm edir..
Bəzən də ölüm bizdən uşaqlığımızı alır.. Bizə zamanın ötüb keçdiyini artıq böyüdüyümüzü xatırladır...
Uşaqlıqda həvəslə izlədiyimiz filmlərdəki obrazları canlandıran aktyorlar bir-bir dünyasını dəyişində fərqinə varırıq ki, ölüm bizdən həm də bir dövrü, uşaqlığımızı alır.
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


