Araz İsmayılovun 85 illik xatirəsinə həsr olunmuş açıq dərs Featured

“Həyat uzunluğuna görə deyil, məzmununa görə qiymətləndirilir”. (Seneka)

Hafiz Ataxanlı,

“Ədəbiyyat və incəsənət”

 

İnsan və onun sosial-fəlsəfi mahiyyəti haqqında yaradılışın bünövrəsindən bu günə qədər yetərincə düşüncə, zərbül-məsəllər, aforizm və idiomatik ifadələr, bəzən də biri-birini təkzib edən fikirlər yaddaşları bəzəyir. Böyük Şərq filosofu Eynəlqüzat Miyanəçı deyirdi ki, əsil və həqiqi insan odur ki, başqaları onun əlindən, dilindən və əməyindən ziyan görməsinlər.

 

Sartr isə “insan hər şeydən əvvəl subyektiv həyəcan keçirən layihədir” qənaətindəydi. Şəms Təbrizi “insan insanın güzgüsü olsaydı, bütün çirkinliklər aradan qalxardı” müdrikliyində yol aydınladırdı.

Leonardo da Vinçinin aforizmini insan fəaliyyətinin mükəmməl təsviri saymaq mümkündür: dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı tətbiq edilmədikdə kütləşir. Bir də Lomonosovun bənzətməsini xatırlayaq: kiçik adam dağın başında da kiçikdir, böyük adam çökəkdə də nəhəngdir.

Bernard Corc Şou insanın kamilləşmə, bütövləşmə xronologiyasını apaydın göstərir: insan çiy kərpicə bənzəyir, bişdikcə bərkiyir.

Bütün fikirlərə ehtiramla istinad etsək, qarşımızda aydın bir mənzərə canlanır: hər şey insanın özündən asılıdır. Ürəyin genişliyi, zəkanın işıq haləsi, əməllərin trayektoriyası, ehtiyac saatlarından, dar günlərdən nəticə çıxartmaq analizi şəxsiyyətin portret cizgilərini səciyyələndirir.

Beləliklə, insanın sosial-fəlsəfi mahiyyəti kontekstində tanınmış pedaqoq-təşkilatçı, Sumqayıt təhsilinin inkişaf mərhələsində izi olan, şərəfli müəllimlik missiyasını qısa ömründə uğurla yerinə yetirmiş, insanpərvərlik fəlsəfəsini örnək qoyub getmiş Araz İsmayılovun 85 illik xatirəsinə həsr olunmuş açıq dərsə başlayırıq.

 

Xatırlama.

1996-cı ildə Azərbaycan Televiziyası Xəbər Xidmətinin Abşeron-Xızı-Sumqayıt üzrə xüsusi müxbir postunun rəhbəriydim. O illər Sumqayıtda tədbirlərin bum dövrü idi.

Maarif şöbəsinin tədbirlərində 16 nömrəli məktəbin direktoru, qabaqcıl maarif xadimi Araz İsmayılovu yaxından tanıdım. Ağır təbiətli, ləngər yerişli, ağayana davranışlı Araz müəllim ciddi olduğu qədər də həssas və qayğıkeş idi. Məlum oldu ki, 5-ci mikrarayonda yaşayır. Qonşu binada qalır.

Bir neçə ildən sonra 15 nömrəli məktəbdə oxuyan övladlarım evdə tez-tez sevimli müəllimələrindən, illah da fizika dərsini tədris edən Bəyaz xanımdan ağızdolusu danışırdılar.

Gərək ki, 2000-ci ilin əvvəlləriydi. Dostum, Azərbaycan Televiziyasının operatoru Etibar Bənnayev məni çayxanaya çağırdı. Sinif yoldaşlarım Əfləddin Səfərovla Rafiq Həsənovu tanıyırsan, - dedi, - indi də Elgünlə tanış ol, xüsusi xidmət orqanlarında işləyir, mayordur, bölgədə çalışdığı üçün vaxtı məhduddur, Sumqayıtda onu tapmaq müşgül məsələdir.

Danışıq əsnasında məlum oldu ki, Bəyaz müəllimə Araz müəllimin ömür-gün yoldaşı, Elgün onun oğluymuş. Sən demə, ayrı-ayrı vaxtlarda tanıdığım ziyalılar bir ocağın işığına qızınırmışlar. Və bu ocaq Qərbi Azərbaycanın İcevan rayonunun Haqqıxlı kəndindən, Naiboğlular tayfasından köz götürür.

 

Ocaq-yurd yeri

14 kəndi əhatə edən Qaraqoyunlu bölgəsi zaman-zaman erməni vəhşiliyindən doğan zilləti görmüşdü, acı çəkmişdi.

Bütün çətinliklərə baxmayaraq, burada təhsilə hər zaman önəm verilmişdi. Əvvəlcə dini mədrəsələr fəaliyyət göstərmişdi, sonradan onlar rus-tatar, rus-müsəlman məktəbləri ilə əvəz olundu.

Kəndin girəcəyində, qayaların arasından fışqıran məşhur Şinkar bulağının şöhrəti Gəncəyə, Qazaxa da yayılmışdı. Görkəmli Azərbaycan şairi Səməd Vurğun da bulağa tez-tez gedirmiş. Hətta qayanın üstünə daşla öz adını da həkk edibmiş.

Ermənilər Azərbaycan toponimlərinə terrora başlayanda Haqqıxlılar etiraz səslərini ucaltdılar. Son anda Haqqıxlını  Vurğunkənd adlandırmaq məcburiyyətində qaldılar.

Kəndin bir kəlməsi ilə qan bağlaya bilən müdrik kişilərdən biri – Camal kişi briqadir işləyirdi. 6 oğul, 1 qız böyüdürdü. İkinci cahan savaşında onu da böyük oğlu ilə birlikdə ön cəbhəyə göndərdilər.

Camal kişi müharibədən yaralı qayıtdı. Oğlu Ənvər itkin düşdü. İtkin oğul yarasını qəlbində, fiziki yaranı canında gəzdirən Camal kişi müharibədən sonra ferma müdiri kimi əmək fəaliyyətini davam etdirdi. Taleyin gözlənilməz döngəsinə bax; alman gülləsindən özünə gəlməmiş çobanlardan birinin əlində təsadüfən açılan güllə onun həyatına son qoydu.

Oğlu Abuzər və İsmayıl kənd müəllimləriydi. Avtandil təhsildən sonra Bakıda qaldı. Uzun müddət Əlvan Metallurgiya Komitəsində məsul vəzifədə çalışdı. Əjdər Sumqayıtı taleyinin şəhəri seçdi. Marten sobasının ən qaynar nöqtəsində çalışdı. Moskvaya qurultay nümayəndəsi də seçildi.

Qızı Diləfruz kənddə sağıcı kimi şöhrət qazandı. Onun da qismətinə SSRİ qurultayına nümayəndə seçilmək düşdü. Xanım evdar qadın idi. Araz isə gücünü oxumağa verdi. Azərbaycan Dövlət Pedoqoji İnstitutuna qəbul olundu.

 

“Əmim hər il yay tətilində kəndə gələr, tələbə yoldaşlarından da bir neçəsini özü ilə gətirərdi. Lovğalıq ona tamamilə yad idi. Ot və odun tədarükünə kömək göstərər, əkin sahələrinin suvarılmasına, su nasoslarının fasiləsiz və saz işləməsinə nəzarət edərdi. Araz əmimin hələ o vaxtdan bir prinsipi vardı: harda işləyirsən, işlə, işinin ağası ol”. (Ramiz İsmayılov Qardaşı oğlu, Qərbi Azərbaycan İcması Sumqayıt şəhər təşkilatının sədri)

 

Missiyanın başlanğıcı

“Bir il sonrasını düşünürsənsə, toxuk ək. On il sonrasını düşünsən ağac ək. Yüz il sonrasını düşündüyündə xalqı öyrət”. (Konfutsi)

Araz İsmayılov 1964-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakultəsini bitirib, təyinatla Salyan rayonuna göndərildi. İlk dəfə jurnal götürüb sinfə girəndə bir gerçəyin fərqinə  vardı: müəllimlik sıradan  bir peşə deyil. Müəllimlik  - missiyadır!

Taleyin ona nəsib etdiyi missiya!

1969-cu ilin iyun plenumunda siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün sferalarda, o cümlədən maarif sahəsində islahatlara başladı. Kadrların milliləşdirilməsi prioritet  istiqamət seçildi. Təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə tarixi məqamda gənc müəllim missiyasının yeni mərhələsinə xidmət üçün Sumqayıta döndü. Öncə 7, sonra 10 saylı məktəblərdə müəllim kimi çalışmağa başladı. Pedoqoji ustalığı ilə bərabər təşkilatçılıq qabiliyyəti, işə canyanğısı da diqqət çəkdi.

Onu müxtəlif illərdə 10,11 və 23 nömrəli məktəblərə direktor müavini təyin etdilər.

 

Şagirdlərin uğur hekayələri artdı. Ali məktəblərə qəbulda faizlər çoxaldı.

Araz İsmayılovun tədris metodikası sadə idi, amma hər şagirdin fərdi inkişafına təkan verirdi. O, təkcə fizika qanunlarını,  riyazi düsturları öyrətmirdi. Vətən sevgisini, dövlətçilik təfəkkürünü, milli dəyərləri, tarixi-mədəni irsə doğru yanaşma düsturunu təlqin edirdi. Bu fərdi tədris metodologiyasına görə onu 23 nömrəli məktəbə direktor göndərdilər.

“Rus və Azərbaycan bölmələrinin də olduğu məktəb şagird kontingentinin sıxlığı və pedoqoji kollektivi ilə Sumqayıt şəhərinin seçilən məktəblərindən biriydi. Araz müəllimin gərgin əmək fəaliyyəti və zəhməti hesabına məktəbdə yaradılmış ab-hava qısa zaman kəsiyində öz bəhrəsini vermiş, 23 saylı məktəb şəhərin ən qabaqcıl məktəbi kimi tanınmışdı.

Araz müəllim öz işinə  həmkarlarından fərqli prizmadan yanaşar, pedoqoji kollektivin hər bir üzvü ilə səmimi münasibət saxlayar, vəzifə borcunu vicdanla və namusla yerinə yetirərdi ".(Əlfixan Məmmədov)

Təhsil Nazirliyi Araz müəllimi Çexoslovakiyaya, Ukraynaya, Rusiyaya təcrübə mübadiləsinə göndərmişdi.

Qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüşdü.

Dəfələrlə respublika Müəllimlər qurultayına  nümayəndə seçilmişdi. İki dəfə şəhər Sovetinin  deputatı, iki dəfə şəhər partiya komitəsi plenumunun üzvü kimi ictimai fəaliyyət missiyasını da uğurla yerinə yetirirdi.

1983-cü ildə Araz İsmayılov şəhər maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi.

"Məsuliyyətli və çətin vəzifə idi. On minlərlə şagird və müəllimə, əlliyə yaxın gündüz və axşam məktəblərinə, uşaq bağçalarına, peşə məktəblərinə rəhbərlik etmək elə də asan məsələ deyildi. Qazandığı təcrübə və bilik, idarəetmə işinə yenilikçi münasibət , böyüdüyü ailə  və sosial mühit ona vəzifəsinin öhdəsindən layiqincə gəlmək şansı verdi. Bu gün də Araz müəllimin təhsil şöbəsinin rəhbəri kimi gördüyü işlər Sumqayıtın on minlərlə sakininin yaddaşlarına yazılıb". (Əlixan Məmmədov. Tanınmış pedaqoq)

"Onun əsas məqsədi müstəqil Azərbaycanımızın təhsil sistemində yeni təlim texnologiyasının qurulmasına, müəllim-şagird münasibətlərinin yeni əsaslarla yaxınlaşdırılmasına dəstək vermək, valideyn-şagird-müəllim ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasında və siniflərin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etmək olmuşdu". (Niyaz Süleymanov. Tanınmış pedaqoq.

 

1988-ci ildə Araz müəllim maarif müdirliyindən uzaqlaşdı

1989-cu ildə şəhərin 16 nömrəli məktəbində direktor kimi fəaliyyətini davam etdirdi.

Siyasi-inqilabi dalğaların tüğyan etdiyi, erməni təxribatçılarının qədim Azərbaycan yurdlarına hücum etdiyi bir vaxtda, iqtisadi tənəzzül və məchulluq dövründə bir məktəbə rəhbərlik etmək, təhsil ocağını qabaqcıllar sırasına çıxarmaq o qədər də asan məsələ deyildi.

Yalnız Araz müəllimin canından, ruhundan gələn peşəyə sevgi, sabahın mükəmməl kadr siyasətinə töhfə vermək təşnəsi bütün qeyri-mümkünləri mümkünə çevirirdi.

Araz İsmayılovun ictimai nüfuzu, şəxsi dostluq münasibətləri, fərdi mənafeyə deyil, məktəbin xeyrinə sərf olunurdu. Məktəb təmir olundu, texnika təminat formalaşdırıldı. Uğur göstəriciləri kifayət qədər çoxaldı.

"Həmişə Araz müəllimin dəyərli məsləhətlərinə qulaq asmışam, xeyrini də görmüşəm. O, böyük vəzifədə işləsə də, Müəllimlik peşəsinə sadiq idi. Vəzifədə olarkən özünün dərs dediyi 9-10-cu siniflərdə açıq dərsdə iştirak etmişəm. Bir fənn müəllimi və məktəb direktoru kimi onun qabaqcıl iş təcrübəsi öyrənilmiş və şəhər üzrə yayılması qərara alınmışdı.

Maarif şöbəsində müdir işlədiyi vaxtlarda bir çox adamın işlə, ailə qurmuş gənc müəllimlərin mənzillə təmin olunmasına kömək göstərmişdi”. (Hilal Əliyev. Tanınmış pedaqoq).

 

İz.

2005-ci il, mayın 9-da həyatını təhsilə, cəmiyyət üçün çox önəmli sferaya həsr etmiş, zəkası ilə yolları aydınlatmış bir aydının ürəyi dayandı.

64 yaş. İnsan ömründən ötrü çox qısa zamandır. Araz müəllimin 64 yaşında haqqın dərgahına qovuşması təkcə ailəsini deyil, təhsilə önəm verən, maarifçilik missiyasını qiymətləndirən hər kəsi sarsıtdı. Fəqət, bir təsəlli vardı bu üzüntünün qarşısında: Araz İsmayılov qısa ömrünü mənalı, faydalı yaşadı.

Ürəyi milli məfkurə, xalqın təhsil strategiyası, parlaq sabah naminə döyündü.

Hər şagirdinin uğuruna ürəyi fərəhindən dağa döndü, gözlərinin içindən güldü.

Araz müəllim iz qoyub getdi. Sinif otaqlarında, təhsil ocaqlarında, şagirdi olmuş məslək sahiblərinin gur ocaqlarında!

Bu gün Araz İsmayılov ömrünün mabədi təkcə Elgündə deyil, həm də yurd sevdalı, işini mükəmməl bilən yüzlərlə yetişdirməsinin fəaliyyətində davam edir. Milli düşüncəyə, elmi nailiyyətlərə, insanpərvərlik fəlsəfəsinə cani-dildən xidmət edən şəxsiyyətlərin  izi daim qalır.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.