İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tale elə gətirib ki, 19-cu əsrdə Vətənimiz Azərbaycan ikiyə bölünüb. Arazdan bu yana Rusiya, Arazdan o yana İran torpaqları adlanıbdır. Güneyli Quzeyli Vətənimiz illərdir Araz yanğısıyla yaşamaqdadır.
"Mən gözləməyi və vaxt itirməyi xoşlamıram" deyən Qulam Məmmədli Arazın o tayındandır...
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Sonra Bakı teatr texnikumunda oxuyub. Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlayıb. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləyib. Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor, Dövlət mətbəəsində mürəttib olub.
1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olub. İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınıb.
Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir vəzifələrində işləyib. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışıb.
1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olub. Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlayıb. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilən əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirib. "İran Azərbaycanının müasir şairləri", "Səttarxan" şeirlər toplusu, "Mirzə Əli Möcüz", "Xiyabani", "Cənubi Azərbaycan şairləri" antologiyası, "Heyran xanım", "Atmacalar", "Əliağa Vahid. Seçilmiş əsərləri" və s. kitablar onun əməyinin bəhrəsidir.
Əsərləri
- Tüfeyli ocaqları
- Molla Nəsrəddin (salnamə)
- Hüseyn Ərəblinski (salnamə)
- Cahangir Zeynalov (salnamə)
- Azərbaycan teatrının salnaməsi (I hissə)
- Üzeyir Hacıbəyov (albom kitab)
- İmzalar
- Cavid ömrü boyu
- Azərbaycan teatrının salnaməsi (II hissə)
- Üzeyir Hacıbəyov (salnamə)
- Molla Nəsrəddin (salnamə). II çapı
Mükafatları
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı
- "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı
- "Əmək veteranı" medalı
- 4 dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "50 il" partiya veteranı nişanı
- "Qızıl qələm" mükafatı
- M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı)
Qulam Məmmədlinin şəxsi arxiv materialları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Zəngin yaradıcılıq yolu keçən Q.Məmmədli uzun illər məhz bu elm ocağının oxu zalından bəhrələnib, sonda ərsəyə gətirdiyi materialların əlyazmalarını, qeydlərini də Əlyazmalar İnstitutuna təhvil verib.
İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva Qulam Məmmədli barədə bunları danışır:
“Dövrünün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi, milli-mədəni irsimizin tədqiqi, toplanılması, nəşri və təbliği sahəsində müstəsna xidmətləri olan ədəbiyyat, mətbuat və teatr tarixi araşdırıcısı, salnaməçi, mətnşünas, təzkirəçi, biblioqraf, nasir, publisist kimi çoxşaxəli fəaliyyət göstərən Qulam Məmmədli qeyri-adi fitri istedadı, zəhmətsevərliyi, fədakarlığı sayəsində əsl ziyalı, vicdanlı vətəndaş idi.
Elmi dərəcəsi, ali, hətta tam orta təhsili olmayan Q.Məmmədli bir insan ömrünə sığmayan zəngin yaradıcılıq yolu keçib. Həqiqətən də vaxtının hədər getməsini xoşlamayan Qulam müəllim yaşadığı ömrün nəinki hər ilindən, hər ayından, hətta hər günündən belə bir qənimət - ömrün son günü kimi yararlanmağa tələsən böyük tədqiqatçı idi. 1914-cü ildən Aşqabadda nəşriyyat və mətbuat aləminə adi köməkçi kimi daxil olan Q.Məmmədli sonralar mürəttiblik etmişdi.
O, 16-17 yaşlarından Bakıda Cəfər Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tuti" satirik məcmuəsində və Aşqabaddakı "Mavərayi-bəhri-Xəzər" qəzetində ilk yazılarını dərc etdirmişdi. İllər keçdikcə mürəttiblikdən, kiçik müxbirlikdən başlanan bu yol onu "Kəndçi qəzeti", "Yeni yol", "Kommunist", "Vətən yolunda", "Azərbaycan kolxozçusu", "Kirpi" və digər mətbuat orqanlarında peşəkar jurnalist kimi redaktorluğa qədər ucaltmışdı.
Q.Məmmədli nəşrə hazırladığı təzkirə, biblioqrafik göstərici və salnamə materiallarının toplanılması prosesində ədəbiyyat, teatr, mətbuat tarixi ilə bağlı əldə etdiyi hər yeni tapıntını, naməlum faktı elmi ictimaiyyətə ilk olaraq "Axtarışlar, tapıntılar", "Açılmamış səhifələr" və bir sıra müxtəlif rubrikalar altında mətbuat vasitəsilə çatdırırdı. 1941-1946-cı illərdə Tiflisdə və Təbrizdə ordu qəzetlərində işləyərək həm də ədəbiyyat tədqiqatı ilə məşğul olurdu.
Qısa müddətdə əldə etdiyi zəngin materiallar onu mətnşünas kimi fəaliyyət göstərməyə yönəltmişdi. Bu sahədə ona əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk (Azərbaycan) dillərində 3692 nadir əlyazma və çap kitabları toplayan Hacı Məhəmməd ağa Naxçıvani yardımçı olmuşdu. "Heyran xanım", "Mirzə Əli Möcüz. Seçilmiş əsərləri", Fədainin "Bəxtiyarnamə"si bu illərin ilk mətnşünaslıq işləridir.
Sonralar bu işin davamı olaraq "İran Azərbaycanının müasir şairləri", "Səttar xan" şeirlər toplusu, "Xiyabani", "Cənubi Azərbaycan şairləri antologiyası", Qılman İlkinlə birgə tərtib etdiyi "Qızıl səhifələr" sənədlər toplusu, "Atmacalar", "Əliağa Vahid. Seçilmış əsərləri", "Qapı oğrusu", "Məhəmmədəli Mənafzadə Sabit. İbrət güzgüsü: Şeirlər, hekayələr və məqalələr" kitabları nəşr olunmuşdu…”
Qələm ustası 1994-cü il noyabrın 18-də Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


