MÜSAHİBİMİZ MAKEDONİYA YAZIÇILAR BİRLİYİNİN SƏDRİ ZİVKO GROZDANOVSKİDİR
Cahangir Namazov,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Bu günkü söhbətdaşımız— Makedoniya Yazıçılar Birliyinin sədri, beynəlxalq səviyyədə tanınmış şair, yazar və ədəbiyyatçi, çoxsaylı milli və beynəlxalq ədəbi mükafatlar laureatı, Zivko Grozdanoskidir. Müsahibəni ingilis dilindən Əsəd Cahangir tərcümə edib.
—Valideynlər övladlarının gələcəyinin formalaşmasında əvəzsiz rol oynayırlar və dəstək ilk növbədə ailədən başlayır.
Bir şair və yazıçı kimi formalaşmağınızda valideynləriniz və ailəniz hansı rolu oynayıb?
— İlk dəfə şeirlər yazmağa başlayanda – yazmağı öyrəndikdən qısa müddət sonra – anamın məni maraqla izlədiyini zəif də olsa xatırlayıram. Sonrakı xatirəm (bəlkə bir, iki, üç il sonra?) belədir: anam mənə içində şeirlərimin yazıldığı bir dəftər göstərdi. Çox təəccüblənmişdim! Mən şeirlər yazır və onları haradasa qoyub unudurdum, amma anam hamısını toplayır və böyük diqqətlə bir dəftərə köçürürdü. Hətta səhvləri də düzəldirdi. Beləliklə, deyə bilərəm ki, mənim ilk redaktorum anam olub. Düşünürəm ki, məni formalaşdıran məhz bu hekayədir.
Bu təəccüb hissi.
— Ədəbiyyat çox vaxt saf qəlblə daxil olunmalı müqəddəs bir məkan kimi təsvir edilir.
Lakin bəzi şair və yazıçılar əsasən şəxsi qazanc və ya mükafatlar naminə yazırlar. Bu hadisəyə münasibətiniz necədir?
— Hamımız iki əks meyl tərəfindən idarə olunuruq: “autentiklik” ehtiyacı və “bağlılıq” ehtiyacı. Bəzi insanlar əsasən yazırlar, çünki bu onları öz həqiqi mənliklərinə yaxınlaşdırır. Digərləri isə bunu daha çox dünyada əlaqələr qurmaq və uğur qazanmaq yolu kimi görürlər. Bir tərəfdə saf qəlb (Vahidliyə canatma), digər tərəfdə isə saf düşüncə (əməkdaşlıq və rəqabət). Mən sadəcə ikinci yol üçün yaradılmamışam. Mənim malik olduğum yeganə şey “mürəkkəbdir” – yazının, dürüstlüyün və autentikliyin metaforası. Son kitabımın adı da belədir: “Mürəkkəb balığı kimi, dünyada özümə yer açmaq üçün mürəkkəbdən istifadə edirəm.”
— İnsan olmaq, hər şeydən əvvəl vicdana sahib olmaq deməkdir.
Sizin fikrinizcə, bir şair və ya yazıçının əsas meyarları və məsuliyyətləri nələrdir?
— Mənim meyarlarıma görə, şairin və ya yazıçının əsas məsuliyyəti meyvənin çürük hissəsinə bıçaq sancmaq və onu həyatın bayramına çevirməkdir.
Bunu edərkən hər bir insanı bir meyvə kimi təsəvvür etmək.
— “Buz kublarındakı barmaq izləri” əsərinizlə qısa nəsr janrına yeni nəfəs gətirdiniz.
Qısa hekayə və ya flash-nəsr yazarkən sizin üçün ən çətin və ən zövqlü tərəf nədir?
— Ən çətin tərəfi artıq hərflərdən qaçmaqdır.
Ən zövqlü tərəfi isə onun son formasını “ovlayarkən” hiss etdiyiniz təəccüb və həyəcan hissidir.
— Tez-tez deyilir ki, hər yazıçı yazı masasının arxasında başqa bir insana çevrilir.
Sizin yaradıcı prosesiniz necə baş verir?
— Bu janrdan asılıdır. Uzun nəsr bəzən düşüncə və ideyaları toplamaq kimidir: onları tutub kağıza köçürmək. Sonra uzun qış gəlir və siz nə topladığınıza baxırsınız. Poeziya isə bir ideyadır, qaçıb gedən bir fikirdir. Ona görə də daim ayıq olmaq lazımdır. Hər halda.
— Uşaqlar üçün yazarkən ən çox nədən ilham alırsınız? Yaradıcılıq impulsunuz haradan gəlir?
— Mənim şəxsi maraq quyumdan, darıxmağa qalib gəlmək ehtiyacından. Özümü təəccübləndirmək istəyindən.
— Sizin fikrinizcə, uşaq ədəbiyyatı ilə böyüklər üçün ədəbiyyat arasındakı ən böyük fərq nədir və bu iki istiqamət bir-birini necə zənginləşdirir?
— Fərqlər də çoxdur, oxşarlıqlar da. Bu, kifayət qədər mürəkkəb bir sualdır.
— Bu gün Makedoniya cəmiyyətində ədəbiyyat və mədəniyyətə göstərilən diqqətin səviyyəsini necə qiymətləndirirsiniz?
— Ədəbiyyatın müxtəlif növləri var, amma onun mediada görünməsi nadirdir. Ümumiyyətlə media çox acınacaqlı vəziyyətdədir – yaradıcılıq demək olar ki, yoxdur. Bəziləri deyə bilər ki, Skopyenin mərkəzində çox kitab mağazası var. Amma digər şəhərlərdə demək olar ki, yoxdur.
— Bu gün yazıçılarla oxucular arasında yaranan ədəbi boşluqlar necə özünü göstərir və gənc nəsil arasında hansı yeni yaradıcı hərəkatlar meydana çıxır?
— Bu boşluqların əsas səbəbi yaxşı ədəbi tənqidin olmamasıdır. Belə tənqid yazı üçün müəyyən meyarlar yarada bilərdi. Yaradıcılıq hərəkatlarına gəlincə, son vaxtlar daha çox oxu klublarının yarandığını görürəm. Lakin gənclərin əksəriyyəti ədəbiyyatla çox maraqlanmır. Məncə bunun əsas səbəbi bu sahəni dəstəkləyən rəsmi siyasətin olmamasıdır.
— Müasir Makedoniya ədəbiyyatında hansı janrlar daha dinamik inkişaf edir və hansıları daha yavaş inkişaf edir?
— Romanlar üstünlük təşkil edir. Poeziya daha arxa plandadır (bunu beynəlxalq tendensiya da adlandırmaq olar). Qısa hekayə isə daha dinamik inkişaf edir.
— İnternet və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə oxuma vərdişlərinin azalması müşahidə olunur.
Oxucu sayının azalmasına görə yalnız interneti günahlandırmaq doğrudurmu?
— Xeyr, yalnız internet deyil. İnternetlə yanaşı dövlət strukturlarının bu sahədə demək olar ki, heç bir rəsmi siyasət formalaşdırmaması da səbəbdir. Təsəvvür edin ki, bir tərəfdən 16 yaşdan aşağı gənclərə smartfon istifadəsi məhdudlaşdırılır (məsələn, İspaniyada olduğu kimi). Digər tərəfdən isə kitabxanalar yüksək keyfiyyətli ədəbiyyatla təmin olunur və gənc “influencer”lər kitabxanalarda fəaliyyət göstərməyə təşviq olunur.
— Müxtəlif nəşriyyatların “bestseller” etiketi ilə nəşr etdikləri orta səviyyəli əsərlər həqiqi ədəbiyyatın inkişafına necə təsir edir?
— Düşünürəm ki, çox təsir etmir. Çünki bu gün müəlliflərin hər cür mətnə çıxışı var və onlar müxtəlif tərəflərdən təsirlənə bilirlər. Mən deyərdim ki, yaxşı müəlliflər əsasən yaxşı müəlliflərdən təsirlənirlər. Orta səviyyəli müəlliflər isə daha çox bestsellerlərdən və ya “trend” ədəbiyyatdan təsirlənirlər.
— Bu günkü dünyada ədəbiyyat hələ də cəmiyyəti dəyişə bilərmi, yoxsa əsasən insan düşüncəsini və hisslərini zənginləşdirməklə məhdudlaşır?
— Cəmiyyət qlobal miqyasda alov içindədir: kapitalizm və imperializm, texnologiyanın köməyi ilə bizi hansısa uçuruma aparır. Bəlkə də üçüncü dünya müharibəsinin astanasına? Ədəbiyyatın edə biləcəyi şey bəzi insanları zənginləşdirmək və ruhlandırmaqdır. Bu isə kifayət qədər böyük bir işdir.
— Gələcəkdə daha çox hansı janra diqqət yetirməyi planlaşdırırsınız — poeziya, qısa hekayə, roman, yoxsa uşaq ədəbiyyatı?
— Başlamağa çalışdığım romanın konturlarını daha aydın etmək istəyirəm. Buna baxmayaraq, qısa mətnlər də yazıram. Bir həftə əvvəl Bağışlanma Günündə uşaqlar üçün bağışlama haqqında bir şeir yazdım.
— Sizin üçün “yaradıcı uğur” nə deməkdir?
— Bir şey yazmaq və bundan sevinc və minnətdarlıq hiss etmək. O yazıda zamanüstü bir dəyərin işartısını görmək. Məsələn, bir həftə əvvəl yazdığım “Padşah üçün bağışlanma” adlı şeir.
— Makedoniya Yazıçılar Birliyi hazırda hansı mühüm layihə və təşəbbüsləri həyata keçirir?
— Bir neçə layihə var, amma mən xüsusilə “Xatırlanan yaşayır” adlı kitabın təqdimatını qeyd edərdim. Bu kitab 21 avtobioqrafik qısa hekayədən ibarətdir və artıq aramızda olmayan makedoniyalı yazıçıların xatirəsinə həsr olunub. Layihənin məqsədi ölkəmizin mədəni yaddaşını qorumaq və müxtəlif milli və dini mənşəli müəlliflər vasitəsilə mədəni kimliyi möhkəmləndirməkdir.
— Azərbaycan ədəbiyyatından hansı şair və yazıçıları tanıyırsınız?
— Keçən il Struqa Poeziya Axşamlarında Fərid Hüseyn iştirak edirdi və biz tanış olduq. Qısa söhbət etdik və o mənə şeirlər kitabını həm Azərbaycan, həm də ingilis dilində hədiyyə etdi. Şeirlər sadə və təsirli idi. Onlardan birinin misraları hələ də yadımda qalıb, çünki onları dostlarıma tez-tez söyləyirdim. Ümid edirəm müəllif məni bağışlayar, çünki indi o misraları tam xatırlamaya bilərəm:
“Vaxt ötür,
aram-aram anlayırsan ki,
yaşadığın bu ömürdə
nəyə cəsarətin çatmayıbsa,
haqqını itirmisən onların önündə.”
Bu qədər sadə və təsirli. Çox gözəl!
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


