İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bəzi insanlar var ki, onların ömrü sadəcə yaşanmış illərin cəmi deyil, qurulan zavodların, yetişən mütəxəssislərin, yazılan kitabların, qazanılan hörmətin tarixidir. Zəhməti ilə ucalan, biliyi ilə seçilən, insanlığı ilə sevilən ziyalı Təbrik Müzəffər oğlu Quliyev də məhz belə ömür sahiblərindəndir.
1946-cı ilin 8 martında, qədim Ordubadın ziyalı ailəsində dünyaya göz açan Təbrik müəllimin taleyinə elm, zəhmət və məsuliyyət yazılmışdı. Uşaqlıq illərindən aldığı ailə tərbiyəsi, mühitin intellektual nəfəsi onun gələcək həyat yolunun təməlini möhkəm etdi. Elmə olan marağı onu 1970-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun kimya fakültəsinə gətirdi. Bu seçim sadəcə peşə seçimi deyildi, bu, gələcək böyük bir sənaye və elmi fəaliyyət yolunun başlanğıcı idi.
Ali təhsilini başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində yerləşən Kimya zavodunda əmək fəaliyyətinə laborant kimi başlayan gənc mütəxəssis qısa zamanda öz zəhməti, dəqiqliyi və peşəkarlığı ilə seçildi. Onun üçün vəzifə pillələri heç vaxt məqsəd olmayıb. Əsas amalı işə vicdanla yanaşmaq, nəticə əldə etmək, faydalı olmaq idi. Elə buna görə də o, addım-addım yüksəldi, məsul vəzifələrə layiq görüldü.
1972-73-cü illərdə Ümumdünya Gənclər Festivalının istehsalat göstəriciləri üzrə laureatı adını qazanması gənc mütəxəssisin ilk böyük uğurlarından idi. Ardınca 1983-cü ildə Ümumiittifaq Xalq Təsərrüfatı Sərgisinin “Bürünc” medalı, 1984-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı adı, 1985-ci ildə “İttifaq ixtiraçısı” fəxri adı gəldi. Bu mükafatlar sadəcə təltif deyil, illərin zəhmətinə verilən dəyərin, peşəkarlığın təsdiqi idi.
Təbrik müəllimin fəaliyyəti yalnız istehsalatla məhdudlaşmadı. O, həm də elmi araşdırmalarla məşğul olaraq 2000-ci ildə kimya elmləri üzrə doktorluq işini uğurla başa çatdırdı. Elm və istehsalatı birləşdirə bilmək hər kəsə nəsib olmur. O isə bu iki sahəni bir-birini tamamlayan qüvvəyə çevirməyi bacardı.
Uzun illər Kimya Birliyində baş kimyaçı kimi çalışdı, 1994-1998-ci illərdə Kimyəvi Reaktivlər və Lak-boya müəssisəsinin direktoru oldu, 1998-2003-cü illərdə isə həmin zavodun baş direktoru vəzifəsini daşıdı. 2005-ci ildə Üzvi-Sintez zavoduna rəhbərlik etdi, 2006-2011-ci illərdə Layihə İnstitutunun baş mühəndisi kimi fəaliyyət göstərdi. Hər vəzifədə onun əsas prinsipi dəyişməz qaldı: məsuliyyət, yenilikçilik və insan amilinə dəyər.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görüldü, 2013-cü ildə SOCAR-ın fəxri fərmanı ilə təltif olundu, 2016-cı ildə isə “Tərəqqi” medalı ilə mükafatlandırıldı. 2019-cu ildə Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi isə onun şəhərin sənaye və ictimai həyatındakı xidmətlərinə verilən ali qiymət idi.
2011-ci ildən etibarən təqaüdə çıxsa da, o, cəmiyyət həyatından kənarda qalmadı. 2022-ci ilin 6 sentyabrında Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri seçilməsi bir daha göstərdi ki, onun sözü, mövqeyi və təcrübəsi bu gün də dəyərlidir. Ağsaqqallıq sadəcə yaş göstəricisi deyil, müdriklik, ədalət və nüfuz deməkdir. Təbrik müəllim bu adı da ləyaqətlə daşıyır.
Onun peşəkar ömrünün coğrafiyası yalnız bir ölkə ilə məhdudlaşmayıb. 1987-1988-ci illərdə o, uzaq Kuba Respublikasında yerləşən kimya zavodunda baş mühəndis kimi çalışaraq bilik və bacarığını beynəlxalq müstəvidə nümayiş etdiribdir. Tropik iqlimin istisində, fərqli bir mühitdə Təbrik müəllim öz prinsipiallığı, dəqiqliyi və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilib, istehsalat prosesinə yeni nəfəs gətiribdir.
Əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Ernesto “Çe” Gevara adına fəxri fərmanla təltif olunması onun peşəkarlığının və məsuliyyətinin bariz nümunəsidir. Bu mükafat sadəcə bir sənəd deyil, zəhmətin, fədakarlığın və mühəndis təfəkkürünün beynəlxalq səviyyədə qəbulunun təsdiqi idi.
Təbrik müəllim daim öyrənməyə, yeniliyə açıq bir mütəxəssis olubdur. O, biliklərini daha da təkmilləşdirmək məqsədilə University of Californiada kurs keçmiş, müasir elmi-texniki yeniliklərlə yaxından tanış olubdur. Qazandığı təcrübə və bilikləri sonradan öz ölkəsində tətbiq edərək, sənayenin inkişafına mühüm töhfələr veribdir.
Beləliklə, onun həyat yolunda həm uzaq qitələrin təcrübəsi, həm də doğma yurda xidmət amalının vəhdəti aydın şəkildə görünür.
Qəlbi elmlə döyünənTəbrik müəllim üç elmi və dörd bədii kitabın müəllifi kimi düşüncələrini, təcrübəsini və həyat müşahidələrini də oxucularla bölüşüb. Bu kitablar həm elmi irs, həm də mənəvi mirasdır.
Ailəsinə bağlılığı isə onun həyatının ən dəyərli tərəfidir. Üç övlad atası, yeddi nəvə və iki nəticə babası olan Təbrik müəllim üçün ən böyük sərvət ailə ocağının istiliyi, nəsillərin davamıdır. Onun həyat yolu övladları və nəvələri üçün bir məktəb, bir örnəkdir.
Hazırda yubiley yaşını qeyd edən Təbrik Müzəffər oğlu Quliyevin ömrü zəhmətin, elmin və vətənə xidmətin parlaq nümunəsidir. Onun həyat salnaməsi Sumqayıtın sənaye tarixinin ayrılmaz hissəsidir.
Belə ömürlər cəmiyyətin dayağı, gənclərin yol xəritəsidir.
Təbrik müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy onun adı həmişə zəhmətin, ləyaqətin və ziyalılığın rəmzi kimi çəkilsin!
“Ədəbiyyat və incəsənət”
(04.03.2026)


