Bir daha iclasda yatan alimləri məzxərə obyektinə çevirmək cəhdi barədə Featured

Təranə Turan Rəhimli,

Filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan alimlərini bilərəkdən gözləri yuxulu vəziyyətdə çəkərək onları ələ salmaq məqsədilə mediada yaymaq qəbuledilməzdir. Bu insanlar ömürlərini elmə, təhsilə və neçə-neçə ziyalı nəslin yetişməsinə həsr ediblər. Bu gün cəmiyyət olaraq formalaşmağımızda, düşüncə tərzimizin inkişafında onların hər birinin əməyi var. Onlar bizim milli sərvətimiz, qiymətli xəzinəmizdir.

 

Elm adamlarına belə bir münasibət (münasibətsizlik!) təkcə fərdi hörmətsizlik deyil, milli-mənəvi dəyərlərimizə qarşıı ədəbsizlikdir. Alimlərin nüfuzuna xələl gətirən və ictimai şəkildə təhqir edən şəxsləri məsuliyyətə çağırırıq.

Şəxsən mən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik və doktorluq dissertasiyalarımın müdafiəsi zamanı indi şəkli mənfur məqsədlərlə mediada nümayiş etdirilən həmin alimlərin çoxunun xeyirxahlığını, əsl ustad qayğısını görmüşəm. Professor Qəzənfər Paşayevin, professor Tehran Əlişanoğlunun və başqa dəyərli elm adamlarının gözüyumulu fotolarını paylaşanlar bu alimlərin xidmətlərindən nəinki xəbərsizdirlər, ümumiyyətlə onların xalqımıza hörməti yoxdur. Çünki alimlər xalqın ən böyük dəyəridir.

Nə tez unutdunuz, sovet dövründə bütün evlərdə Qəzənfər müəllimin "Altı il Dəclə Fərat sahillərində" kitabından öyrəndiklərimizi? 70 illik imperiyanın milli kimliyi unutdurmaq missiyasının tüğyan etdiyi zamanlarda o kitabdan ruhumuza hopan türk sevgisini? Bu alimin qiymətli tədqiqatlarından başqa, daha  önəmlisi, insanlığından xəbəriniz varmı?

Namizədlik dissertasiyamın sənədinə qol çəkmək üçün səhəri uçağı olduğu halda müdafiəm yubanmasın deyə qeyri-iş günü görüşüb sənədimə qol çəkmişdi. Və ən incə ayrıntılara qədər düşünüb ömür-gün yoldaşı, möhtərəm Asudə xanımla gəlmişdi. Müdafiə prosesində önəmli məsləhətləri, tövsiyələri ilə daim köməyini hiss etmişdim. Doktorluq dissertasiyamın müdafiəsindəki çıxışı isə mənimçün böyük bir alimin xeyir-duası kimi qiymətli idi. Və təkcə mənmi? Nə qədər gənc alim Qəzənfər müəllimin qayğısını görüb, onun məktəbində yetişib.

Tehran Əlişanoğlunun kim olduğunu bilirsinizmi? Bircə kitabını oxudunuzmu? Onun Azərbaycan elmində hansı önəmli mövqenin sahibi olduğunu bilirsinizmi? Gənc alimlərə qayğısından xəbəriniz varmı? Ya o zaldakı digər alimlərin xidmətlərindən xəbəriniz varmı? Yox! Əlbəttə ki, yox! Çünki siz özünüz yatmısınız və sizin kimilərin oyanmasına heç ümid də yoxdur.

 Və bir daha xatırladıram: alimin yuxusu da müqəddəsdir. Onlar yuxulasa belə, bu, illərlə elm üçün sərf olunan zəhmətin, gecə-gündüz davam edən düşüncənin, oxunun, yazının yorğunluğudur. Bu yaşda da yazıb-yaradırlar, kitablar ortaya qoyurlar, yeni alimlər yetişdirirlər, elmi məktəblər formalaşdırırlar. Onların gözlərinin bir anlıq qapanması belə bu xalqın gələcəyi üçün açıq qalan zehinlərinin nəticəsidir. Alimlər yatmır — alimlər ömürlərini millətin oyanışı üçün sərf edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.