Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzi xəbər saytlarını klikləyərkən insanı ilk qarşılayan artıq informasiya deyil, şokdur. “Öldü”, “Faciə”, “ŞOK!”, “Heç kim bunu gözləmirdi” kimi başlıqlar oxucunu xəbərə cəlb edir. Amma xəbərə daxil olan oxucu bir neçə sətir oxuduqdan sonra anlayır ki, nə ölüm var, nə faciə, nə də şok. Sadəcə boş, ruhsuz və başlıqla heç bir əlaqəsi olmayan bir mətndir.
Bu gün bəzi jurnalistlər və media qurumları prinsipləri kliklə dəyişir. Xəbərin mahiyyəti yox, neçə nəfərin baxdığı əsas olur. Məzmun arxa plana keçir, başlıq isə süni şəkildə şişirdilir.
Ölməyən adama “öldü” deyilir, saxlanılmayan şəxs “tutuldu” kimi təqdim olunur, adi bir açıqlama “sensasiya” adlandırılır. Hər şey oxucunun diqqətini bir neçə saniyəlik ələ keçirmək üçündür.
“ŞOK, ŞOK, ŞOK”- bu söz artıq xəbərin içini doldurmaq üçün yox, boşluğu gizlətmək üçün istifadə olunur. Çünki mətn zəifdirsə, başlıq qışqırmalıdır. Əgər məlumat yoxdursa, emosiyaya oynanılır. Amma jurnalistika qışqırıq yox, məsuliyyət sənətidir.
Bəli, bu üsullar qısa müddətdə baxış sayını artıra bilər. Oxucu klikləyər, səhifə açılar, statistika yüksələr. Lakin bunun bir də görünməyən tərəfi var: oxucunun etibarı. Bir dəfə aldadılan oxucu ikinci dəfə ehtiyat edir, üçüncü dəfə isə həmin saytı ümumiyyətlə açmır. Beləliklə, media öz əli ilə öz oxucusunu itirir.
Ən təhlükəlisi isə budur ki, bu cür yanaşma cəmiyyətdə jurnalistikaya olan ümumi münasibəti zədələyir. Oxucu artıq xəbərə şübhə ilə yanaşır, “yenə şişirtmədir” deyə düşünür. Nəticədə doğru, dürüst yazan jurnalistlər də eyni səbətə atılır. Bir neçə məsuliyyətsiz başlıq bütöv bir peşənin nüfuzuna kölgə salır.
Halbuki jurnalistikanın əsas missiyası sensasiya yaratmaq yox, məlumat verməkdir. Başlıq xəbərin vitrini ola bilər, amma vitrin yalan danışmamalıdır. Başlıq diqqətçəkən ola bilər, lakin mütləq məzmunu əks etdirməlidir. Əks halda, bu artıq xəbər yox, manipulyasiyadır.
Oxucu şok axtarmır, oxucu həqiqət axtarır. Media isə bu həqiqəti şişirtmədən, təhrif etmədən və aldatmadan təqdim etməlidir. Çünki kliklə qazanılan uğur keçicidir, etibarla qazanılan oxucu isə qalıcıdır.
Bəziləri jurnalistika adı altında ya oxucunun ağlına hörmət edilir, ya da onu aldadırlar.
Üçüncü yol yoxdur.
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


