Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-də infosessiya təşkil olunması Beynəlxalq Radio Gününə h\sr edilmişdi. Mən də bu tədbirdə iştirak etdim və bir daha anladım ki, televiziyada işləmək və onu izləmək tamamilə fərqli təcrübədir. Bu səfər bizim üçün yalnız tanışlıq deyil, həm də gələcək peşəmiz barədə daha ətraflı fikir formalaşdırmaq üçün bir fürsət oldu.
İnfosessiya AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Nəsibovanın çıxışı ilə başladı. O, Akademiyanın iş istiqamətlərini izah etdi və gənc jurnalistləri üzv olmağa dəvət etdi. Daha sonra Xəbərlər studiyasının direktor müavini Ramilə İsayeva bizə xəbərlərin hazırlanması və verilişlərin efirə çıxması proseslərini nümayiş etdirdi. Studiya içində monitorlar, kameralar və rejissor otağı vasitəsilə xəbər hazırlığının necə təşkil olunduğunu canlı izləmək təcrübəmizi zənginləşdirdi.
AzTV-də hər kəsin işə həvəsli yanaşması, bir-birinə dəstək olması da diqqətimizi çəkdi. Sonra “Qızıl fond”un rəqəmsallaşma mərkəzi ilə tanış olduq. Videokino materiallar şöbəsinin rəisi Fatma Rzaquluqızı mərkəzdə aparılan rəqəmsallaşdırma, rəng korreksiyası və səs bərpası işlərini izah etdi. Köhnə filmlərin bərpası üçün hətta qısa materiallarda belə uzun müddət tələb olunması bizi təəccübləndirdi və işin nə qədər incə bir proses olduğunu göstərdi.
Ekskursiya zamanı “Telesəhər”, “Hədəf” və “Tarixin divanı” studiyaları ilə də tanış olduq. Hər bir studiyanın əməkdaşları bizə açıqlıqla yanaşdı, hər detala diqqət yetirdi və suallarımızı cavablandırdı.
Sonra televiziya aparıcısı və keçmiş diktor Sevda Ağazadə bizə nitq və aparıcılıq üzrə ustad dərsi keçdi. Düzgün tələffüz, artikulyasiya və nəfəs texnikaları barədə məlumat verdikdən sonra praktik məşqlər etdik.
Bu infotur bizə yalnız televiziyanın işini öyrətmədi, həm də gələcəkdə jurnalist olaraq özümüzü bu sahədə görmək arzusu yaratdı. Studiyada işləyən peşəkarları izləmək, bu məkanda bir gün işləməyi düşünmək bizi həvəsləndirdi.
70 illik yubiley ərəfəsində belə bir tədbirin təşkili üçün təşkilati heyətə təşəkkürümüzü bildiririk. Bu infosessiya mənim üçün həm praktik bilik, həm real təcrübə, həm də jurnalistikanın iş prinsiplərini öyrənmək baxımından növbəti təcrübə və çox faydalı oldu.
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)


