Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri, professor Fuad Məmmədovla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Milli Məclisdən verilən məlumata görə, Milli Məclisdə keçirilən görüş zamanı komitə sədri Fuad Məmmədovu Agentliyin Müşahidə Şurasının sədri seçilməsi münasibətilə bir daha təbrik edib, ona bu məsuliyyətli fəaliyyətdə uğurlar arzulayıb.
Görüşdə ictimai iştirakçılıq haqqında qanunvericilik, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı müvafiq qanunlar, Prezidentin fərman və sərəncamlarından irəli gələn məsələlər, eləcə də Agentliyin fəaliyyət təcrübəsi, formalaşmış konstrjktiv ənənələri, qarşıda duran vəzifələr və yeni çağırışlar müzakirə olunub. Komitə sədri bu istiqamətdə komitə ilə agentlik arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşə və səmimi təbrikə görə təşəkkürünü bildirən professor Fuad Məmmədov qarşılıqlı faydalı əməkdaşlığın ümumi işə töhfə verəcəyini deyib. O, bu əməkdaşlığın yalnız Agentliyin Müşahidə Şurası ilə Milli Məclisin müvafiq komitəsi arasında deyil, bütövlükdə vətəndaş cəmiyyəti institutları ilə parlament arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə inandığını bildirib.
Professor Məmmədov birgə fəaliyyətin ictimai maraqların qorunmasına, dövlət–vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafına, habelə qalib Azərbaycanın yeni dövrün reallıqlarına uyğun olaraq beynəlxalq platformalarda layiqincə təmsil olunmasına töhfə verəcəyini bildirib.
Görüşdə Komitə sədrinin müavini Sahib Alıyev iştirak edib.
Görüşün sonunda Komitə sədri Fazil Mustafa müəllifi olduğu yeni kitabları professor Fuad Məmmədov üçün imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


