Qaratel Azəri kimdir? Featured

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Qaratel Azəri - taleyini sözə, sənətə və sevgiyə bağlayan, yaşadıqlarını poeziyanın və nəsrin işığında danışan qadın yazarlarımızdandır. O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şairə, nasir, səhnə və söz adamıdır.

 

Qaratel Fərman qızı Qurbanova Qubadlı rayonunun Qaracallı kəndində dünyaya göz açıb, uşaqlıq və gənclik illərini Aşağı Həmzəlli kəndində keçirib. Qubadlının Çaytumas kənd səkkizillik, Xanlıq kənd tam orta məktəblərində təhsil alıb. Sonralar həyat yolu onu Sumqayıt şəhərinə gətirib və ömrünün böyük bir hissəsi bu şəhərlə bağlanıb.

Sənətə yolu kinodan düşüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino aktyorluğu sənətinə yiyələnib. Onun müəllimləri Azərbaycan səhnə sənətinin görkəmli simaları - Xalq artisti Adil İskəndərov, Kamil Rüstəmbəyov, Muxtar Manıyev və başqaları olub. 1973-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında köməkçi aktrisa kimi fəaliyyətə başlayıb. Üç uşağın anası olmaq məsuliyyəti onu uzun qastrol səfərlərindən uzaq salsa da, teatrla bağını qoparmayıb. Rejissor assistenti kimi səhnə arxasında sənətə xidmətini davam etdirib.

1997-ci ildə müəyyən səbəblərlə teatrdan ayrılıb. Lakin Qaratel Azəri sakit dayanmağı bacarmayıb. İçində illərlə yığılıb qalan sözlər, hisslər, yaşantılar onu qələmlə üz-üzə gətirib. Əvvəllər yalnız özü üçün yazdığı şeir və bayatıları üzə çıxarmağa çəkinirdi. Sonra dostlarının təkidi ilə yazılarını Qubadlıdan olan şair-jurnalist Qafqaz Əvəzoğluna təqdim edib. Elə bu tanışlıqdan sonra onun yaradıcılığı oxucu ilə görüşməyə başlayıb. Qafqaz Əvəzoğlunun təsisçisi və baş redaktoru olduğu “Sözün sehri” qəzetində şeir və bayatıları müntəzəm dərc olunub.

2014-cü ildə ilk şeirlər kitabı olan “Xəyallarla keçən ömür” işıq üzü görüb. Ardınca 2016-cı ildə “Mən də bu ünvana gəldim” kitabı çap olunub. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Vaqif Yusifli yazıb və Qaratel Azərini çağdaş qadın yazarları arasında fərdi deyim tərzi, həyata özünəməxsus baxışı ilə seçilən şairə kimi dəyərləndirib.

2018-ci ildə nəşr olunan “Dünya kimə qal dedi ki...” kitabına isə filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Avtandil Ağbaba ön söz yazıb. O, Qaratel Azərinin poeziyasında daxili hisslərin təbii, zorlanmamış şəkildə ifadə olunduğunu vurğulayıb, məhəbbətin “şirin ağrı-acılarının” ağ vərəqlərə hopduğunu qeyd edib.

2021-ci ildə işıq üzü görən “Gözlərimi sənsizliyə öyrətdim” kitabı da yenə Vaqif Yusiflinin dəyərli fikirləri ilə oxucuya təqdim olunub. Professor Qaratel Azərinin artıq müasir poeziyada öz imzasını tanıtdığını, fərdi üslubunu formalaşdırdığını və lirik nəğmələr müəllifi kimi seçildiyini vurğulayıb.

2023-cü ildə isə müəllif nəsrdə də sözünü deyib. “Haşıyələrdən boylanan sevgi” adlı povesti oxucular tərəfindən maraqla qarşılanıb. Birnəfəsə oxunan bu əsər insan talelərinə güzgü tutur, həyatın görünməyən haşiyələrindən boylanan hissləri işıqlandırır. Burada aydın olur ki, sənədlə adı Qaratel olan xanımı uşaqlığında Şərqiyyə adı ilə çağırıblar. O, keşməkeşli həyatında üzləşdiyi hadisələri bu xatirə-povestində olduğu kimi, ibrətamiz şəkildə əks etdirib. Nəticə etibarilə, müəllif çoxlu haşiyədən ibarət ömür hekayəsi ilə oxucuya özünü daha yaxından tanıda bilib.

2025-ci ildə çap olunan “Sevgi bir oddur ki...” kitabı isə Qaratel Azərinin yaradıcılıq fəlsəfəsini bütövlükdə ifadə edir. Müəllifin öz sözləri ilə desək, sevgi varsa, yanmaq da var. Yəni, ata-ana sevgisi, övlad sevgisi, Vətənə, torpağa, yara məhəbbət varsa, odda yanmalısan. Odsuz sevmək mümkün deyil.

Bəli, həyat bu dəyərli qələm sahibinə iki oğul, bir qız, beş nəvə və iki nəticənin də sevincini bəxş edib. Bu sevinc onun sözünə istilik, qəlbinə dözüm qatıb.

Qaratel Azəri üçün söz - sadəcə ifadə vasitəsi deyil, yaşanmış ömrün, yanmış qəlbin, susmayan ruhun səsidir. Onun yaradıcılığı da elə bu səsin oxucuya ünvanlanan səmimi etirafıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.